Önəmli

Evlərə sənəd verilməməsi ölkəyə böyük iqtisadi ziyan vurur

Evlərə sənəd verilməməsi ölkəyə böyük iqtisadi ziyan vurur“Fərdi evlərdə qaz çəkilişinin həll edilməsi elə də ciddi problem deyil. Hətta sənədsiz evlərdə də bu məsələni müəyyən qədər həll etmək mümkündür”.

Bunu salamnews-a açıqlayan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bildirib ki, qaz xəttinə rəsmi şəkildə qoşulmaqla bağlı texniki sənədi almaq üçün tələb olunan məbləğdən bir neçə dəfə artıq ödəniş etməklə, bunu həll etmək mümkündür.

Ekspertin sözlərinə görə, qaz probleminə daha çox yeni binalarda rast gəlinir: “Çünki bu binalarda da sənədləşdirilmə aktual problemlərdən biridir. Düşünürəm ki, bu gün Bakı şəhərində və Abşeron yarımadasında Mənzil Fondunun artırılması üçün sənədsiz evlərin sənədləşdirilməsinə ciddi ehtiyac var. Həm fərdi yaşayış evləri, həm də çox mərtəbəli yaşayış binalarında bu proses paralel şəkildə getməlidir. Bu prosesin getməməsi, əslində iqtisadi cəhətdən də Azərbaycana zərər vurur. Sayı 500 minə qədər olan evlərin sənədləşdirilməsi üçün dövlət büdcəsindən lazım olan vəsaitin hesablanmasının monitorinqi aparılsa, bu, kifayət qədər böyük bir rəqəm olacaq. Ancaq bu gün hökumət bu rəqəmlərdən kənarda qalıb. Eyni zamanda bu mənzillərin vergiyə cəlb olunması ilə bağlı problemlər də ortaya çıxıb. Digər tərəfdən də bu mənzillər alqı-satqı və girov əməliyyatlarında iştirak edə bilmirlər. Halbuki, vətəndaşlar bu əmlaklarını girov qoymaqla kredit götürə və sahibkarlıq ilə məşğul ola bilərlər. Bu da öz növbəsində sahibkarlığın inkişafına təkan verə bilər. Ancaq sənədləşdirilmənin olmaması səbəbindən bu proseslərin heç biri baş vermir”.

Ramil Osmanlı qeyd edib ki, nəticədə isə tək vətəndaşlar deyil, həm də dövlət uduzur: “Bu baxımdan da dövlət bu məsələnin həllində maraqlı olmalıdır. Ancaq təəssüf ki, müvafiq icra hakimiyyəti orqanları bu problemin həllində maraqlı deyillər. Əslində onlara sənədsiz ev probleminin qalması və davam etməsi sərf edir. Bakı şəhəri və ətraaf rayonlardan bizə daxil olan məlumatlar göstərir ki, həmin orqanlar sənədsiz evlərin tikilməsində daha çox maraqlıdırlar. Çünki, bununla bağlı həyata keçirilən qeyri-rəsmi ödənişlərin məbləği, sənədli evlər üçün edilən ödənişlərə nisbətən daha çox olur”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button