Aslan Aslanov oğluna görə kimlərə ağız açıb?
Turqay Aslanovun cərimə meydançasına aparılmasına inanmayanlara maraqlı təklif: “Kimin vaxtı olsa, ərazidəki təhlükəsiz şəhər kameralarını və Az 10 YP 450 nömrəli yol polisi avtomobilindəki kameraların yaddaşını eşələyə bilər”
Şəmkirin sabiq icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olan Aslan Aslanovun Ədliyyə Nazirliyində çalışan oğlu – Turqay Aslanovun sərxoş halda avtomobil idarə edərkən polislər tərəfindən saxlanılması xəbəri aranı qatıb. Xəbəri yayan aznews.az saytı məlumatın doğruluğunda israr edərək yazır:
“Bu xəbər “bəzi KİV-lər” tərəfindən təkzib edilməyə çalışıldı. Maraqlıdır ki, səlahiyyətləri və dövlətdən mənimsədiyi milyonlar hesabına olmazın özbaşınalıqlar etməsi faktlarının üzə çıxması ilə ajiotaj yaradan Aslan Aslanov neçə aylardır susduğu halda, dünən oğlunun xəbərinə həyəcanlı şəkildə cavab verib. Və əlbəttə, gözlənildiyi kimi, həmin maşının oğluna məxsus olmadığını, üstəlik, bu yazı ilə onlara növbəti dəfə böhtan atıldığını bildirib: “Bəzi mətbuat orqanları mənim haqqımda məqsədyönlü şəkildə yalan informasiyalar yayırlar. Mən rəsmi arayış almışam. Həmin “Bentli” avtomobili Valeh Ramazan oğlu Allahverdiyev adlı bir şəxsə məxsusdur”.
Sayt məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisindən verilən məlumatın doğru olmadığını qeyd edir: “Aznews.az olaraq, bu məsuliyyətsiz “təkziblərə” görə dünənki informasiyada qeyd etmədiyimiz bəzi məqamları oxuculara təqdim edirik: Aslan Aslanovun oğlunun idarə etdiyi “Bentli”nin onun adına olmadığını yazmışdıq. Qeyd etmişdik ki, Turqay Aslanov həmin avtomobili 2013-cü ildə etibarnamə ilə Valeh Ramazan oğlu Allahverdiyevə verib (Bu, rəsmi informasiyadır və yəqin ki, DİN-in bazasında var). Amma həmin avtomobil həmişə özündə olub. Məsələni araşdırarkən çox vacib məqamlar ortaya çıxır. Məlum olur ki, Aslan Aslanov ətrafında həlqə daralandan, nazir müavini vəzifəsindən kənarlaşdırılandan sonra bahalı avtomobillərini və əmlaklarını başqa adamların adına keçirməyə başlayıb. Aidiyyəti qurumlar və bu informasiyalarda maraqlı görünən “bəzi KİV-lər” istəsə, rahat şəkildə bu faktı üzə çıxararlar. Məsələn, öyrənə bilərlər ki, Aslanovlar ailəsinin əmlaklarından daha neçəsi Aslan Aslanovun əzbərdən tanıdığı Valeh Ramazan oğlu Allahverdiyevin adına keçirilib… Bundan başqa, Aslanov həmin avtomobilin oğluna məxsus olmadığını deyə bilər, amma “Vorovski” də yaşayan Turqay Aslanovu milyonçular məhəlləsindəki qonşularının məhz bahalı “Bentli”si ilə tanımalarını kimsə təkzib edə bilməz.
Burda bir başqa məqam da var. Yazı dərcolunandan sonra Az10 DO 007 dövlətnömrənişanlı, qiyməti 100 minlərlə ölçülən daha bir neçə avtomobilin fotoları yayıldı. Şübhə yoxdur ki, bunlar bir adamındır.Amma bunu yəqin, hamı çox gözəl bilirki, həmin o bir adam soyadı və atasının adı bizə “heç nə deməyən” Valeh Ramazan oğlu Allahverdiyev deyil”.
Sayt T.Aslanova heç bir protokol tərtib olunmaması məsələsinə də toxunur: “Əlbəttə, olunmayıb və avtomobilin cərimə meydançasına gətirildikdən sonra olunmalı olan daha bir neçə məsələlər olunmayıb. Biz bu məsələyə dünən həmin yazıda ona görə toxunmadıq ki, Turqay Aslanovun cərimə meydançasına gətirilməsinin özü xəbəridi və yol polislərimizin bu addımı xoş təsir bağışladığından başqa neqativlər axtarmadıq. Çünki bilirdik ki, AslanAslanov nə qədər çalışsa da, 50 yerə telefon açsa da polislər prinsipiallıq edib, onu cərimə meydançasına aparıblar.Sonra nə baş verib, niyə o sənədləşməyib, bu, başqa məsələ, həm də təəccüblü olmayan məsələ…”
Sayt çox maraqlı bir məqama da toxunur və belə bir təkliflə çıxış edir: “Hər halda hadisənin sübutu çətin deyil… Kimin vaxtı olsa, ərazidəki “Təhlükəsiz şəhər” kameralarını və Az10 YP 450 nömrəli yol polisi avtomobilindəki kameraların yaddaşını eşələyə bilər. Bir məsələni də qeyd edək ki, həmin avtomobil təkcə sənədsiz və sərxoş halda idarə olunduğu üçün saxlanılmayıb.Həm də həmin avtomobilin cəriməsi ödənilməyən 3 radarı olub. Məsələ burasındadır ki, avtomobil cərimə meydançasından sərbəst buraxılsa da, həmin radarların cərimələri hələ də ödənilməmiş qalır. Təkcə bu fakt avtomobilin qanunsuz olaraq buraxıldığını sübut edir”.
Qeyd edək ki, fevralın 20-də gecə saat 1 radələrində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis iİdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı “Bentli” markalı maşını saxlayıblar. Az10 DO 007 dövlət nömrə nişanlı bu avtomobilin sürücüsünün sərxoş olduğu, eyni zamanda sənədlərin qaydasında olmadığı müəyyənləşib. Buna görə də avtomobil 3-cü mikrorayonda yerləşən cərimə meydançasına aparılıb.Sonradan məlum olub ki, avtomobili idarə edən şəxs kənd təsərrüfatı nazirinin keçmiş müavini, son zamanlar “Lamiyə olayı” ilə diqqət mərkəzində olan Aslan Aslanovun oğlu Turqay Aslanovdur. Həmin avtomobil 2008-2013-cü illərdə Turqay Aslanovun adına olsa da, 2013-cü ildə Allahverdiyev Valeh Ramazan oğluna etibarnamə verilib. Amma sayı məhdud, təxminən 300 min dollar dəyərində olan ağ rəngli “Bentley” daima Turqay Aslanov tərəfindən idarə olunub. Turqay Aslanov hazırda Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi vəzifəsində çalışır.