Türk səyyahlar: “Azərbaycanda yemək baha idi, qarnımızı İranda doyurduq”
Türkiyədən olan 4 gənc üç ölkənin ərazisindən keçməklə çıxdıqları 10 günlük səyahət zamanı başlarına gələnləri açıqlayıb. Onlar Azərbaycan haqda da danışıb.
Virtualaz.org saytı xəbər verir ki, Ali Berk İçöz, Ömər Kala, Əbubəkr Çabuk və Veysel Bolluk adlı 21-22 yaşlı gənclər 10 günlük səyahət zamanı 3500 kilometr məsafə qət edib və üç ölkədə – Gürcüstan, İran və Azərbaycanda olublar. Bu səfər zamanı gənclərin başına maraqlı hadisələr gəlib.
Ötən ilin yayında üç ölkənin ərazisində 10 gündən çox gəzən gənclər yola cəmi 150 türk lirəsi (təxminən 60 manatla) ilə çıxıbmışlar. Gənclər səyahətlərini avtostopla həyata keçirib. Onlar başlarına gələn maraqlı hadisələri “Hürriyet” qəzetinə danışıblar.
Bir neçə dəfə bu cür səyahətə çıxdıqlarını deyən gənclər belə cəsarətli addım atmalarını insanlara güvənmələri ilə izah ediblər.
Türkiyədən yola çıxarkən gəncləri yolda türkiyəli taksi sürücüsü götürüb. Onlardan pul almadan 250 kliometrlik məsafə aparıb və sərhəddə çatdırıb.
Tiflisə, oradan Azərbaycana gələn, Masallı və Astarada olan gənclər oradan da İrana gediblər. Azərbaycanda yeməklərin baha olmasından şikayətlənən gənclər burada yeməyə çox az pul xərcləyiblər.
“Azərbaycanda yeməyin qiymətləri yüksək idi. Bunun acığını İranda çıxdıq. İranda təxminən 7 lirəlik (3 manatlıq-red.) menyuda iki şiş kabab, bolluca plov, qızardılmış pomidor və kola olurdu”- deyə gənclər İrandakı ucuzluğu tərifləyib, Azərbaycanda isə yeməyin baha olmasından şikayətləniblər.
Gənclər səyahətləri zamanı əsasən çadırda qalıblar. Bakıda da olarkən qurduqları çadırda gecələyiblər: “Bakıdan ayrıldıqdan sonra bir nəfər dostumuz bizi qonaq etdi. Səyahət müddətində onun təklif etdiyi yataqdan başqa heç vaxt yataqda yatmadıq. Yalnız çadırda qalırdıq. İranda çadır mədəniyyətinin çox məşhur olduğunu və insanların böyük şəhərlərdəki parklarda ailələri ilə birgə çadırlar qurub orada qaldığını gördük. Amma Tehranda çadır qurmağa yer tapa bilmədik. Dörd yolun ağzında çadır qurduq. Heç kim mane olmadı. Çadır qurmağa yer tapa bilmədikdə polisə müraciət etdik. Bizə məsciddə gecələməyə yer verdilər”.
Gənclər İranda qarşılaşdıqları maraqlı hadisələrdən danışarkən bunları qeyd ediblər:“İranda Nadir adlı bir dayı ilə rastlaşdıq. Bizi evinə apardı. Qonaqlıq verdi. Evində gizlətdiyi şərabı da gətirdi, yeyib-içdik. Nadir dayı keflənəndən sonra bizi qucaqladı. Dedi ki, mən sabah işə gedib pul qazanacam, pulum da, maşınım da sizindir…”
Gənclər növbəti səfərlərini Norveçə, daha sonra isə LatınAmerikası ölkələrinə edəcəklərini deyirlər.