Önəmli

Lamiyə Quliyevanın vəkilindən heyrətamiz açıqlama

Lamiyə Quliyevanın vəkilindən heyrətamiz açıqlamaFəxrəddin Mehdiyev müvəkkilinin üzləşdiyi qanunsuzluqlardan, məhkum qadının və övladının həyatına təhlükədən danışdı

Məhkum Lamiyə Quliyevanın 2014-cü ilin oktyabrında saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində ana olması biabırçı durumu ortaya çıxarıb. Özlüyündə bir qadın məhkumun ana olması dövlətin insan haqlarına hörmətlə yanaşmasının, insanların həbsdə belə şəxsi həyatlarının davamlılığına qarant durmasının göstəricisidir. Təəssüf ki, Lamiyə Quliyevanın düşdüyü, daha doğrusu salındığı durumda bu qiymətləndirmə keçərli deyil. Danışan hər kəs bir fikir yürüdür, amma reallıqda başqa durumu yaşandığını göz önündədir. Yetər ki, tərəfsiz olaraq deyilənlərə diqqət yetirilsin.
***
Yanvarın 28-də Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev müvəkkilinin adından açıqlama yaydı.
Həmin açıqlamada L.Quliyevanın adından belə bir fikir yer alırdı.
Sitat: “Apelyasiya məhkəməsi ilə bağlı mən Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılırdım və o zaman orada istintaqı aparılan, həbsdə saxlanılan bir şəxslə öz istəyimlə görüşdüm. Həmin şəxs uşağımın atasıdır”.
Normalda L.Quliyevanın məhkum olaraq belə bir açıqlaması olmazdı. O səbəbdən ki, mətbuat hansısa bir məhkumun ana olmasına bunca maraq göstərməzdi. Mətbuatın mövzuya diqqəti bir qadın məhkumun dəfələrlə zorlanması haqda mətbuatın illər öncə yazdığı, bu günə qədər ittiham edilən tərəfin – Aslan Aslanovun həmin məlumatları təkzib etməməsindən qaynaqlanır. Üstəlik, Aslan Aslanovun oğlunun qətlinə görə Lamiyə Quliyeva və onun keçmiş nişanlısından, ömürlük həbsdə olan Vüqar Əliyevdən yorulmadan, illərin ötməsinə baxmadan qisas almaqda davam edir. Lamiyə Quliyevanın həbsdəykən 2 dəfə məhkəmə qarşısına çıxarılması, 10 illik həbs müddətinin 5 il 6 ay artırılması da təsadüf deyil. Aslan Aslanov faktiki olaraq Azərbaycan dövlətinə meydan oxuyur. Məhkəmələrin qanunsuz qərarlar verməsinə gətirib çıxaran işlərə rəvac verir. Mətbuatın mövzunu davam etdirməsi də buradan qaynaqlanır.
Bu səbəblər bizi məhkum L.Quliyevanın məhbəsdən vəkili vasitəsi ilə ictimaiyyətə ünvanladığı fikirlərin diqqətlə nəzərdən keçirməyə, onun durumunu göz altına alıb vəkili ilə bir daha dəqiqləşdirmə aparmağa sövq etdi.

– Fəxrəddin müəllim, müvəkkiliniz həmin açıqlamanı sizə kimin vasitəsi ilə çatdirdi?
– Srağagün (yanvarın 27-də) telefon vasitəsi ilə əlaqə saxladı.
– Siz nə vaxtdan onun vəkilisiniz?
– Mən ona 3-cü dəfə cinayət işi başlananda vəkil olmuşam.
– Bu nə vaxt olub?
– 2013-cü ildə. Xətai Rayon Məhkəməsində Lamiyənin hüquqlarını müdafiə etmək üçün müqavilə bağlandı. Sonra Apelyasiya Məhkəməsi zamanı müqavilə yeniləndi. Ali Məhkəmədə də bir də müddəti artırdıq.
– Həmin vaxt aranızda bağlanan müqavilənin müddəti bitməyib?
– Yox. Ali Məhkəmədən sonra qərara gəldik ki, müqavilə davamlı olsun.
– Nə cinayət işi idi? Lamiyənin barəsində 3-cü dəfə cinayət işi hansı maddə ilə başlanmışdı?

– Cinayət Məcəlləsinin 182-ci – hədə-qorxu ilə tələb etmə maddəsi ilə ilə cinayət işi başlamışdılar. İttihamın əsasını bir qadın məhkumun yalnız ifadəsi təşkil edirdi. Güya Lamiyə hədə-qorxu ilə ondan pul tələb edib.
– Həbsdə olan qadın məhkumdan pul tələb etmə nə dərəcədə inandırıcıdır?
– Əsassız, qondarma ittiham idi. Məhkəmələr də müvafiq qərar verdilər.
– İşə hansı məhkəmələrdə baxıldı?
-Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimov baxdı və bəraətverici əsaslarla hökm verdi.
– Həmin hökmdən şikayət oldu?
– Prokurorluq protest verdi, iş Bakı Apelyasiya Məhkəməsinə göndərildi. Hakim Sahibxan Mirzəyev həmin hökmü ləgv edib Lamiyə Quliyevanın cəzasını 6 il 6 ay artırdı. Ali Məhkəmədə hakim Hafiz Nəsibov Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edib birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxladı.
– Bu ittihamın əsasını təşkil edən ifadənin Aslan Aslanovun sifarişi ilə verildiyi və ya alındığı deyilir. Proses zamanı sifarişin varlığını ortaya qoyan məqamlar oldu?
– Lamiyənin təqsirləndirilməsinə dair cinayət işlərinin başlanması, ardıcıllığı, intervalları göstərirdi ki, bu ittiham edilənə qarşıdır. Onun psixoloji cəhətdən sındırılmasına yönəlmiş, hesablanmış addımlar idi. Cinayət işinin başlanması, işdəki xüsusiyyətlər ona dəlalət edirdi ki, bu hesablanmış addımlardır.
– Prokurorluğun protesti nə dərəcədə əsaslı idi?
– O iş bir qadın məhbusun ifadəsinə əsaslanırdı. İttiham Xətai Rayon Məhkəməsində təkzib olundu. Hakim İbrahim İbrahimlinin hökmü ədalətə əsaslanan, haqqın bərpasına yönələn, bir qadın məhkumun günahsızlığını təsdiq edən hökm idi. İttihamın əsassızlığını tamamilə ortayan qoyan hökm idi. Bakı Apelyasiya Məhkəməsində isə biz qərəzli, zərərçəkənin qaranlıq və ziddiyyətli ifadələrinə əsaslanan qərarın verilməsinin şahidi olduq. Ali Məhkəmə isə haqqı bərpa etdi.
– Lamiyə Quliyeva ilə sonuncu dəfə nə vaxt görüşmüsüz?
– 2 ay əvvəl.
– Yanına nə vaxt gedəcəksiz?
– Penitensiar Xidmətə müraciət etmişəm və icazə verilən kimi gedəcəyəm.
– Bu işlə bağlı sizə təzyiq, təhdid var?
– Birbaşa yoxdur.
– Ümumilikdə var?
– Birbaşa yoxdur.
– Fəxrəddin müəllim, müvəkkilinizin müraciətini mətbuata təqdim etdiniz. Siz təcrübəli vəkil kimi ən müxtəlif şəxslərin müdafiəçisi kimi Bakı İstintaq Təcridxanasında yüz dəfələrlə olmusunuz. Orada bir qadın məhkumun kişi məhkumla görüşməsinin, həm də bu görüşün uşaq dünyaya gətirilməsi ilə nəticələnməsinə gətirib çıxarmasının mümkünlüyünə inandınız?
– Mən Lamiyənin fikirlərinə şərh verə bilmərəm. Mən müvəkkilimin fikirlərini ictimaiyyətə çatdırmışam. Bildiyim budur ki, məsələ Penitensiar Xidmətin təhqiqat şöbəsi tərəfindən araşdırılır. DNK verilib. Qaldı ki, belə bir hal mümkündür, mümkün deyil, təbii ki, mən bunu şərh edə bilmərəm.
– Müvəkkiliniz Lamiyə Quliyevanın məsələsini kənara qoyaq. BİT-də kişi məhkumla qadın məhkumun uşaq dünyaya gətirilməsinə gətirib çıxaran görüşünün olması mümkündür?
– Bu texniki prosedurlar baxımından çox çətin məsələdir. Ona görə də bunu söyləmək də çətindir.
Vəkil müvəkkilinin, onun dünyaya gətirdiyi övladının həyatına təhlükə olub-olmaması ilə bağlı suala belə cavab verdi: “Penitensiar Xidmətə məktubla müraciət etmişəm, cavab verilən kimi gedib görüşəcəyəm. Yəqin ki, yaxın günlərdə görüşümüzə şərait yaradılar və bütün məsələlərə, suallara aydınlıq gətirilər”.

Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, 15 yaşında həbs olunan məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi. Belə iddialar var ki, L.Quliyevanın həbs müddəti A.Aslanovun sifarişi ilə uzadılıb.

E.MƏMMƏDƏLİYEV

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button