Önəmli

“Əsl tamaşa İŞİD Qafqaza girdikdən sonra başlayacaq”

“Əsl tamaşa İŞİD Qafqaza girdikdən sonra başlayacaq”İraqlı politoloq terror qruplaşmasının yaxın və uzaq hədəflərindən danışdı

Ramazan Osmanov: ““İslam dövləti”nin bütün addımları onların məhz 3 dövlət tərəfindən idarə edildiyini sübut edir”

“Bütün dünyanı “İslam dövləti” ilə qorxudan Vaşinqton, Suriya və İraqı işğal etmək üçün rəsmi haqq qazanır”

Ötən ilin yayı bütün dünya üçün gözlənilməz bir apokalipsisin gəlişi ilə yadda qaldı. Dünya \”Taliban\”, \”ərəb baharı\” və Suriya konfliktindən özünə gəlməmiş, yeni bir terrorçu təşkilat \”İraq və Şam İslam Dövləti\” (İŞİD) meydana çıxdı. Təbii ki, onların müsəlman olması Qərb mətbuatı tərəfindən İslamın necə bir \”dəhşətli, adamyeyən din\” olması barədə materialların həvəslə verilməsi ilə müşayiət olundu.

Əfqanıstanda hakimiyyətə gəlmiş \”talib\”lər qədim mağara tipli dövlət qurmağı planlaşdırır, onlar özlərinə aid olmayan ərazilərə keçmir, konkret sərhədlərlə kifayətlənir, ümumdünya cihadına çağırış etmirdilər. Üstəgəl, onlar Əfqanıstandakı narkotik kollarını, demək olar ki, tam məhv etmiş, hətta qonşularla münasibətlərini düzəltməyə belə cəhd edirdilər. \”İŞİD\” (hazırkı adı \”İslam dövləti\”) isə, bir çox politoloqların fikrincə, bütün Yaxın Şərqə, Qafqaza və Avropanın yarısına iddia edən, dünya ideoloji ağalığına iddia edən böyük bir beynəlxalq proyektdir.

Bu proyektin arxasında kimin durduğu barədə, hansı dövlət tərəfindən maliyyələşməsi barədə müxtəlif versiyalar var. Bəziləri bunun ABŞ olduğu, digərləri Səudiyyə Ərəbistanı olduğunu irəli sürürlər. Məsələn, bir müddət əvvəl \”İslam dövləti\” terror təşkilatının liderlərindən birinin ABŞ-dan maliyyə dəstəyi aldıqlarını etiraf etməsi barədə xəbər yayıldı.

Bu barədə Pakistanın \”Tribune\” qəzeti məlumat yaydı: \”Yanvarın 22-də Lahorda həbs edilən Yusif əl-Sələfi dindirmə zamanı etiraf edib ki, Pakistanda qruplaşma yaratmaq və Suriyada hərbi əməliyyatlara gəncləri cəlb etmək üçün Birləşmiş Ştatlardan maliyyə vəsaiti alıb. Onun sözlərinə görə, terror təşkilatına cəlb edilən hər yeni adam üçün 600 dollar verilib\”.

Bu kimi məlumatların ara-sıra yayılması nəzərləri ABŞ-a çevirsə də, konkret faktların olmaması və ABŞ-ın özünün yaratdığı uşağı niyə bombalaması barədə suallar bu məsələdə hələ heç də hər şeyin açıq olmaması qənaətini yaradır. Beləliklə, \”Bizim Yol\” əməkdaşı \”İslam dövləti\” terror təşkilatının arxasında kimlərin dayanması məsələsini əslən MDB ölkələrindən olan, hazırda İraqda yaşayan kürdəsilli politoloq Ramazan Osmanovla müzakirə edib.

– Cənab Osmanov, Sizcə, dünyaya çoxları üçün gözlənilməz olaraq gələn və qısa bir müddət ərzində İraq və Suriyada neftlə zəngin rayonları ələ keçirməyə nail olan terrorçu \”İslam dövləti\”nin uğurunun kökündə nə dayanır?

– Məsələ burasındadır ki, İraqın parçalanması məsələsində bir çox xarici qüvvələrin iştirakı danılmazdır. Münaqişə başlayan zamandan indiyə qədər bu qüvvələr öz maraqlarına oynadılar ki, nəticədə böyük bir dövlət faktiki olaraq parçalanmış duruma gəldi. Baxın: İran həmişə şiələri, Səudiyyə Ərəbistanı və Qətər sünniləri, amerikalılar kürdləri dəstəklədiyi halda, dövlətin vahidliyi barədə necə danışmaq olar? Belə yarıtmaz siyasi oyunların nəticəsində hazırkı İraq ərazisində xeyli radikal qruplaşmalar yarandı ki, müəyyən zaman kəsiyində \”İslam dövləti\” dini ideologiya altında və yeni hədəflərin yaranması fonunda onları özünə ram edə bildi və gücləndi. Əvvəlcə terrorçu təşkilat İraq və Livan ərazisi ilə məhdudlaşırdısa, bir-biri ilə mübarizə aparan təşkilatları öz iradəsinə tabe etdirməklə yeni iddialarda bulundu, yeni hədəflər seçdi və faktiki olaraq, dünyanın yarısına ağalıq etmək xülyasına düşdü.
– Bəzi ekspertlər \”İslam dövləti\”nin yaranması və sürətlə güclənməsinin arxasında Vaşinqtondakı qüvvələrin olduğunu iddia edirlər. Sizcə, amerikalıların bu məsələyə hansısa aidiyyəti varmı?
– Amerikalılar Yaxın Şərqdə çoxdan, sanki laboratoriyalardakı ağ siçanlar üzərində olduğu kimi, təcrübələr keçirlər. Əgər rəsmi diplomatiya dilini bir kənara qoysaq, faktiki olaraq, İraq mahiyyət etibarı ilə \”təcrübə dovşanıdır\”. Bu \”dovşan\” üzərində təcrübə qoyan \”alim\” alınan nəticə ilə kifayətlənmək fikrində deyil. ABŞ-ın strategiyası təxminən 50 il əvvəl, bu günlər üçün hazırlanıb ki, onun da əsas hədəfi Böyük Yaxın Şərqdir.
– Onda amerikalılara, növbəti addımları nə olacağı bəlli olmayan, məntiqli analiz çərçivəsinə sığmayan \”İslam dövləti\” nəyə lazımdır? Axı məlumdur ki, Yaxın Şərq regionunda ABŞ-ın qüvvəsi və nüfuzu heç də hazırkı \”İslam dövləti\”ndən az deyil…
– Yaxın Şərqin yenidən biçilməsi siyasətini həyata keçirən rəsmi Vaşinqton özünün ənənəvi metodundan istifadə etdi. Ağ Evə sərf etməyən, tam müstəqillik nümayiş etdirmək istəyən rejimlər Tunisdə, Liviyada, İraqda və Misirdə məhv edildi və bu ölkələrdə, sırf ABŞ siyasətinə uyğun \”demokratik dəyərlər\” yeridilməyə başladı.
Demokratiyanın zor gücü ilə yeridilməsi, prinsip olaraq mümkün deyil. Demokratiya hər bir ölkənin cəmiyyətində yavaş-yavaş yetişməli olan bir prosesdir. Ona görə də birdən-birə yuxarıda adı çəkilən rejimlərin məhvi gözlənilən nəticəni vermədi və rəsmi Vaşinqton digər təzyiq rıçaqlarını işə saldı. Məlumdur ki, ABŞ açıq şəkildə öz ordusunu yeritməklə Yaxın Şərqin reorqanizasiyasına, onun sərhədlərinin dəyişilməsinə gedə bilməz. Bu, hətta super dövlət üçün də ağ olar və böyük xərclər tələb edərdi. Dünyadakı iqtisadi böhran zamanında isə bunu Amerika seçiciləri bağışlamaz, büdcəyə baha başa gələ bilər, Vaşinqton kütləvi qan axıtmaqda birbaşa ittiham edilə bilər və beynəlxalq imicinə zərbə ala bilərdi.
Nə qalır? Ən yaxşısı, bütün irimiqyaslı planları başqa qüvvələrin əli ilə həyata keçirməkdir. Və birdən-birə səhnəyə heç kimin tanımadığı, görmədiyi \”İslam dövləti\” kimi güclü bir qüvvə çıxır. Nə söyləmələrindən asılı olmayaraq, bu terrorçu təşkilatın ABŞ, Böyük Britaniya və İsrail planlarına uyğun olaraq, Yaxın Şərqin yenidən bölünməsi ilə məşğul olması bir faktdır.
– Yaxın Şərqin yenidən bölünməsi konkret olaraq ABŞ-a nə verir?
– Cavab çox sadədir. ABŞ-a Yaxın Şərqin neft, su və insani resurslarının idarə edilməsi və böyük bir ərazi üzərində tam nəzarət lazımdır. İndi bütün dünyanı \”İslam dövləti\” ilə qorxudan Vaşinqton, faktiki olaraq, Suriya və İraqı işğal etmək üçün rəsmi haqq qazanır.
– Amma bu məsələnin iki tərəfi var. Yəni amerikalıların bu yöndə acı təcrübələri də var: Əfqanıstanda SSRİ-yə qarşı savaşmaq üçün məhz onlar \”Taliban\”ı yaratdılar ki, sonradan bu terrorçular Vaşinqtona qarşı çıxdılar. Sizcə, ABŞ bir dəfə düşdüyü çamura niyə ikinci dəfə düşmək istəsin ki?
– Mənim müşahidələrimə görə, Suriya və İraqı \”yerbəyer\” edəndən sonra, \”xilafət\” Qafqaz və Avropaya tərəf irəliləməyə başlayacaq. Bax, onda əsl tamaşa başlayacaq. Burada, Yaxın Şərqdə heç olmasa kimsə \”İslam dövləti\” terrorçularına müqavimət göstərir. İnanmıram ki, Avropada da eyni cür olsun. Məncə, orada terrorçular qısa zaman kəsiyində möhtəşəm sayıla biləcək nəticələrə imza ata biləcəklər.
Belə deməkdə əsasım var: avropalılar savaşmağı yadırğamış dovşanlara bənzəyirlər. Əgər \”İslam dövləti\”nin 10 təhlükəli döyüşçüsü hansısa Avropa şəhərinə girsə, orada panika yaranacaq və terrorçular asanlıqla şəhəri alacaqlar. Məncə, \”İslam dövləti\”nin Avropaya genişlənməsi fonunda Türkiyədə də hakimiyyət dəyişikliyi ola bilər. Çünki rəsmi Ankara da bu gün müstəqil siyasət yürütməyə çalışır, özü də bu siyasət ABŞ-ın maraqları ilə qətiyyən üst-üstə düşmür.
– Avropanın \”İslam dövləti\”nin terrorçuları tərəfindən alınması, uzaq hədəflər ola bilər. Bəs \”islamçı-terrorçuların\” yaxın hədəflərində nə var?
– Onların ən yaxın hədəfi İrandakı rejimi zəiflətmək və parçalamaqdır. Xatırladım ki, vaxtilə Osmanlı İmperiyasını dağıtmaq üçün anqlo-saksonlar Liviya və Misirdəki ərəb tayfalarının üsyanını təşkil etdilər və böyük imperiyanın çöküşü məhz ordan başladı. İndi İraqa dünyanın hər yerindən fanatik və muzdlu döyüşçülər axışır. Gec və ya tez onlar Səudiyyə Ərəbistanına da hücum edəcəklər. Onlar indidən elan ediblər ki, məqsədləri Məkkəni almaq və Kəbəni bir bütpərəstlik rəmzi kimi partlatmaqdır. Onlar hesab edirlər ki, guya bura gələn insanlar Allaha ibadət üçün deyil, daşa sitayiş etmək üçün gəlirlər. Hələ ki, \”İslam dövləti\”nin bütün addımları onların ABŞ, Böyük Britaniya və İsrailin Yaxın Şərqin yenidən bölünməsi planlarına uyğun hərəkət etdiklərini sübut edir.

İsmayıl MƏMMƏDLİ

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button