Kəlbəcərli girovlarımız üçün saxta əfv ərizəsi hazırlanır
Xankəndində girov saxlanılan soydaşımız Dilqəm Əsgərovla bağlı növbəti “apelyasiya şikayəti” hazırlanır. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Əsgərovun erməni “vəkili” Erik Beqlaryan bildirib.
Onun sözlərinə görə, ərizə aprelin 10-dək qondarma “DQR”-in “Ali Məhkəməsinin Kasasiya Palatası”na təqdim ediləcək. “Vəkil”in iddiasına görə, o, öz müvəkkili ilə bu barədə danışıb və Dilqəm Əsgərov öncəki instansiyaların qərarlarından şikayət vermək qərarına gəlib.
“Kasasiya Palatasının qərarı qüvvəyə minəndən sonra Dilqəm Əsgərov “DQR prezidenti” Bako Saakyana əfv olunmaq xahişi ilə müraciət edəcək”, – deyə yalançı vəkil qeyd edib.
Həmçinin, Şahbaz Quliyevin “vəkili” Arkadi İsraelyan da müvəkkilinin “Kasasiya Palatası”na müraciət edəcəyini söyləyib.