Önəmli

Tofiq Yaqublu bu gün qızının qırx mərasiminə buraxılacaqmı?

Tofiq Yaqublu bu gün qızının qırx mərasiminə buraxılacaqmı? Vəkil Penitensiar Xidmətə müraciət edib; məhbus atası əfv verilməməsindən təəssüflənir

İyunun 1-də saat 13:00-da Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublunun qızı, mərhum əməkdaşımız Nərgiz Yaqublunun qırx mərasimi keçiriləcək. Vicdan məhbusunun qızının yas mərasimində iştirak etməyi üçün Penitensiar Xidmətə müraciət olunub.

Bu barədə müsavat.com-a Tofiq Yaqublunun vəkili Nemət Kərimli məlumat verdi: “Məktubla Penitensiar Xidmətə müraciət etdim. Tofiq bəyin qızının yasında iştirak etmək üçün bir-iki günlük azadlığa buraxılması ilə bağlı. Hələ də bir cavab deyilməyib. Çox güman ki, iyunun 1-də məlum olacaq”.

Vəkil mayın 29-da Apelyasiya Məhkəməsində hökm qərarı qüvvədə saxlanılan müsavatçı gənc Sirac Kərimli və qardaşı Fərəc Kərimli ilə bağlı da danışdı: “Siracın hökm qərarı qüvvədə saxlanıldı. Ali Məhkəməyə müraciət edəcəyik. Hökmün əsassız olması ilə bağlı. Fərəcin işindən isə apelyasiya şikayəti verilib”.

Müsavat başqanının həbsdəki müavinlərindən daha biri – Yadigar Sadıqov ürəyində yaranan problemlərlə əlaqədar müalicəsini cəzaçəkmə müəssisəsində davam etdirir. Başqan müavininin Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah onunla mütəmadi olaraq əlaqə saxladıqlarını söylədi: “Lazımi dərmanları vaxtında çatdırırıq. Ürəyindəki problemlər artmadan davam edir. Yaxınlarda ailəsi ilə görüşdü. Cəzasının ikidə birini çəkdiyi üçün azadlığa buraxılması ilə bağlı müraciəti rədd edildiyinə görə apelyasiya şikayəti verilib. Məhkəmənin vaxtı hələ məlum deyil. Prosesə hazırlaşır”.

NİDA-çı gənc Ömər Məmmədovun atası Əlyar Məmmədov əfv verilməməsindən təəssüfləndiyini dilə gətirdi: “Əfv olacağına çox inanırdıq. Qarşıdan Qurtuluş Günü gəlir. Ola bilsin ki, bu günlə bağlı verilsin. Guya ki, vaxtın çatdırılmamasına görə əfv olmadığını deyirlər. Bu fikirlərə inanmıram. Bəzilər deyir ki, Avropa Oyunlarından qabaq siyasi məhbuslar azad olunsaydı, hakimiyyətin zəifliyi olardı. Amma onları tutmaq hakimiyyətin zəifliyi demək idi. Özü ilə danışırıq. Hər şey normaldır”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button