Önəmli

Beşiyi Bakıdadır, məzarı Ankarada, xatirəsi qəlblərdə – Rəsulzadənin vəfatından 60 il keçdi

Beşiyi Bakıdadır, məzarı Ankarada, xatirəsi qəlblərdə - Rəsulzadənin vəfatından 60 il keçdi
Bu gün Azərbaycan Respublikasını quran insanların lideri, böyük öndər Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür.

1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olan Rəsulzadə mübarizə, iztirab, qürbət məhrumiyyəti, eyni zamanda şərəfli günlər dolu həyatını uzaq, amma Bakı qədər doğma Ankarada sona yetirdi.

Doğularkən, dil açarkən bütün uşaqlar kimi eyni sözləri deyən öndər həyata gözünü yumarkən üç dəfə \”Azərbaycan\” dedi, özüylə bir Azərbaycan, vətən nisgili apardı.

Ulu öndər dəqiq bilməsə də inanırdı ki, onun qaldırdığı bayraq bir də nə zamansa yenidən yüksələcək və o milyonlarla insan o bayrağın kölgəsində özünə müstəqil dövlət quracaq.

Ömrünü vətən davasına həsr edən, doğma övladlarının üzünü görmədən həyatla vidalaşan Rəsulzadə bu gün təkcə öz qohum-əqrəbası, həmkəndliləri tərəfindən yox, bütün xalq tərəfindən anılır. Çünki o, bütün vətənin, millətin oğluydu. Elə bir oğul ki, cəmi 35 yaşı olarkən xalqa atalıq da edə bilmişdi.

Məzarın nurla dolsun, Rəsul övladı Məhəmməd Əmin kişi.

Bu anım günündə xalq şairi Zəlimxan Yaqubun Rəsulzadəyə yazdığı şeiri də xatırlamaq yerinə düşər:

Yetmiş illik ayrılıq axır ki çatdı sonra,
Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!
Yordun uzaq yolları, səsinlə, sorağınla,
Qırdın axır belini həsrətin, qəmin, kişi!
Məzarına baxanın kirpiyində nəm gördüm,
Ağ mərmərin üzündə qara donlu qəm gördüm,
Sənin kimi yarımaz bir qisməti kəm gördüm,
Acıdım taleyinə min bəxti kəmin, kişi!

Sağ olsun məzarını ağ mərmərə tutanlar,
Dilindəki sözləri seçib zərə tutanlar.
Qoy tarixdən utansın səni şərə tutanlar,
Yaman getdi əlindən fürsətin, çəmin, kişi!
Tanrı səni yaratdı, bir də çətin yarada,
Sən qurtuluş istədin, qanlar axdı arada.
Beşiyin Bakıdadır, məzarın Ankarada,
Sənin Vətəndən özgə kimin var, kimin, kişi!

Nələr çəkib başımız, dərdimizdən halıydın,
Yaralı bir nəğmənin unudulmaz xalıydın.
Sən də bizim torpağın Mustafa Kamalıydın,
Heyf! Sünbül tutmamış biçildi zəmin, kişi!
Səndən sonra gələnlər qara yeltək əsdilər,
Bizi bizdən almağa coşdular, tələsdilər.
Məğrur saraylar yapan düz əlləri kəsdilər,
Daşı düz qoyulmadı özülün, himin, kişi!

Ana öz övladını qoymaz gözündən yana,
Vətənin ölməz oğlu, gedək Azərbaycana.
Millət \”İstiqlal!\”-deyə yenidən gəlir cana,
Özün çal havasını köklənən simin, kişi!
Əzilməz xalqın kökü, dərindədir, dərində,
Zaman çəkib oturdar hər kəsi öz yerində,
İllər gəlib keçsə də sən xalqın nəzərində
Yenə həmin oğulsan, yenə də həmin kişi!
Bu böyük həqiqətə əmin ol, əmin, kişi!(musavat.com)
Beşiyi Bakıdadır, məzarı Ankarada, xatirəsi qəlblərdə - Rəsulzadənin vəfatından 60 il keçdi
Beşiyi Bakıdadır, məzarı Ankarada, xatirəsi qəlblərdə - Rəsulzadənin vəfatından 60 il keçdi
Beşiyi Bakıdadır, məzarı Ankarada, xatirəsi qəlblərdə - Rəsulzadənin vəfatından 60 il keçdi

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button