Ancelina Coli İŞİD-ə lənət yağdırdı: \”13 yaşlı zorlanmış qızlar…\”
İraqa səfər edərək suriya və iraqlı qaçqınlarla görüşən aktrisa Ancelina Coli səfər təəssüratları ilə bağlı “The New York Times”qəzetinə məqalə yazıb.
“Qafqazinfo” xəbər verir ki, Coli “Qaçqınların əzablarının yeni pilləsi” adlı məqaləsində artıq beşinci dəfədir ki, bu bölgədə olduğunu, lakin heç bir zaman bu qədər acınacaqlı durumla qarşılaşmadığını vurğulayıb:
“Uzun illər boyu mən bu cür düşərgələri ziyarət edirəm və hər dəfə insanların hekayələrini dinləyirəm, sonra kömək etməyə, təskinləşdirici bir şey deməyə və ya həmrəylik göstərməyə çalışıram. Lakin budəfəki səfərdə mən danışmaq qabiliyyətimi itirdim.
Azadlığımızı evlərimiz, qəzetlərimiz və təşkilatlarımızda qorumaq kifayət deyil. Biz onları Yaxın Şərqdəki qaçqınlar düşərgəsində və kabuslar şəhərinə çevrilən dağıdılmış Suriya şəhərlərində də qorumalıyıq”.
Müəllif 4 illlik müharibə dövrü ərzində 23 milyonluq Suriya əhalisinin yarısının öz evlərini tərk etdiyini, İraq isə iki milyondan çox insanın münaqişə və ekstremist qüvvələrin əlindən qaçdığını xatırladıb:
“Siz qızı “İslam Dövləti”nin (İŞİD-red.) əlində olan və özü də ora getmək istədiyini deyən gözü yaşlı anaya nə cavab verə bilərsiniz? O hətta döyülərsə, təcavüz edilərsə belə qızı olmadan yaşamaqdansa bunun daha yaxşı olduğunu deyirsə… Üzünüzə baxaraq ailəsini gözünün qarşısında öldürüldüyünü və hazırda çadırda minimal bir qida ilə tək yaşadığını deyən sizinlə həmyaşıd bir qadınla nə danışa bilərsiniz?
Ən çətini böyüklərlə bərabər dəhşətlər yaşayan uşaqlarla ünsiyyətdə olmaqdır. Siz terrorçuların hücumu zamanı digər uşaqlarla birgə döyüşçülər tərəfindən zorlandığını və bunu görən qardaşının dözməyərək özünü öldürməsini təsvir edən 13 yaşlı qıza nə cavab verə bilərsiniz?
Sonuncu çadırda səkkiz uşaqlı bir ailə ilə qarşılaşdım, valideynləri yox idi. Atası ölmüş, anası isə yoxa çıxmışdı. Böyük qardaşın 19 yaşı vardı, bacılarına baxan yeganə şəxs idi. Mən ona bunun böyük məsuliyyət olduğunu deyəndə o sadəcə gülümsədi və bacısını qucaqladı. Yaşından tez böyüməyə məhkum olan bu uşaq mənə dedi ki, bacıları sağ olduğu üçün Allahına minnətdardır”.