Önəmli

\”Ailəlikcə özümüzü yandırmaqdan başqa çarəmiz yoxdur\”

"Ailəlikcə özümüzü yandırmaqdan başqa çarəmiz yoxdur"Paytaxt sakini 3 ildir \”cəhənnəm əzabı\” yaşadıqlarını deyir: \”Sözlə ifadə ediləsi mümkün olmayan şərlə üz-üzə qalmışıq\”

“Oğlum Nicat Nəsirovu keçmiş həyat yoldaşı şərləyərək həbs etdirib. Belə ki, qadın Binəqədi Rayon Prokurorluğuna müraciət edərək oğlum tərəfindən zorlandığını iddia edib. Prokurorluq Nicat barəsində Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə ittiham irəli sürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri də bu ittiham üzrə hökm elan ediblər. Hökmə əsasən, 2013-cü ilin martın 8-də oğlum 6 il müddətinə həbs olunub”.

Bu barədə “Bizimyol.info”ya müraciətində Bakı şəhəri, Binəqədi rayon sakini Nəsirov Cəlil Fərman oğlu məlumat verib. Onun sözlərinə görə, 2012-ci il sentyabr ayının 2-də oğlu Nicatla Nəsibova Şəbnəb Tofiq qızı evləniblər: “Gəldiyindən cəmi 5 gün sonra Şəbnəm evdə rahatlığımızı pozmağa başladı. Belə ki, o, hər gün səbəbsiz yerə söz-söhbət salır, oğlumla mübahisələr edirdi. Bütün bunlara görə 15 noyabrda – toydan cəmi 2 ay sonra Şəbnəmin atası, anası və qardaşını evimə dəvət etdim. Onlara qızlarının səbəbsiz yerə hər gün dava-dalaş salmasını danışdım. Yeganə oğlumuzun xoşbəxtliyi bizim üçün hər şeydən vacibdir. Buna görə də onlardan xahiş etdim ki, Şəbnəmi ailədə mehriban olmağa dəvət etsinlər. Lakin bunun faydası olmadı. Əksinə, Şəbnəm evdən getdi, onun qardaşları isə oğlum Nicatı bir neçə dəfə çağıraraq ölümlə hədələdilər. İş o yerə çatdı ki, Nicat Binəqədi Rayon Polis İdarəsinə müraciət etməyə məcbur oldu”.

Şikayətçi bildirir ki, 2012-ci il dekabrın 24-ü axşam Şəbnəm və anası bir neçə qohumları ilə onların evinə gəlib: “Anası Sahibə Nəsibova bizə hədə-qorxu gələrək, Şəbnəmi zorla bizdə qoyaraq getdi. Daha Nicat Şəbnəmlə bir otaqda qalmadı. Səhərisi güclü əsəb keçirdiyi üçün Nicatın ürəyi tutdu. Bir neçə dəfə təcili yardım gəldi. Şəbnəmlə bir yerdə qalmağın qeyri-mümkün olduğundan Nicat həmin ilin 26 dekabrında Mingəçevir şəhərinə getdi. Şəbnəm isə 7 yanvar 2013-cü ilə qədər bizdə qaldı. Sən demə, bütün bunlar əvvəlcədən qurulmuş plan imiş. Bir gün xəbər gəldi ki, Şəbnəm 8 yanvar 2013-cü ildə Binəqədi rayon Prokurorluğuna Nicat tərəfindən zorlanması barədə şikayət edib. O, şikayətində noyabrın 15-dən dekabrın 24-nə kimi Nicatın onu zorlamasını qeyd edib. Bu ağ yalan bizi dəhşətə gətirdi. Çünki Şəbnəm həmin tarixlərdə heç evdə olmayıb. Buna baxmayaraq, oğlum Nicat 6 il müddətinə həbs edildi”.

Cəlil Nəsirovun sözlərinə görə, onun ailəsini qarşı tərəf dəfələrlə məhkəmədə təhqir edib. Amma bununla bağlı məhkəmə hər hansı bir tədbir görməyib: “Yazıçı, kultroloq, jurnalist kimi özünü təqdim edən Şəbnəm Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun adını hallandıraraq, onun məhkəmələrə “tapşırdığını” və mütləq evimdə yaşayacağını deyir. Evimlə bağlı məhkəmədə iddia da qalıdırıb. Şəbnəm iddiasında məcburi köçkün olaraq evimdə yaşamaq haqqının olduğunu bildirir. O, iddiasında “məcburi köçkün yaşadığı yerdən çıxarıla bilməz qərarı”nın dövlət səviyyəsində olduğunu qeyd edərək evimdə yaşamaq hüququnu tələb etdi. Və məhkəmə onun iddiasını təmin etdi. 2004-2008-ci illərdə min bir zəhmətlə Sulutəpə qəsəbəsində 5 otaqlı ev tikdim. Yəni, Şəbnəmlə oğlum evlənəndə artıq evimiz var idi. Mənim isə bütün bunlara tab gətirməyə taqətim qalmayıb. Son günlərə qədər belə bir nəticənin ola biləcəyinə inanmaq istəmirdim. Lakin artıq əlim hər yerdən üzülüb. Bizim ailə sözlə ifadə edilməsi mümkün olmayan şərlə üz-üzə qalıb və ailəlikcə özümüzü yandırmaqdan başqa çıxış yolumuz qalmayıb”.

Şikayətçinin sözlərinə görə, keçmiş gəlini cəzaçəkmə müəssisəsində olan oğlu Nicatla görüşməyə cəhd edib: “Nicatla Şəbnəmin izdivacından 1 övladı var. Şəbnəm aliment tələbi ilə də məhkəməyə müraciət edib. Yəni o, oğluma qarşı 3 məhkəmə iddiası qalıdırıb. Hazırda məhkəmə iddialarından birinə martın 18-də Ali Məhkəmədə baxılacaq”.

Cəlil Nəsirov oğlunun qanunsuz yerə həbs edilməsi ilə əlaqədar, prezident İlham Əliyevə, ombudsman Elmira Axundovaya, həmçinin millət vəkilləri İqbal Ağazadəyə, Fazil Mustafaya və Çingiz Qənizadəyə müraciət edib. F.Mustafa məsələ ilə bağlı Məhkəmə Hüquq Şurasına müraciət edəcəyini bildirib.

Qeyd: İddialarla bağlı qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button