Önəmli

Cahangir Hacıyev ölkədən kimin pullarını çıxarmışdı…

Cahangir Hacıyev ölkədən kimin pullarını çıxarmışdı...Mətbuat manatın ucuzlaşmasından və bunun ardınca baş verən proseslərdən çox yazıb. Azərbaycan Mərkəzi Bankı (AMB) öz ünvanına yönələn bütün ictimai qınaq və tənələrə, son illərin ən güclü tənqidlərinə mətanətlə dözüb maksimum təmkin nümayiş etdirdi.

AMB-in həddən artıq qeyri-populyar olan bu addımından sonra yaranmış ajiotaj səngiməyə başlayan kimi isə Azərbaycan Beynəlxalq Bankının (ABB) sədri “könüllü şəkildə” istefaya getdi.

Bütün bunlar adamı istər-istəməz düşündürür: ilk baxışda bir-birinə heç bir aidiyyəti olmayan bu iki proses arasında hansısa əlaqə varmı?

Hamı (o cümlədən biz) manatın gözlənilməz devalvasiyasına görə məsuliyyəti ilk gündən nəyə görəsə AMB-in və onun sədri Elman Rüstəmovun üstünə qoyub. Rüstəmov lap elə son günlərə qədər bizi inandırmağa çalışırdı ki, manat tədricən ucuzlaşacaq, ajiotaja heç bir səbəb yoxdur. Lakin Rüstəmovun əleyhinə təşviqat apardığı həmin o ajiotajı məhz elə AMB-in öz qərarı doğurdu.

E.Rüstəmovu hiyləgərlikdə ittiham etməyə adamın dili də gəlmir. Azərbaycanda hamı onu öz işini yaxşı bilən maliyyəçi, peşəkar və təcrübəli bankir kimi tanıyır. Əvvəlcə hamını təmkinli olmağa çağır, 4 gündən sonra isə xalq və dövlət qarşısında bütün məsuliyyəti öz üzərinə götür… Adam özü-özünə belə quyu qazmaz axı…

Yaxşı bəs onda faktların bəsit müqayisəsindən doğan nəticələri necə, nə ilə izah edəsən? Təsadüfləmi? Axı bu da var ki, belə ciddi məsələlərdə təsadüflər olmur. Təəssüf ki, düşüncə materialı kimi rəsmi versiyalar da yoxdur.

Lakin budur, Azərbaycanın digər məşhur bankiri – ABB sədri Cahangir Hacıyev də öz postunu“səhhəti ilə əlaqədar”, bu dəfə də gözlənilməz şəkildə tərk etdi.

Artıq 20 il idi ki, sakit işgüzar mühitin hökm sürdüyü bank sistemindəki bu qəfil, gözlənilməz hadisələrin bir-birinin ardınca baş verməsi nə demək idi?

Bu sual müəmmalı hadisələrin təkrarlanması fonunda aktuallaşır. Rüstəmovun hiyləgərliyindən danışmaq mənasız olduğu kimi Hacıyevin xəstəliyindən söz açmaq da mənasızdır.

Biz belə bir informasiya boşluğu şəraitində öz fərziyyəmizi irəli sürürük. Onun həqiqətə 100 faiz uyğun olduğunu iddia etmirik, buna zəmanət verə bilmərik. Amma ortada məntiq var.

Beləliklə, E.Rüstəmov fevralın 16-da əhaliyə manatın kursunun müəyyən edilməsində “valyutasız səbət”dən istifadəyə keçid barədə xəbərdarlıq etdi. Eyni zamanda bizi narahat olmamağa çağırdı, dedi ki, kursda heç bir sıçrayış olmayacaq.

Xalq Rüstəmova inandı. Lakin AMB fevralın 21-də heç bir xəbərdarlıq etmədən manatı birdən-birə 34 faiz ucuzlaşdırdı. Tezliklə bəlli oldu bu bir neçə gün Azərbaycana çox baha başa gəlib. Prezident İlham Əliyevin də dediyi kimi, AMB-in valyuta ehtiyatları fevralın 16-dan sonra o qədər xərclərə məruz qalmışdı ki, hətta bu ehtiyatların özünün mövcudluğu da təhlükə altına düşmüşdü. AMB manatın yalnız konvertasiyasına görə hər gün 500 milyon dollar itirirdi. Kapitalın geri axını prosesi başlamışdı ki, bu da geridönməz proseslərə gətirib çıxara bilərdi. Daha gözləmək mümkün deyildi. Cərrah xəstəyə son anda necə müdaxilə etməyə məcbur olursa, AMB də öz məşum qərarını elan etməli oldu.

Burada dayanmaq lazımdır. Təbii sual yaranır: hər gün yarım milyard dolları kim və harada konvertasiya edirdi?

Aydın məsələdir ki, bizim valyutadəyişmə məntəqələri bu nəhəng məbləğdə pulu dəyişə bilməz. Deməli, nağd dövriyyə variantı istisnadır. Nəqdsiz dövriyyəni isə yalnız banklar reallaşdırır. Onların arasında özünəməxsus provayder rolunu isə məhz ABB oynayır. Yəni ABB digər banklar arasında nəinki ən böyük valyuta saxlancıdır, həm də digər bankların bütün tranzaksiyaları məhz ABB vasitəsilə baş verir (hər halda əvvəl belə idi).

Beləliklə, hadisələrin məntiqi çərçivəsi artıq cızılır. Buradan çıxış etsək deyə bilərik ki, ABB və onun sədri C.Hacıyevin manatın devalvasiyasına birbaşa aidiyyəti olub. Bu da azmış kimi, C.Hacıyev üstəlik yaxınlaşmaqda olan fəlakətin qarşısını vaxtında almağa da heç bir cəhd göstərməyib. Axı istənilən bankın rəhbərinin işi hər gün səhər ötən günün əsas nəticələrini nəzərdən keçirməklə başlamalıdır, bundan sonra isə o, növbəti dövr, növbəti gün üçün qərarlar qəbul edə bilər.

C.Hacıyev Mərkəzi Bankın hər gün yarım milyard dollar itirdiyini bilməyə bilməzdi. Bunun çox davam etməyəcəyini də bilməyə bilməzdi.

Valyutanın hansı “qara dəlik”dən sorulub getdiyini axtarmağa başlayan ümumi tənzimləyici – Mərkəzi Bank da var. Lakin AMB bu “dəliyi” tapana və ölkənin ali rəhbərliyini bu barədə məlumatlandırana qədər artıq 2 milyard dollardan artıq valyua itirmişdi.

Bəs bu prosesi C.Hacıyev özü niyə dayandırmadı? Bu barədə ali rəhbərliyə niyə özü məruzə etmədi? Axı Hacı Məmmədov əhvalatından da yaxşı bilirik ki, onun ali rəhbərliyə çıxış imkanları var…

C.Hacıyevin bu proseslərdən baş çıxarmaması və yaxşıca qazanmaq istəməsi kimi versiyaları dərhal bir kənara atmaq lazımdır. Çünki o, kifayət qədər təcrübəyə maalikdir, üstəlik Hacıyevi pula böyük ehtiyacı olan biri saymaq düzgün olmaz. Hacıyevin prinsipiallıq göstəricisinə gəlincə isə yalnız bunu təxmin etmək olar: ölkənin həddən artıq böyük hörmətə malik şəxsləri kapitalın Azərbaycandan çıxarılması işinə əl qoymağa başlayıblar, Hacıyev də onlara rədd cavabı verə bilməyib. Halbuki ABB şefi bunun ona təkcə vəzifəsi bahasına başa gəlməyəcəyini başa düşə bilərdi, bunu anlamalı idi.

Həmin hörmətli şəxslərin kim olduğunu demək bizim üçün çətindir. Lakin onların hamısının adını açıqlamaq bank üçün o qədər də çətin deyil.

Hakimiyyət orqanları C.Hacıyevi vəzifədən kənarlaşdırmaqla kifayətlənəcək, yoxsa onun da məsələsi bayaq adını çəkdiyimiz “Hacı Məmmədov işi” kimi böyük rezonans doğuracaq? (bu bandanın ifşa olunmasına Cahangir müəllimin özü də çox kömək eləmişdi).

Sonda bir daha deyək ki, bütün bu dediklərimiz yalnız təxminlərimizdir. Bu ehtimallar ayrı-ayrı faktların məntiqi müqayisəsi üzərində qurulub.

Biz Şerlok Holms deyilik, özümüzü belə göstərmək də istəmirik. Bununla belə digər tərəflərin, o cümlədən Mərkəzi Bankın, Beynəlxalq Bankın və şəxsən C.Hacıyevin özünün də fikirlərini məmnuniyyətlə dinləməyə hazırıq. Zənn edirik ki, onlar əsl həqiqətin cəmiyyətə, xalqa çatdırılmasında bizdən az maraqlı deyillər…

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button