Önəmli

İranda ana dili həbsləri: Xeyli hərəkatçı zindana salındı

İranda ana dili həbsləri: Xeyli hərəkatçı zindana salındıTanınmış azərbaycanlı milli-mədəni fəal, işindən uzaqlaşdırılmış universitet müəllimi İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulub və Evin zindanına göndərilib.

Əlirza Fərşi 21 fevral – Dünya Ana Dili Günündə Tehranda öz şəxsi evində yaxalanıb. Hələlik azərbaycanlı fəalın tutulmasının səbəbi dəqiq bəlli deyil, lakin onun Dünya Ana Dili Günü ərəfəsində insan haqları fəaliyyətləri ilə bağlı saxlanıldığı ehtimal edilir.

Qeyd edək ki, Fərşi keçən il də Dünya Ana Dili Günündə Tehranda tutularaq bir neçə ay həbsdə saxlanılmışdı.

Meşkinşəhrdə (Xiyav) isə hərəkat fəalı Aydın Zakiri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb. O da Ana Dili Günü ilə bağlı fəaliyyətlərinə görə yaxalanıb. Azərbaycanlı milli-mədəni fəal bundan öncə bir neçə fəalla birlikdə Savalan dağına gedərkən təhlükəsizlik qüvvələri tərəfindən tutulmuşdu. O, mədəni fəaliyyətlərinə görə keçən illərdə müxtəlif təzyiqlərə məruz qalıb.

GünAz TV xəbər verir ki, Dünya Ana Dili Gününün keçirilməsi ilə əlaqədar Tehranda İmzatoplama Kampaniyası keçirilib və səlahiyyətli orqanlardan bu önəmli günün qeyd edilməsi ilə bağlı icazə istənilib. Eyni zamanda Təbrizdə Ana dilində təhsilin vacib olduğu vurğulanan çoxsaylı bildirişlər yayılıb. Lakin Dünya Ana Dili Gününə bir neçə həftə qalmış Azərbaycanın müxtəlif şəhərlərində milli-mədəni fəallara qarşı təzyiqlər artıb, onlar hədələnib. Təzyiqlərin son dalğası əsasən Ərdəbil, Meşkinşəhr və Muğanın Parsabad şəhərində müşahidə olunub.

Belə ki, təhlükəsizlik qüvvələri Ərdəbil şəhərinin milli-mədəni fəalları ilə əlaqə saxlayaraq onları təhdid edib. Məmurlar, azərbaycanlı fəallara təbliğ fəaliyyəti və Dünya Ana Dili Günü ilə bağlı mərasim keçirməklə əlaqədar xəbərdarlıq edib. Təhlükəsizlik qüvvələrinin hədələyici xəbərdarlıqları o halda baş verir ki, azərbaycanlı fəallar qanun çərçivəsində və dinc şəkildə mərasim keçirmək istəyib.

Təhlükəsizlik qüvvələri tərəfindən təhdid olunan bir neçə fəalın kimliyi bunlardan ibarətdir: Rəhim Qulami, Əli Xeyrcu, Cəfər Rüstəmirad, Həmid Qüvvəti, Meysəm Colani, Səccad Colani və s. Oxşar vəziyyət Meşkinşəhr və Parsabad şəhərlərində baş verib. Bir sıra azərbaycanlı fəal təhdid olmaqla yanaşı, Meşkinşəhrdə Aydın Zakir xüsusi olaraq hədələnib.

Polis idarəsinin təhlükəsizlik qüvvələri A.Zakirin iş yerinə gedib və onunla mübahisə ediblər. Məmurların təhdidinə məruz qalan fəal özünü müdafiə etməyə çalışıb. Muğanın Parsabad şəhərində isə Səid Hüseyni təhlükəsizlik qüvvələri tərəfindən hədələnib. Güney Azərbaycanın Xoy şəhərində isə 3 nəfər azərbaycanlı fəal tutulub. təhlükəsizlik qüvvələri tərəfindən tutulan Əmin Hacilu, Araz Xasse Təraş və İslam Əliəkbərlu hazırda Xoy zindanında saxlanılır.

Azərbaycanlı fəal Əli Rzayi Bəndər Abbasa iş ezamiyyətinə gedərkən Tehranın Mehrabad hava limanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Həmin ərəfədə Güney Azərbaycanın Qoşaçay və Şot şəhərlərində azərbaycanlı sənətçiləri tərəfindən keçirilməli olan musiqi konsertləri qanunsuz şəkildə ləğv olunub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button