Azərbaycan tərəfə keçən erməni əsgərin atasını polisə apardılar
Azərbaycan Ordusuna təslim olan erməni əsgər Andranik Qriqoryanın validenyləri də danışıb.
Andranikin anası “Azadlıq” radiosunun Ermənistan xidmətinə deyib ki, oğlunun hərbi xidmətdə problemləri vardı: “Sonuncu dəfə evə gələndə ovqatı təlx idi. Niyə əhvalın xarabdır sualına isə cavab vermirdi. Hərbi hissənin komandanlığından xahiş etmişdi ki, onu başqa yerdə hərbi xidmətə keçirsinlər”.
Qriqoryan martın 22-də təslim olub. Onun əlində ağ bayraq Azərbaycan mövqelərinə yaxınlaşan videogörüntüləri yayılıb. Erməni tərəfi bu videonu qurama adlandırır.
Qrigoryan Azərbaycanın Xocavənd rayonunun (ermənilər ona Martuni deyir) Berdaşen kəndindəndir.
Kəndin icra nümayəndəsi mətbuata açıqlamasında Qriqoryan-ı təhqir edib:
«Kənddə uşaqdan böyüyə hamı o oğlanı söyür. Onu kəndin ən əclaf adamı sayırlar. Əgər o doğrudan da belə anormal hərəkət edibsə, erməni xalqını satıbsa, türklərin tərəfinə keçibsə, mən yalnız bir şey deyə bilərəm, onun ağlı yerində deyil”.
Amma kənd sakinlərinin çoxu Andraniki necə adam kimi tanıyırsınız sualına “yaxşı, normal” cavabları veriblər.
Azərbaycan tərəfi isə erməni əsgərin könüllü təslim olduğunu bildirir.
Əsgərin öz hərəkətini əsaslandıran videosunu da nazirlik yayıb. QriQoryan orada deyir:
“Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram… Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb”.
Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Andranik Qriqoryanın atası Xocavənd rayon Polis İdarəsinə çağırılaraq sorğu-sual edilib.