Önəmli

Məhbusdan Elçin Behbudova sensasion ittihamlar

Məhbusdan Elçin Behbudova sensasion ittihamlarHazırda ümumi rejimli cəzaçəkmə müəssisəsində çəza çəkən Süleyman Nazim oğlu Süleymanov kütləvi informasiya vasitələrinə müraciət edib.

Bir nüsxəsi də virtualaz.org saytının redaksiyasına göndərilən həmin müraciətin bir surəti də İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova ünvanlanıb.

Xəzər Rayon Məhkəməsinin (hakim Z.Axundova) 21.10.2014-cü il tarixli hökmü və Cinayət Məcəlləsinin 221.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş S.Süleymanovun həmin müraciətini nöqtə-vergülünə toxunmadan təqdim edirik:

* * *

“Hörmətli KİV nümayəndələri!

Yazaraq diqqətinizə çatdırıram ki, 2007-ci il tarixdən 2014-cü il tarixinədək İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşı, fəal üzvü, son 4 ilə yaxın müddətdə isə komitə sədri Elçin Behbudovun köməkçisi olmaqla hüquq müdafiəçisi kimi yetişib fəaliyyət göstərmişəm.

Hansı mühitdə olmağımdan asılı olmayaraq hər an dövlətin maraqlarını hər bir şeydən üstün tutub ulu öndərimiz, ümummilli liderimiz mərhum Heydər Əliyev cənabları tərəfindən əsası qoyulmuş və hazırkı dövlət başçımız tərəfindən layiqincə davam etdirilən siyasi kursu dəstəkləyib dövlətə və dövlətçiliyə sadiq bir vətəndaş olmuşam.

Qeyd edim ki, 2013-cü ilin sonları-2014-cü ilin əvvəllərində vətəndaşlar Əfəndiyeva Brilyant və Mayılova Esmira mənim vasitəmlə komitə sədri E.Behbudova yazıb müraciət edərək bildiriblər ki, Alim və Rafiq adlı polis əməkdaşları onlara DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsində ayrı-ayrı tarixlərdə guya işgəncə verib və hər iki şəxsdən 2000 (iki min) manat alaraq sərbəst buraxıblar.

Təbii ki, bu fakt öz təsdiqini tapmamış, vətəndaşlar Əfəndiyeva və Mayılovanın şər və böhtan xarakterli ərizələri ifşa edilmiş, onların pis yolun yolçuları olması üzə çıxmışdı. Belə ki, Əfəndiyeva barəsində cinayət işi qaldırılıb və o, məhkəmənin hökmü ilə cəzalandırılıb. Mayılova barəsində isə istintaq hərəkətləri aparıldığından heç bir məlumata malik deyiləm.

Adlarını qeyd etdiyim hər iki vətəndaş 19 fevral, 2014-cü il tarixdə DİN Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) 1-ci polis bölməsinə barəmdə şər və böhtan xarakteri daşıyan ərizə ilə müraciət edib, polis əməkdaşlarına cinayətkar olduğumu bildirib və mələk donuna girərək polis əməkdaşlarında mənə qarşı mənfi rəy formalaşdırıblar. Şikayət əzrizələrində göstəriblər ki, mən onların barəsində qaldırılmış cinayət işini bağlamaq üçün B.Əfəndiyevadan 28 dekabr, 2013-cü il tarixdə guya 2000 (iki min) manat, rəfiqəsi E.Mayılovadan 30 yanvar, 2014-cü il tarixdə 1600 (bir min altı yüz) manat almışam. Guya 19 fevral, 2014-cü il tarixdə hər iki rəfiqə aldandıqlarını bilib və məndən pullarını tələb etdikdə mən Esmiranı döymüşəm, əlində olan çantasını əlindən alıb qaçmışam, çantada da 2065 (iki min altmış beş) manat olub. Məhz bu tip şikayət ərizəsinə əsasən təhqiqat başlanıb və ilaxır.

Maraqlısı odur ki, barəmdə qaldırılmış saxta və qurama cinayət işinin aparılması və araşdırılması adını qeyd etdiyim Alim adlı polis əməkdaşının yaxın qohumu olan polis müstəntiqi Neman Şirinova həvalə edilmişdi. Baş verənlərin təsadüf olmasına yalnız sadəlövh insanlar inana bilər. Bununla mən hüquq-mühafizə orqanlarının iş fəaliyyətini şübhə altına almır və ictimaiyyətdə olan yüksək nüfuzuna ləkə salmıram. Hüquq-mühafizə orqanlarında kifayət qədər dürüst, vicdanlı və peşəkar məmurlarımız var və inanıram ki, bu müraciətlərimdən sonra lazımi işlər görülərək qanun çərçivəsində ölçülər götürüləcək.

Qeyd edim ki, mənim dövlətə və sevərək özümüzə dövlət başçısı seçdiyimiz prezidentə inanc və güvəncim tükənməzdir. İnanıram ki, hüquq öz yerini tapacaq və ədalət zəfər çalacaq.

Sadaladığım məsələlərdən Elçin Behbudovun xəbəri olub. Ona əlavə olaraq yazılı şəkildə müraciət edərək hüquqlarımın qorunmasında mənə köməklik göstərməsini, aidiyyəti orqanlara müraciət edib məsələni diqqətdə saxlamasını xahiş etmişəm. Əfsuslar olsun ki, Elçin Behbudov bir hüquq müdafiəçisi olaraq nə məni müdafiə edib, nə də məsələnin ədalətli araşdırılması üçün aidiyyəti orqanlara müraciət edib. Əksinə, hər vəchlə bu məsələləri gizlətməyə cəhd edib.

Mən şər və böhtanın qurbanı olaraq ədalətsiz yerə həbs edildiyimə baxmayaraq dövlətə olan sədaqətimi və sevgimi hər şeydən üstün tutaraq susdum. Elçin Behbudovun məni müdafiə edəcəyinə, haqq səsimi aidiyyəti qurumlara, nazirliklərə çatdıracağına inandım. Lakin yanıldım. Elçin Behbudov dövlətimizə müxalif olan, dövlətimizin imicinə beynəlxalq arenada ləkə gətirmək istəyən, bu dövlətin çörəyini yeyib, suyunu içib sonradan üzünə ağ olan dırnaqarası vətəndaşları müdafiə edirmiş.

Hörmətli KİV nümayəndələri!

Əminəm ki, siz bu dövlətin çörəyini yeyib, suyunu içib haqqı itirməyənlərdənsiniz və Elçin Behbudov personajından fərqli olaraq mənim haqq səsimi aidiyyəti orqanlara, rəhbər şəxslərə çatdıracaqsınız. Ulu öndərimizin, ümummilli liderimizin məşhur ifadələrindən birini diqqətinizə çatdırmağı özümə borc bilirəm: “Ədalətsizliklə ədaləti bərpa etmək olmaz”.

Sizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm.

İmza: Süleymanov Süleyman Nazim oğlu

22.01.2015-ci il”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button