Narazı xalqın mitinqə çıxmamasının sirri…
Sərdar Cəlaloğlu: “Xalqın təhtəlşüurunda belə nəticə formalaşır ki, kasıb, dinc yaşamaq yaxşıdır, nəinki yaxın Şərqin və Ukraynanın gününə düşmək”; Mehman Əliyev: “İndiki vəziyyətdə xalqın dəstəyini gözləmək sadəlövhlük olardı”
Martın 15-də Milli Şura “Talana və yalana son!” şüarı ilə mitinq keçirdi. Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi məlumatına görə, mitinqdə 600 nəfər, təşkilatçıların açıqlamalarına görə isə 10 min adam iştirak edib. Neytral müşahidəçilər isə aksiyada təxminən 3 min civarında insanın iştirak etdiyini deyirlər.
MŞ sədri Cəmil Həsənli hesab edir ki, mitinq yüksək əhval-ruhiyyə şəraitində keçib və bu mitinq 2015-ci ilin uğurlu başlanğıcıdır: “Azərbaycan vətəndaşları ortaya iradə qoydu və ”Məhsul\” stadionuna gələrək hakimiyyətin yürütdüyü siyasətə “yox” dedi. Hesab edirəm ki, 2015-ci ilin 15 mart mitinqi uğurlu bir başlanğıcdır və mitinqlər silsilə şəklində davam edəcək. Azərbaycan xalqı öz haqqı uğrunda savaşa qoşulacaq və mütləq qalib gələcək\”.
AXCP sədri Əli Kərimli bildirib ki, 15 mart mitinqi cəmiyyəti susdurmaq mümkün olmadığının və MŞ-nin ayaqda olduğunun göstəricisi oldu.
Ekspertlər isə hesab edir ki, manatın ucuzlaşması və ölkədə bahalaşma prosesinin getməsi, əhalinin sosial durumunun pisləşməsi, narazılığın artması fonunda sırf sosial tələblə, bahalaşma əleyhinə keçirilən mitinqə normal məntiqlə 3-4 min adam yox, ən azı 30 min insan qatılmalı idi. Amma yenə də bu baş vermədi və mitinqə qatılanlar Milli Şuraya daxil olan qurumların və MŞ-dən kənarda olan müxalifət partiyalarının üzvləri idi. Cəmiyyətdəki kütləvi narazılıq mitinqdə özünü göstərmədi. Bəs bu paradoksallığın səbəbi nədir? Sadə vətəndaşlar mitinqlərə münasibətdə niyə müşahidəçi mövqeyində dayanırlar? Hər halda, bunun siyasi-elmi və psixoloji səbəbləri var.
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, bahalaşma nəticəsində sosial vəziyyəti ağırlaşan insanların bahalaşma əleyhinə keçirilən mitinqə qatılmaması bir tərəfdən xalqın öz taleyinə laqeyd qalması və apolitik vəziyyətdə olması ilə bağlıdır: “İkincisi, xalq düşüncəsi təhtəlşüur işidir. Təhtəlşüura insanların müdaxilə etmək imkanı yoxdur. Xalq şüurunda baş verən hadisələri adi məntiqlə izah etməyə cəhd edəndə yanılırıq. Adi məntiqlə heç vaxt xalqın davranışını izah etmək mümkün olmur. Yaranmış vəziyyəti sadə formada belə izah etmək olar ki, bir insan iki təhlükə qarşısındadır. Bir təhlükə həyatının itirilməsi, o birisi vəsaitinin itirilməsi, kasıblaşmaq təhlükəsidir.
Lenin həyat yoldaşı ilə Finladiyaya müalicəyə gedəndə bir oğruya rast gəlirlər. Oğru onlardan pul tələb edir. Lenin tez cibindəki bütün pulunu verir. Oğru gedəndən sonra Krupuskaya Leninə deyir ki, niyə pulunu verdin. Lenin deyir ki, ağıllı adam öz həyatı ilə pul arasında seçim edəndə pul kisəsindən imtina eləməlidir, həyatından yox. Təhtəlşüur budur. İndi Azərbaycanda xalq bir tərəfdən görür ki, Rusiya Ukrayna ilə müharibə edir və Ukrayna hansı problemlərlə üzləşib, xalq görür ki, yaxın Şərqdə guya demokratiya uğrunda başlanan mübarizə həmin xalqları, dövlətləri məhv edir. Ona görə də xalqın təhtəlşüurunda belə nəticə çıxır ki, kasıb, dinc yaşamaq yaxşıdır, nəinki yaxın Şərqin və Ukraynanın gününə düşmək. Xalqın gəldiyi bu nəticə onun sosial-iqtisadi həyatda itirdiklərini arxa plana çevirir”.
ADP sədri vurğuladı ki, elmi şəkildə sübut olunub ki, əgər insanlar sosial-iqtisadi vəziyyətin pisləşməsinə reaksiya vermirlərsə, bu o deməkdir ki, onlar birbaşa siyasi hüquqları haqqında düşünürlər və öz beyinlərində siyasi rejimə qarşı müəyyən bir etiraz hazırlığına girirlər: “Təhlükəli olan budur. İnsanlar özünü daha böyük bir hadisəyə, mitinqdən böyük prosesə hazırlayır. Bu baxımdan Azərbaycanda yaranmış sosial-iqtisadi vəziyyətlə xalqın reaksiyasını olduqca təhlükəli hal kimi qiymətləndirmək lazımdır. İqtidar bilməlidir ki, əgər xalq ağır sosial-iqtisadi vəziyyətə görə etiraz eləmirsə, daha ciddi siyasi etiraza hazırlaşır. Bu cür proseslərin isə xalqın öz əleyhinə yönələcəyi ehtimalı böyükdür. İndiki vəziyyətin başqa cür izahı yoxdur”.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə moderator.az saytına deyib ki, cəmiyyət aksiyaya dəstək vermir: “Mən bu dəstəyi görmürəm. Lakin hesab edirəm ki, bu, problem deyil. Siyasi qüvvələr, vətəndaş cəmiyyətləri məlum durumla bağlı hökmən xalqa öz sözünü çatdırmalıdır. İndiki vəziyyətdə xalqın dəstəyini gözləmək sadəlövhlük olardı”.
M.Əliyevin sözlərinə görə, ölkədəki böhran, qiymət artımı hər kəsi narahat etsə də, aksiyalarda kütləviliyi təmin etmək üçün bir qədər zamana ehtiyac var: “Təbii ki, artan bahalıq hər kəsi narahat edir. Hər kəs baş verənlərdən narazı və narahatdır. Lakin hesab edirəm ki, bu hələ başlanğıcdır. Azərbaycandakı məlum iqtisadi böhran bir-iki ayın deyil, uzun illər ərzində yeridilən siyasət nəticəsində meydana çıxıb. Hesab edirəm ki, bəlli bir müddətdən sonra vəziyyət dəyişəcək. İnsanlarda baş verənlərə münasibət dəyişəcək. Dözümlülük məsələsində də dəyişiklik baş verəcək. Hakimiyyətin özündə də problem yaranacaq. Hakimiyyətin özü də bundan kənarda qala bilməyəcək. Bu böhran ciddi fəsadların meydana çıxmasına səbəb olacaq”.
Politoloq Qabil Hüseynlinin fikrincə, insanlar siyasətə az maraq göstərirlər. Siyasətlə maraqlananlar isə siyasi proseslərin perspektivinə o qədər də bel bağlamırlar: “Bu səbəbdən də aktiv siyasi fəaliyyətə qoşulmaq istəmirlər. Cəmiyyətdə buna təsir göstərən amillərdən biri də iqtidarın siyasəti ilə bağlıdır”.
Deputat Fazil Mustafa isə hesab edir ki, mitinqdə iştirak edən insanların sayı məsələsi önəmli deyil. Çünki orada 100 nəfər də olsa, 5 nəfər də olsa, hər kəsin fikir bildirmə haqqı var. Və məsələnin əsas mahiyyəti də elə budur: “Söhbət saydan getmir, söhbət orada səslənən fikirləri dinləməkdən gedir. Ən əsas məsələ hüququn gerçəkləşməsidir. 15 mart mitinqi adi mitinqlərdən biri idi. Hesab edirəm ki, istənilən demokratik ölkələrdə insanlara bu imkanlar tanınmalıdır. Mitinqlərin təsir imkanları məhdud olduğundan bunu cəmiyyət həyatına təsir edən, hər hansısa bir dəyişiklik gətirən hadisə hesab etmirəm”.
Qeyd edək ki, Milli Şura növbəti aksiyanı aprelin 5-nə təyin edib. Müsavat Partiyasının isə aprelin 12-də mitinq keçirəcəyi barədə açıqlama verilib.(musavat.com)