Önəmli

Rəsul Quliyevin oğlu: “Atamın qayıtmasını istəmirəm”

Rəsul Quliyevin oğlu: “Atamın qayıtmasını istəmirəm”Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev müsahibəsində iki oğlu, bir qızının olduğunu bildirmişdi. Modern.az Rəsul Quliyevin oğlu Pərvin Quliyevdən müsahibə götürüb. Onunla müsahibəni təqdim edirik:

– Pərvin bəy, Azərbaycan siyasətində müəyyən çəkiyə malik olan Rəsul Quliyevin övladısınız. Bilmək istərdik ki, eks-spikerin oğlu hazırda hansı şəhərdə yaşayır.

– Mən Nyu-York ştatının Rokland əyalətində yaşayıram. Əyalət Hudzon çayının sahillərindədir. Amerikanın bir çox yerləri kimi bura da təbiətin qoynunda yerləşir. Buranın müxtəlif sahələrdə çalışan sakinləri üçün Nyu-York şəhərində və onun ətrafında işləməsi üçün şərait yaradılıb.

– Bəs özünüz nə işlə məşğulsunuz?

– Hal-hazırda maliyyə institutunda – maliyyə sahəsində işləyirəm. ABŞ-da bir sahə və peşədə daimi işləmək əsas olmadığı üçün, əksəriyyət şans və imkan olan kimi özünün və ailəsinin həyatının rahatlığı üçün iş yerlərini dəyişir.Hətta deyərdim ki, yeni ixtisas üzrə təkmilləşir.

– Bəs necə oldu ki, Amerikaya getdiniz? Atanızla eyni vaxtda getmişdiniz, yoxsa sonradan?

– Mən Amerikaya təhsilimi davam etdirmək məqsədi ilə 1992-ci ildə gəlmişdim Təhsilimi bitirib Azərbaycana dönmək fikrində idim. Çünki o dövrdə tək mən yox, ABŞ və digər Qərb ölkələrində də təhsil alan tələbələrin bir çoxu şəxsi nailiyyətlərindən sonra yenicə müstəqillik almış vətənlərinə dönüb müxtəlif sahələrdə, həm quruculuq və həm də yaradıcılıqda iştirak etmək arzusunda idilər.

Çox təəssüf, məndə bu, alınmadı və bəziləri kimi yeni vətəndaşlıq seçməli oldum. Atam bildiyiniz kimi, 1996-ci ildə Azərbaycanı tərk edib.

– Siz təhsilinizi başa vurduqdan sonra Azərbaycana qayıtmaq istəmisiniz və o zaman atanız Bakıda idi. Atanız Amerikaya getdikdən sonra necə, heç Azərbaycana gəlmək barədə düşünmüsünüz? Və daha bir sual: atanızın da vətənə dönməsini arzulayırsınız?

– Azərbaycana gəlmək haqqında əvvəllər daha çox düşünürdüm. 2005-ci il hadisələrindən sonra atamın növbəti dəfə həyatını riskə qoyub geri qayıtmasını istəməmişəm. Hər halda onun Azərbaycana qayıtmasında məqsədi ölkənin və xalqın taleyi və gələcəyi ilə əlaqədar olub. Bu gün xalqın əksəriyyətinin öz taleyinə biganəliyini nəzərə alaraq, atamın ora qayıtmasına bir lüzum görmürəm.

– Deyəsən, analitik yazılarla da çıxış edirsiniz. Hər halda mütaliəniz genişdir.

– Analitik yazılardan çox öz fikirlərimi bölüşdürməyi birinci növbədə özümə qarşı borc bilirəm. Uzun yazılardan çox əgər fikri bir neçə cümlədə çatdıra bilərəmsə, buna daha çox üstünlük verirəm. Hər hansı mövqe tutmadan öz dəyərlərim və müəyyən prinsiplərim əsasında obyektiv olmağa çalışıram.

– Analitik düşüncə qabiliyyətiniz varsa deməli, dünyada baş verən prosesləri izləyirsiniz. Dünyanın tərkib hissəsi olan Azərbaycanda gedən ictimai-siyasi proseslərdən də xəbərdarsınız, bu barədə sizin müəyyən açıqlamalarınız olub. Maraqlıdır, indi düşüncələrinizdə nəsə dəyişiklik baş verib?

– Bu gün Azərbaycanda baş verənləri qismən izləyirəm. Düzünü deyim dəyərlər olmayan ölkədə gedən prosesləri dəyərləndirmək sadəcə mənasını itirib, abstrakt və absurd amorfik təəssürat bağışlayır.

– Atanızın Azərbaycan siyasətindəki statusu və mövqeyi bir övlad kimi sizi qane edirmi?

– Atam özünə qarşı daha çox tənqidi yanaşdığı üçün və daim nəticəsi olmayan hər hansı işləri sevmədiyi üçün bu, onun özünü qane etmir. Bu haqda o dəfələrlə həm yazılarında və videolarda qeyd edib. Nəzərə alsaq ki, bu gün hər yerindən duran özünü “siyasətçi” adlandırır və eyni zamanda sosial-iqtisadi böhranların təzyiqinə məruz qalanların əksəriyyəti “mən siyasətə qarışmıram” və yaxud “məşğul olmuram” deyib məişət tipli narazılqlarını bildirirlərsə, siyasət bu formada əslində hamını əhatə edir, buna görə də o, ciddi peşə və sənət sayıla bilməz. Bu cür mühitdə mənim özümün yanaşmam və hansısa mövqeyi qiymətləndirməm nisbi olacaq və hər hansı abstakt “siyasi” mühitlə əlaqəsi olmayacaq.

– Səhv etmirəmsə ailələsiniz. Əgər sirr deyilsə, ailəniz haqqında da məlumat verərdiniz?

– Mənim ailəm dörd nəfərdən ibarətdir. Həyat yoldaşım Zemfira ABŞ-da təhsilini bitirib və məktəbdə müəllimə işləyir. İki oğlum var – Rəsul və Elmir. Hər ikisi həm təhsil alır və həm də müxtəlif sahə üzrə öz bizneslərində çalışırlar. Oğlanlarımın ikisi də 13 yaşından təhsil almaqla yanaşı, həm də öz əməklərinə qiymət vermək üçün həftədə ən azı 1-2 gündən başlayaraq çalışıblar.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button