Önəmli

Tanınmışlar facebookda nə qədər vaxt keçirirlər?

Tanınmışlar facebookda nə qədər vaxt keçirirlər?Aysel Əlizadə: “Facebook sevinc hormonlarını artırır”

Elxan Şahinoğlu: “Facebook kimin kim olduğunu müəyyənləşdirməyə imkan verir”

İlhamiyyə Rza: “İşğüzar həyatımızın çox böyük hissəsi facebookda keçir”

Sosial şəbəkələr artıq həyatımızın bir parçasına çevrilib. Bəzən virtual həyatda yaşadıqlarımız, yazışmalarımız, etdiyimiz müzakirələr real həyatı geridə qoyur.

Artıq insanlar ömrünün böyük bir qismini sosial şəbəkələrdə keçirir. Bəzi Avropa ölkələrində twitter sosial şəbəkəsi populyar olsa da, Azərbaycanda facebookdan daha çox istifadə olunur. İnternet istifadəçiləri arasında sosial şəbəkənin aludəçilərinə çevrilənlər də var, facebookdan iş məqsədilə istifadə edənlər də…

Bəs görəsən, Azərbaycanda facebook istifadəçiləri olan tanınmış ictimai xadimlər bu sosial şəbəkədə nə qədər zaman keçirirlər? Onlar facebookdan nə qazanırlar, nə itirirlər?

Musavat.com bu suallarla müxtəlif sahələrdə çalışan tanınmışlar arasında sorğu keçirib.

Gənc yazar Aysel Əlizadə deyir ki, bəzən facebookda çox vaxt itirir, ancaq sosial şəbəkənin onun üçün üstünlüyü də çoxdur: “Facebook sevinc hormonlarını artırır. Orada çoxlu dostlar qazanmışam, bir anda böyük bir şəbəkə ilə əlaqə qurmaq imkanım var. Sosial problemlər haqqında statuslar paylaşıram, yazılarıma yeni oxucular qazanıram. Maraqlı paylaşımları izləyirəm, xəbərlər oxuyuram.

Evdə oturarkən belə, nə qədər olaydan xəbər tuturam, insanlarla ünsiyyətdə oluram. Üstünlükləri çoxdur. Biz artıq nano texnologiya əsrində yaşayırıq. Kiçik zərrələrlə, lokal mexanizmlə böyük effekt alma dönəmidir. İnternet, sosial şəbəkə sürətin effekt göstəricisidir. Amma gərək hər şeydə olduğu kimi, bunda da asılılığa düşməyəsən”.

Politoloq Elxan Şahinoğlu da facebookdan daha çox iş məqsədilə istifadə etdiyini bildirdi: “Bilgisayarım açıqdırsa, demək, facebookdakı səhifəm də açıqdır. Facebook mənim üçün ikitərəfli rabitə deməkdir. Birincisi, facebook üzərindən düşüncələrimi, analizlərimin əsas tezislərini, müsahibələrimi yayıram. Məqsəd bu yolla daha geniş auditoriyaya çıxış imkanı qazanmaqdır. Olub ki, facebook vasitəsilə maraqlı təkliflər almışam. İkincisi, facebook üzərindən mediada çalışan dostlarımın suallarına cavab verirəm ki, doğrusu, işimin ən ağrılı tərəfi də elə budur. Çünki qəzetlərlə yanaşı, onlarla sayt var ki, gündə elə bu qədər də suala cavab vermək məcburiyyətindəyəm. Ancaq bu, mənim işimdir”.

Politoloq deyir ki, facebookun üstün cəhətlərindən biri də, statuslar və müzakirələr vasitəsilə insanları, onların baxışlarını öyrənməkdir: “Açıq deyim ki, məhz facebookdakı statuslar və müzakirələr vasitəsilə mən bəzi insanları tanımaq imkanı əldə etdim. Facebook mənim üçün insanları sistemləşdirməyə, kimin, kim olduğunu müəyyənləşdirməyə imkan verdi. Çox status yazmaq, çox fikir bildirmək, çox münasibət bildirmək bəzən müxtəlif münaqişələrə, şəxsi qərəzə gətirib, çıxarır.

Təəssüf ki, facebookda bəzən sözün çəkisinin aşağı endiyini görürəm, söyüş və təhqirin miqyası artıb. Sağlam, konsturktiv müzakirələrin meydanı sanki bir az daralır. Bir qrup facebookda lazım bildiyi, beyninin süzgəçindən keçirdiyi fikri yazır, digərləri isə nə gəldi yazırlar ki, bu da bəzən şəxslər və qruplar arasında toqquşmalara gətirib çıxarır.

“Facebookda nə gəldi, yazım” prinsipi mənə yaddır. İnsanların fikrini bəyənməyə bilərəm. Ancaq bunu etik davranış çərçivəsində yazıram ki, mənasız və lüzumsuz müzakirələrə qoşulmayım. Bir sözlə, facebook vasitəsilə dost itirmək yox, dost qazanmağa çalışıram”.

Musavat.com saytının redaktoru Xalid Kazımlı bildirdi ki, sırf peşə fəaliyyəti ilə bağlı facebookda çox vaxt keçirir: “Hər gün səhər işə gələndə ilk açdığım saytlardan biri də facebookdur. Faceook mənim üçün ilk növbədə informasiya mənbəyidir. Müxtəlif saytların paylaşımları və mötəbər mənbə hesab etdiyim şəxslərin, politoloqların, ekspertlərin, jurnaslitlərin statuslarında maraqlı məlumatlar olur. Bundan əlavə, facebook dostlarla, həmkarlarla polemika aparmaq və yazışmaq üçün əlverişli məkandır. Bundan da istifadə edirəm. Ancaq gərgin iş rejimində çalışdığım üçün çox vaxt ayıra bilmirəm.

Facebookun mənfi cəhətləri də az deyil. Buna aludə olduqda insanın iş əmsalı aşağı düşür. Facebook insanın vaxtını sümürür, özün də hiss etmədən hansısa bir yazıya ayıracağın vaxtı mənasız bir polemikaya sərf edirsən. Bu baxımdan, insan özünə limit qoymalıdır və müəyyən etməlidir ki, işdən sonra facebooka nə qədər vaxt sərf edəcək”.

İlahiyyaçı Elşən Mustafaoğlu qeyd etdi ki, sosial şəbəkələr gündəlik həyatımızın reallığı, real həyatımızın ayrılmaz hissəsidir: “Facebookdan istifadə ilə bağlı konkret zaman demək bir az çətindir. Amma gün ərzində müntəzəm aktiv oluram. Sosial şəbəkə ilə sıx əlaqə bir tərəfdən bilavasitə çalışdığım işlə bağlıdır, digər tərəfdən isə dostlarla, tanışlarla, həmkarlarla praktik ünsiyyət vasitəsi kimi olduqca əlverişlidir. Həyat belədir ki, həmin şəxslərlə hər gün canlı görüşmək olmur, amma sosial şəbəkələr vasitəsilə virtual əlaqələr bu boşluğu müəyyən mənada, doldura bilir. Ən azından, hal-əhval soruşa bilirik, bir-birimizdən xəbər tuturuq. Üstəlik, sosial şəbəkələr əlverişli fikir mübadiləsi meydanıdır.
Burada fikirlərlə bölüşmək, müxtəlif görüşlərlə tanış olmaq, maraqlı müzakirələrdə iştirak etmək fürsəti qazanmış oluruq. Bu əsnada yeni bilgilərlə, fikirlərlə, ideyalarla bərabər, yeni dostlarla da tanış olmaq mümkün olur. Zənnimcə, yerli-yerində istifadə edildikdə, itiriləcək bir şey olmur. Qazandığımız isə operativ, canlı təmaslar, informasiyalar, hətta bəzən yeni dostlar-tanışlar və elə hazırda qurduğumuz ünsiyyətlərdir”.

Tanınmış telejurnalist İlhamiyyə Rza facebookdan əsasən iş məqsədilə istifadə etdiyini bildirdi: “Mən facebooka xüsusi vaxt ayırmıram. Facebook mənim iş kompüterimdə digər işlərimlə paralel olaraq həmişə açıqdır. Hər 10 -15 dəqiqədən bir baxıram, nəsə maraqlı olan bir yenilik varsa, onu oxuyuram. Facebookun sayəsində gün ərzində baş verən bütün hadisələrdən xəbərdar oluram. Digər tərəfdən, mənim bütün işim facebook üzərindəndir. Mən yazılarımı burada paylaşıram, mətbuatı facebook vasitəsilə izləyirəm. Burada gedən maraqlı müzakirələrə qatılıram. Hər birimizin ətrafında hədəf qrupları var. Tanınmış insanların facebookda da bir auditoriyası olur. Onlarla əlaqə yaratmaq üçün də facebook çox önəmli vasitədir.

Facebookun piar sahəsində də rolu böyükdür. Hazırda sosial şəbəkələrsiz PR və marketinq işi mümkün deyil. Mənim də təmsil olunduğum 125-lər klubunun əsas müzakirələrini, təşkilatçılıq işlərini facebook üzərindən həyata keçiririk. Bir sözlə, işğüzar həyatımızın çox böyük hissəsi facebookda keçir”.

Nərgiz Liftiyeva

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button