Önəmli

Nazirlikdən “Whatsapp”la bağlı vacib açıqlama

Ani mesajlaşma və mübadilə sistemi votsapın (“WhatsApp”) istifadəçilərinin şəxsi məlumatlarının feysbuk və ona məxsus digər sosial şəbəkələrdə istifadəsi ilə bağlı tələblər qanunu pozmur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

“Hər bir istehlakçının elektron məhsul, mobil xidmətlər və tətbiq proqramları əldə edərkən onun istifadə qaydaları, təhlükəsizlik şərtləri barədə məlumat almaq hüququ var. İstehlakçı bu hüquqdan istifadə edərək proqramın ona uyğun olub olmamasını özü müəyyən etməlidir.

Mobil tətbiq proqramlarının istifadə və təhlükəsizlik şərtlərində dəyişikliklər edilməsinə gəlincə, şirkət istifadəçilərini informasiya siyasətinin dəyişməsi haqqında məlumatlandıraraq, onlara seçim imkanı yaradır. Belə olan təqdirdə alternativ sosial şəbəkələrin olmasını nəzərə alaraq istehlakçılar digər tətbiqlərdən istifadəni seçməkdə sərbəstdilər. Bu səbəbdən “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanun pozulmamış hesab olunur.

Dövlət Xidməti mobil tətbiqlərlə əlaqədar müraciətlərin daxil olmasını nəzərə alaraq istehlakçılara tövsiyyə edir ki, həmin proqramlardan istifadə edərkən diqqətli olsunlar. Əvvəlcədən həmin proqramlar barədə ətraflı məlumat əldə edərkən, tətbiqin istifadə şərtləri ilə diqqətlə tanış olduqdan sonra qəbul etsinlər. Fərdi məlumatların digər şəxslərə ötürülməsinin qarşısını almaq məqsədilə istifadəçilərə şübhəli keçidlərə daxil olmamaları, kart məlumatlarından məhdud şəkildə və yalnız etibarlı mobil tətbiqlər vasitəsilə istifadə etmələri tövsiyə olunur”, – açıqlamada qeyd olunub.

Xatırladaq ki, votsap bu il yanvarın 10-dan 2 milyarda qədər istifadəçisinə yeni məxfilik siyasəti ilə bağlı müqavilə göndərməyə başlayıb və istifadəçilərə fevralın 8-ə kimi yeni qaydaları qəbul etməyən smartfonlarda mobil tətbiqin işləməyəcəyi bildirilib. Yeni qərardan sonra istifadəçilərin kampaniyalar keçirməyə başlaması, onların arasında sonsuz sayda şübhələr və məlumat sızması riskinin yüksək olacağı ilə bağlı fikirlər bu tarixin 15 maya qədər uzadılmasına səbəb olmuşdu.

Votsapın bu qərarından sonra bir sıra ölkələrin, o cümlədən Türkiyənin rəqabət qurumu feysbuka (mobil tətbiqdə istifadə və təhlükəsizlik şərtlərində dəyişikliklər edilməsi ilə əlaqədar) müraciət edib. Qurumun müraciətində deyilir ki, yeni qaydalar Türkiyə vətəndaşlarının fərdi məlumatlarının qorunması ilə bağlı qaydalara ziddir və bu səbəbdən də həmin qaydalara Türkiyədən olan istifadəçilər üçün yenidən baxılsın. “Facebook” isə rəsmi açıqlamasında həmin müraciəti nəzərə alaraq şərtlərə yenidən baxacaqlarını bəyan edib. // “Report”

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button