Önəmli

İlk əlil elmlər namizədimizin ürək dağlayan həyat hekayəsi

İlk əlil elmlər namizədimizin ürək dağlayan həyat hekayəsiBakı şəhər sakini, müstəqil Azərbaycanın ilk əlil elmlər namizədi Tağıyeva Mətanət Rafiq qızı “Yeni Müsavat”dan kömək istəyib. Həyatını elmə qurban verən, eşitmə və görmə qabiliyyətini itirən şikayətçi işlədiyi AMEA-nın rəhbərliyinin ünvanına ağır ittihamlar səsləndirib.

Filologiya üzrə fəlsəfə doktoru maddi ehtiyac ucbatından müalicəsini davam etdirməməsi, eləcə də, üzləşdiyi qanunsuzluqlarla bağlı dəhşətli faktlar açıqladı.

Nəsimi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Mətanət Tağıyeva ürək dağlayan həyat yolu hekayəsini təfsilatı ilə bizə danışdı: “1973-cü ildə Bakı şəhərində doğulmuşam. Əvvəllər zəif görənlər üçün olan məktəbdə təhsil almışam. Musiqi təhsilim də var. 1993-cü ildən etibarən görmə qabiliyyətimi tamam itirməyə başladım. Bununla belə, BDU-nun rus dili və ədəbiyyatı fakültəsinə daxil oldum. 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdim. 1999-cu ildə isə, magistraturanı bitirdim. 2000-ci ildə AMEA-nın aspiranturasına daxil oldum. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə etdim. Aspiranturaya daxil olanda gözlərimdəki problem daha da artdı. Dissertasiyanı müdafiə edəndə sevindim ki, sağlam cəmiyyətə qatıldım. Mənimlə bərabər aspiranturanı bitirən insanları işlə təmin ediblər. Nəslimizdən olan alimlərə təəssüf ki, heç bir dövlət qayğısı görmədim. Uşaqlara ingilis dili dərsi keçmişəm. Hazırkı şəraitim komfort həyatdan qat-qat uzaqdır. Yarım uçuq evdə dissertasiya üzərində işləmişəm. İpoteka krediti həyata keçdi. Təəssüf ki, yenə biz alimlər kənarda qaldı”.

Şikayətçi əlil AMEA-nı elmlə məşğul olmayan qurum adlandırdı: “AMEA heç bir elmlə məşğul olmur. Sadəcə elmlə oynayan ziyalı insanlara maaş verir. Bununla da, guya ki, ziyalıları aclıqdan qurtarır. Çox təəssüf edirəm ki, sağlamlığımı əlil elmə qurban verdim. Gözlərimin işığı söndü. Eşitmə qabiliyyətimi də artıq itirmişəm. Xarici ölkələrin bəzilərinə müraciət etmişəm. Bildiriblər ki, eşitməni nisbətən geri qaytarmaq mümkündür. Dövlət klinikalarına müraciət etmişəm. Zərifə Əliyeva adına Göz Klinikası hər il konfrans keçirsə də, əlillər məsələsini gündəmə gətirmir. Sağalmağımın düzəlməsi mümkün deyil. Şükürlər olsun ki, ölkəmizdə mənim kimi əlillərin sayı azdır. Başqa ölkələrdə əlillərə qayığını dövlət göstərir. Çünki elə bir xəstəlikdir ki, həyat üçün təhlükə törətməsə də, əlillər həyat yolunun kənarında olanlardır. Özbaşımıza dolanmağımız mümkün deyil. Mütləq bizə dövlət qayğısı lazımdır. Amma çox təəssüflər olsun ki, göz klinikaları bizim kimi əlilləri dövlətdən gizlədirlər. Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna etdiyim müraciətlər çatmır. Məktublarım İlham Əliyev və Mehriban Əliyevaya çatmır”.

Mətanət Tağıyeva istirahət zonasında ayağını itirən azyaşlı İmran adlı uşağa olunan dövlət yardımının, ona da şamil oluna biləcəyindən söz açdı: “Bir müddət öncə istirahət zonalarının birində İmran adlı uşaq ayağını itirdi. O zaman prezident İlham Əliyev və kürəkəni Emin Ağalarov bu uşağa köməklik etdilər. Şükürlər olsun ki, o, uşağın həyatı xilas edildi. Amma nədənsə, bizim kimi əlillər gizlədilir, yardım üzünə həsrət qalır. Dövlətdən xahiş edərdim ki, mən və mənim kimi əlillərə diqqət yetirilsin. Keçən il 5 min manat kredit götürdüm. Diaqnoz mərkəzinə getdim. Bakı və Moskvada qoyulan diaqnozlar arasında fərq oldu. Dövlətdən gözləsəydim, eşitmə aparatı belə ala bilməzdim. Öz hesabıma aldım. Bu aparatın da köməyi cüzidir. Səhiyyə Nazirliyinin məşğul olmadığı problemi, özüm həll etdim. Moskvada maddi imkanlara görə, müalicəmi yarımçıq dayandırdım. Yaxınlarda yenə öz hesabıma Tehrana getdim. Həkim əməliyyat olunacağımı dedi. Amma ucuz olmasına baxmayaraq, imkanım olmadı. Dostlarımı sağ olsun. Köməklik edirlər”.

Şikayətçi üzləşdiyi mənzil problemlərindən də danışdı: “Mənzil problemimin həll olunacağına inamım yoxdur. 38 ildir ki, Yasamalda yaşayıram. Bu illər ərzində deyirlər ki, yerlər söküləcək. Amma sökülmür. Mənzilimizin qapısı Talıblı küçəsinə baxır. Evi özəlləşdirəndə dedim ki, ünvanım Vasif Əliyev yox, Talıblı olsun. Amma dəyişmədilər. Prezidentin sərəncamı ilə bir neçə küçə genişlənməli idi. Həmçinin Talıblı da. Amma olmadı. Prezidentimiz Yasamala özü baş çəksə, vəziyyətin nə yerdə olduğunu görər. Dövlət vəsaiti açıq şəkildə mənimsənilir. Problemlər bir-birindən doğur”.

Gözdən əlil elmlər namizədi hazırladığı lüğətin AMEA tərəfindən çap edilməməsindən də şikayətləndi: “Əmək qabiliyyətimi itirmişəm. Noyabrın 12-də Şəmsəddin Hacıyevin qəbulunda oldum. Xahiş etdim ki, “Əmək pensiyaları haqqında qanun”un 19-cü maddəsi gündəmə gətirilsin. Maddədə qeyd olunur ki, elmi işçilər 25 il işləyəndən sonra, təqaüdə çıxanda, müvafiq olaraq, 200 və 120 manat kompensasiya almalıdırlar. Ərizəmi yazıb, işdən çıxsam, demək çəkdiyim əziyyət hədər olacaq. Yəqin ki, dövlətə sərf edir, əlilin işləməsi. Yalan danışmağı sevmirəm. Həftədə bir dəfə işə gedib, qol çəkirəm. Guya ki, hər gün işə gəlməyimlə bağlı. Ən böyük istəyim, italyan-azərbaycanca lüğətimin işıq üzü görməsidir. Akademiyadan plan işi kimi verilib. Nəzərdə tutduğumdan çox alındı. Lüğət 800 səhifəyə yaxın oldu. AMEA-nın yəqin ki, imkanı yoxdur, lüğətimi çap etməyə. 2005-ci ildən lüğət çap edirlər. İnanın ki, 3-cü sinif şagirdi belə, o, lüğətləri hazırlayar. Dilçilik İnstitutu rüşvətxorluqla məşğuldur. Alimlərə lüğətlər tərtib etməyi deyirlər, sonra isə, hazırlanan lüğətləri arxivə atırlar. Əvəzində oğurlanan lüğətlər çap olunur. 2012-ci ildə prezident tərəfindən AMEYA-ya 2 milyon pul ayrılıb. Lüğətimin çağı üçün onlardan pul istəyəndə dedilər ki, 2 milyondan bir qara qəpikdə AMEA-nın fonduna keçirilməyib. Məndən yadigar qalsın deyə, çox çalışacam ki, o, lüğəti öz hesabıma çap edim. Son arzum odur ki, biz nəslin alimlərinin bəxti gətirməyibsə, heç olmasa, bizdən sonra gələnlər üçün bu dövlət yol açsın. Necə ki, keçmişdə alimlərimizlə fəxr etmişik. İndi də belə alimlər yetişsin”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button