Önəmli

Ağsuda özünü güllələyən polisin ölümündə müəmma

Ağsuda özünü güllələyən polisin ölümündə müəmma“Qardaşımın ailəsinə kömək edilməsə, gərək uşaqları dilənsinlər. Başqa yolları yoxdur”.

Bunu azvision.az-a açıqlamasında Ağsu rayonunda özünü öldürən polis baş serjantı Neman Tanrıverdiyevin qardaşı Nizami Tanrıverdiyev deyib.

O, qardaşının intihara əl atmasında heç bir səbəb görmədiyini, mərhumun maddi sıxıntısının bir o qədər də olmadığını bildirib:

“Biz şokdayıq. Allah belə bir şeyi heç kəsə göstərməsin. İndi qardaşımın 3 mərasimini veririk. Ev-eşiyi, yeməyə çörəyi var idi. Elə bir maliyyə problemi yox idi. Mən pula görə, onun özünə qəsd etməsinə inanmıram. Qardaşım belə bir probleminin olması ilə bağlı bizə heç nə deməyib. Bu da çox müəmmalıdır. Bizi yandıran da budur.

İş yerində də heç bir problemi yox idi. O, çox gözəl insan idi, dostu üçün ürəyini çıxarıb verən oğlan idi”.

Nizami Tanrıverdiyev qardaşının ailəsi ilə də normal münasibətdə olduğunu qeyd edib:

“İki qız övladı var. Onun ailəsində heç vaxt söz-söhbət olmayıb. Banka kredit borcunun olması ilə bağlı heç nə bilmirik. Qardaşımın kredit borcu olsaydı, yəqin ki, biz bilərdik”.

O, bu ölüm hadisəsindən sonra həmin ailənin vəziyyətinin ağırlaşdığını dilə gətirib:

“Bu gün onlara köməklik lazımdır. Uşaqlar çox körpədir. Qızının birinin 15, digərinin isə 17 yaşı var. Ailəyə heç bir yerdən gəlir gəlmir. Dövlət tərəfindən gərək onlara yadım edilsin. Yoxsa qardaşımın ailəsi dilənə. Başqa yol yoxdur. Mənim də o qədər imkanım yoxdur ki, onları dolandıram. Özüm musiqçiyəm. 3-4 aydır ki, toy yoxdur. Mənim də balaca balalarım var”.

Daha sonra o, qardaşının vida məktubundan söhbət açıb: “Yas mərasimindən sonra onun yazdığı məktubu araşdıracağıq. Lazımı oraqanlara müraciət edəcəyik. Bizim üçün çox böyük dərddir. Mənə axşam zəng gəldi və şöbəyə getdim. Gördüm ki artıq qardaşım yoxdur!”.

Qeyd edək ki, fevralın 21-də Baş Mühafizə İdarəsinin Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin manqa komandiri, polis baş serjantı Neman Tanrıverdiyev “Makarov” markalı tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürüb. Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapança, 2 ədəd güllə darağı, 15 patron və 1 ədəd giliz götürülüb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button