Önəmli

“İrimiqyaslı müharibənin qarşısını biz aldıq” – Erməni nazir

“İrimiqyaslı müharibənin qarşısını biz aldıq” - Erməni nazirHaqqin.az və virtualaz.org saytları Avrasiya İttifaqının Kazanda keçirilən II İctimai Forumunda iştirak edən Ermənistanın hakim Respublika Partiyası sədrinin müavini, bu ölkənin təhsil və elm naziri Armen Aşotyana bir neçə sualla müraciət edib.

Erməni nazir əsas suala – “Ermənistanla Qarabağ arasında gömrük postları qoyulacaqmı” sualına cavab verməsə də, digər sualları cavablandırıb:

-Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ermənistanı hansı cəhətləri ilə cəlb edir?

-Aİİ istisnasız olaraq iqtisadi xarakterli birlikdir. Ermənistanın Rusiya ilə dərin köklərə malik olan strateji münasibətləri var. Xüsusilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində. KTMT hərbi-siyasi ittifaqdır. Biz Aİİ-də iqtisadiyyat sahəsində bərabərhüquqlu tərəfdaşlar arasında öz yerimizi tapacağıq. Ermənistan bazarı balaca olsa da ölkəmizin konkret üstünlükləri var. Bu, hər şeydən əvvə böyük erməni diasporudur.

İkinci üsyünlüyümüz yerləşdiyimiz regionla bağlıdır. Aİİ-də Ermənistandan başqa heç bir Cənubi Qafqaz ölkəsi təmsil olunmayıb. Gürcüstanın öz iqtisadi seçimi var. Azərbaycan öz mövqeyini bir neçə dəfə dilə gətirib. Rəsmi Bakı müxtəlif iqtisadi birliklərə qoşulmaq istəmir. Beləliklə, görünən budur ki, Ermənistan yaxın perspektivdə də Aİİ-dəki yeganə Cənubi Qafqaz ölkəsi olaraq qalacaq. Bu da bizə əla ümtiyazlar vəd edir. Söhbət Yaxın Şərq, Orta Asiya və ərəb ölkələri bazarına çıxışdan gedir.

-Yaxşı, bəs Ermənistan bu ölkələrə nə ixrac etməyə hazırlaşır? Yoxsa İrəvan Aİİ-yə girəndən sonra gəlməsi gözlənilən sərmayələrə bel bağlayır?

-Müxtəlif beynəlxalq təşkilatların, məsələn, “Doing Business”, “Heritage Foundation” və digərlərinin reytinq hesabatlarına görə, Ermənistanın bir sıra sahələrdə, o cümlədən liberal iqtisadiyyat sferasında konkret üstünlükləri var. Biznes qurmağın asanlığına, liberal iqtisadi mühit göstəricilərinə görə Ermənistan Baltikyanı ölkələri və bəzi parametrlər üzrə Gürcüstanı çıxmaq şərtilə bütün postsovet məkanında ən yaxşı nəticələrə malikdir. Ona görə də hesab edirik ki, Ermənistan məqsədi Avrasiya İttifaqı ərazisində istehsal, satış və xidmət göstərməkdən ibarət olan sərmayədarlardan ötrü maraqlı və cəlbedici yerdir. Amma əlbəttə ki, bu ittifaqın siyasi tərəfini əsla unutmaq olmaz. Xüsusulə də regional təhlükəsizlik məsələsini nəzərə almalıyıq. Bizim Rusiya ilə hərbi-siyasi və strateji tərəfdaşlıq və ittifaqımız var. Üstəlik Avropa Şurasının üzvü kimi dövlət təsisatlarının islah olunması sahəsində böyük təcrübə toplamışıq. Ermənistan bütün dünya üçün açıq ölkədir. Ümid edirəm ki, Aİİ Ermənistan iqtisadiyyatının inkişafına əlavə stimul verəcək. Ekspertlərin hesablamalarına görə, bizdə ümumi daxili məhsulun 4 faizlik əlavə artımı gözlənilir.

-İrəvanda Ermənistanın Avrasiya İttifaqına üzv olmasına etirazlar var. Buna necə baxırsınız?

-Ermənistan demokratik ölkədir. Vətəndaş cəmiyyəti çox yüksək səviyyədə inkişaf edib. Söz və ifadə azadlığı var. Buna görə də mən bu etirazlara normal baxıram. Lakin Ermənistanın bu seçimindən narazı qalan adamların sayı hazırda çox azdır.

-Belə çıxır ki, Ermənistan əhalisinin əksəriyyəti ölkənni Avrasiya İttifaqına daxil olmasına müsbət baxır?

-Bəli. Bunu sosioloji rəy sorğuları da göstərir, bunu əleyhinə olanların mitinq və aksiyalarında az adamın iştirakı da.

-Son sualımı verim. Azərbaycanla Ermənistan arasında hamı tərəfindən qəbul olunmuş sərhədlər var. Ermənistan Aİİ-yə bu sərhədlər daxilində üzv olub…

-Sualınız mənə aydındır. Cavabım də dəqiq olacaq. Dünyada 10 milyon erməni, onların isə iki dövləti var – Ermənistan Respublikası və tanınmamış “Dağlıq Qarabağ Respublikası” (dırnaq işarəsi bizimdir-red.). BMT, ATƏT, Avropa Şurasının üzvü olan Ermənistan Respublikası azad dövlətdir və fəaliyyətində də sərbəstdir. İstənilən təşkilata üzv ola bilər. “Dağlıq Qarabağ Respublikası”na gəlncə isə o, həə öz “dövlətçiliyini” qurur. Bu proses onu tanıyıb-tanımamalarından asılı olmayaraq gedir. İki erməni “dövləti”nin yaranması artıq faktdır və regiondakı sabitlik və inkişaf naminə bununla barışmaq lazımdır.

-Amma “DQR”-i heç Ermənistan özü də tanımayıb…

-Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərinə hörmətlə yanaşır. Ona görə də özünü “DQR”-i de-yure tanımaqdan saxlayır. De-fakto isə artıq tanıyıb.

-Bəli, Ermənistan büdcəsindən “DQR” üçün illik tranşların ayrılması faktları da var…

-Dediklərimi təsdiq edən müxtəlif məqamlar var. Ermənistan “DQR”-lə ayrıca dövlətlə olduğu kimi münasibət qurub.

-Bəs Ermənistanla Azərbaycanın işğal olunmuş əraziləri arasında gömrük postları qoyulsa, buna münasibətiniz necə olacaq?

-Biz Qarabağ mövzusuna keçən kimi son sualınız heç də sonuncu sual olmadı…

-Amma bu gömrük postları hər halda olacaq…

-Bu məsələ sizə çox maraqlıdırsa, bu haqda ayrıca müsahibə verərəm.

-Bu postlar olacaq, ya yox?

-Qısaca onu deyə bilərəm ki, Qarabağ məsələsinin hərbi həll yolu yoxdur. Bu aksiomanı qəbul etmək lazımdır. Yaranmış vəziyyətdən həm region, həm də iki ölkənin xalqı üçün ən az, minimal itki ilə çıxmağın yolu budur – qeyri-hərb yolu. Qalan bütün səylərin qarşısı alınacaq.

-Gömrük postları necə olacaq?

-Qarabağ məsələsini bir yerdə həll edərik, onda gəlib görərsiniz ki, Ermənistan və Qarabağ necə inkişaf edir. İndilik isə biz vertolyotla bağlı insidenti qınayırıq. Cənubi Qafqazda sülhün taleyi tükdən asılmışdı. Biz genişmiqyaslı müharibənin qarşısını yalnız Ermənistan rəhbərliyinin müdrikliyi və “DQR” əsgərlərinin peşəkarlığı sayəsində aldıq.

-Daha bir sual…

-Sağ olun. Görüşənədək.

-Sizin vertolyot hər halda rus silahı ilə vurulub…

-Onu Azərbaycan hərbçiləri vurub.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button