Önəmli

Həbsdə olan baş redaktor müraciət yaydı

Həbsdə olan baş redaktor müraciət yaydıHazırda həbsdə olan 7gun.az saytının baş redaktoru Cavid Şirəliyev müraciət yayıb.

Müraciəti redaksiyamıza Cavid Şirəliyevin anası Zahirə Şirəliyeva təqdim edib.

Müraciətdə bildirilir:

\”Mən vətəndaş cəmiyyətinin fəal üzvü olaraq gənc yaşlarından ölkənin ictimai həyatında jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyətə başlayaraq, 2010 –cu ildə keçirilən Milli Məclis seçkilərində 71 saylı Masallı kənd Seçki Dairəsindən deputatlığa müstəqil namizəd olmuşam. Sonra yaradılan ictimai Palataya qoşularaq, keçirilən bütün tədbirlərdə iştirak etmişəm. Heç bir partiyanın üzvü olmamışam. Ali təhsilliyəm.

Tam müstəqil www.7 GUN.az internet qəzetinin təsisçisi və baş redaktoru, jurnalist və hüquq müdafiəçisi kimi fəalliyətim dövründə cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi durum haqqında müxtəlif araşdırmaların, dövlət hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, onların vəzifəli şəxslərinin qanunsuz işlərini və hərəkətlərini ifşa və kəskin tənqid edən məqalələrin müəllifi olmaqla yanaşı, həmçinin insan və vətəndaş haqlarını, eləcə də qanunla qorunan mənafelərini mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə etdiyim üçün hakimiyyətdə olan məmurların, dövlət orqnlarının rəhbər şəxslərinin sifarişi, xüsusi tapşırığı və razılığı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qanunsuz həbs olunmuşam.

Cinayət işi ilə əlaqədar bildirirəm ki, 03 iyun 2014- cü il tarixində DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər, Qaradağ rayon, Qobustan qəsəbəsi massiv1, ev 104 ünvanında pasport qeydiyyatında olan Xankişiyeva Şəfiqə İsmayıl qızı Tovuz rayon Qovlar qəsəbəsində yerləşən \”Tatar” kafesində əxlaqsızlıq yuvası təşkil edib, gəlir əldə etmək məqsədilə qadınları fahişəlyə cəlb etdiyi üçün şübhəli şəxs qismində saxlanılmış, onun barəsində ARCM-in 244.1-ci maddəsilə cinayət işi başlanmışdır.

Bu müddət ərzində Şəfiqə Xankişiyeva \”Tatar” kafesinə müştəri kimi gələn Qazax rayon sakinləri Orucov Asif Akif oğlu və Əsgərov Məhərrəm Ələkbər oğlu ilə təsadüf nəticəsində tanış olmuş, aralarında yaranmış söhbət əsasında onlar jurnalist olduqlarını bildirmişdir. Bunlar arasında daha da səmimi münasibət yaranmışdır.

Bundan sonra Xankişiyeva Şəfiqə Orucov Akif və Əsgərov Məhərrəmə bir neçə gün öncə İnsan alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları sözügedən kafedə əməliyyat tədbiri keçirdiklərini orada əxlaqsızlıq yuvası aşkar etdiklərini, buna görə də onun barəsində həmin idarədə araşdırma aparıldığını bildirmiş və bu problemin həlli üçün Asif və Məhərrəmdən kömək istəmişdir.

Şəfiqə həmçinin İAMBİ-in əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirlərinin qabaqcadan planlaşdırılmış olduğunu, ona şər və böhtan atıldığını bildirmişdir. Asif Orucov bu işdə Şəfiqə Xankişiyevaya hər hansı bir kömək edə bilməyəcəyini, ancaq baş verənlərlə bağlı aidiyyəti qurumlara müraciət etməyin zərərli olduğunu demişdir. Bir qədər danışdıqdan sonra Şəfiqə çıxış yolunun olmadığını bilib, yaşananlarla əlaqədar şikayət etmək qərarına gəlib. Ş.Xankişiyevanın istəyindən sonra A.Orucov və M.Əsgərov onun sözləri əsasında müxtəlif instansiyalara şikayət ərizələri hazırlamış, həmin ərizələr Şəfiqənin imzası ilə dövlət orqanlarına göndərmişdir. Şikayət ərizələri ünvanına çatdıqdan bir neçə gün sonra Şəfiqə İAMBİ-nə çağırılaraq, orada \”dindirilmiş” və onun imzası ilə göndərilən ərizələrin Asif Orucov və Məhərrəm Əsgərov tərəfindən yazıldığını bildirmişdir.

İAMBİ-in əməkdaşları ilə Ş.Xankişiyeva arasında olan danışıq zamanı qarşılıqlı razılaşma əsasında sonuncu müəmmalı şəkildə izahat və ifadə verərək A. Orucov və M. Əsgərov tərəfindən aldanıldığını, şikayət ərizələrinin yazılması üçün dələduzluq və etibardan sui- istifadə yolu ilə ondan 800 manat pul aldıqlarını bildirmiş, buna görə də hər iki şəxsin cinayət məsiliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Bundan sonra Asif Orucov və Məhərrəm Əsgərov barəsində toplanmış ilkin araşdırma materialları əsasında, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin istintaq Şöbəsində cinayət işi başlanmışdır.

Bununla əlaqədar Asif Akif oğlu Orucov və Məhərrəm Ələkbər oğlu Əsgərov 04-05 avqust 2014-cü il BMCMİ-i tərəfindən AR CM-in 178.2.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş, onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Həmin ərəfədə Asif Orucov hüquqlarının müdafiəsi üçün mənə zəng etmiş, məndə çoxsaylı problemlərimin olduğunu deyərək bu işdə ona hər hansı bir formada kömək edə bilməyəcəyimi bildirmişdim.

Bundan 20-25 gün sonra, yəni 30 avqust 2014-cü ildə mən qonşu ölkə Gürcüstan Respublikasına getmək istəyərkən Qazax RPŞ-in əməkdaşları tərəfindən saxlanılmışam. Mənə BMCMİ-in axtarışı əsasında saxlanıldığımı bildirdilər, elə həmin gün mən sözügedən idarəyə gətirilmişəm. Orda mənə məlum oldu ki, guya mən 2013-cü ilin iyun ayının təxminən ortalarında Tocuz rayon Qovlar qəsəbəsində yerləşən \”Tatar” kafesinin icarədarı Xankişiyeva Şəfiqə İsmayıl qızına məxsus mobil telefona zəng vuraraq rüsvayedici məlumatlar yayacağım adı ilə hədə-qorxu gələrək ondan 2000 manat pul tələb edib, 700 manat almışam. Maraqlıdır ki, BMCMİ-i tərəfindən saxlanılarkən məndən hüquqi yardım istəyən Asif Orucov öz ifadəsində bildirmişdir. Daha sonra Ş.Xankişiyeva A.Orucovun sözlərinə tam uyğun olan ifadə vermişdir.

Bu arada olduqca maraqlı məqamlar yaranır ki, Xankişiyeva Şəfiqə İsmayıl qızı Orucov Asif Akif oğlu və Əsgərov Məhərrəm Ələkbər oğlu tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə İAMBİ-nə verdiyi izahat və ifadədə mənim adımı yazmaması, sonradan belə bir iddianın meydana çıxması ciddi şübhələr yaradır. Ş. Xankişiyeva Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2014-cü ilin təxminən iyul ayında ifadə verərək 2013-cü ilin iyun ayının təxminən ortalarında bilavasitə mənim ona zəng vurduğumu bildirib. Ancaq istintaq zamanı mobil operatorlardan alınan və cinayət işinin materiallarına əlavə edilən telefon danışıqları məlumatlarında heç bir halda bizim telefon danışığımız yoxdur.

O həmçinin Tovuz rayon Qovlar qəsəbəsində yerləşən \”Tatar” kafesinin icarədarı olduğunun bildirib. Bununla bağlı hər hansı bir rəsmi sənəd yoxdur. Mən bu barədə ətraflı məlumat əldə etmək üçün Vergilər Nazirliyinin ərizə ilə müraciət etmişəm. VN-in Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinin 15.01.2015- ci il cavabında Tovuz rayon Qovlar qəsəbəsində \”Tatar” kafesinin fəaliyyət göstərmədiyi, belə bir obyektin mövcud olmadığı, həmin kafenin Xankişiyeva Şəfiqə İsmayıl qızı adlı icarədarı və onun vergi orqanında qeydiyyatda olmadığı qeyd olunmuşdur.

İstintaq zamanı Ş.Xankişiyevanın və A.Orucovun mənim barəmdə vermiş olduqları ifadələr araşdırılmamış, telefon danışıqları məlumatları, Vergilər Nazirliyinin cavabı və digər sübutlara lazımı hüquqi qiymət verilməmiş, beləliklə də, cinayət işinin istintaqı qərəzli, qeyri-obyektiv və kobud qanun pozuntuları ilə aparılmışdır.

Onu da bildirim ki, mən Xankişiyeva Şəfiqəni ilk dəfə BMCMİ-in İŞ-də axşam saat 03:40-da üzləşmə zamanı görmüşəm. Onunla əvvəllər hər hansı bir formada tanışlığım və əlaqəm olmamışdır.

Həm də əgər onun iddia etdiyi hadisə 2013-cü ilin iyun ayının təxminən ortalarında baş verdiyi halda bəs nə üçün bu barədə 2014-cü ilin iyul ayında, özü də İAMBİ-i tərəfində tutulduğu ərəfədə şikayət edib? Saxlanıldığım ilk gündən hüquq və azadlığımın qanunsuz məhdudlaşdırılması, pozulmuş hüquqlarımın bərpası, istintaqın qərəzli, qeyri-obyektiv və kobud qanun pozuntuları ilə aparılması ilə əlaqədar aidiyyəti instansiyalara çoxsaylı ərizə və şikayətlər göndərmişdim. Ancaq mənim müraciətlərimin heç birinə qanunla müəyyən edilmiş vaxtda və qaydada baxılmamışdır və müvafiq tədbirlər həyata keçirilməmişdir. Məhz buna görə də mən Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi, onların məsuliyyətə cəlb olunmaları tələbi ilə məhkəməyə müraciət etmişəm. Mənim ərizələrim 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin hakimi Şərafət Məmmədovanın icraatındadır.

Bütün bunlara əsasən bildirirəm ki, buna qədər də peşə fəaliyyətimin icrası zamanı dəfələrlə təqib və təzyiqlərə məruz qalmışam. Təsisçi və baş redaktoru olduğum www.7GUN.az internet qəzetinə müxtəlif hücumlar olmuşdur. Hazırda mənə qarşı irəli sürülən ittihamlar tamamilə əsassız, sübutsuz və qanunsuzdur.

Barəmdə olan qondarma cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mübariz Məmmədovun icraatındadır.

Bu cür sifarişli və qanunsuz həbslər demokratiya, insan hüquqlarının və söz və mətbuat azadlığının məhdudlaşdırılması, faktiki olaraq məhv edilməsi və sıradan çıxarılması deməkdir. Ona görə də aidiyyatı qurumlara və ölkə ictimaiyyətinə müraciət edərək həqiqəti çatdırmağı borc bilirəm və qanunsuz həbsimə münasibət bildirməyinizi, hüquqlarımın bərpası və müdafiəsi üçün mənə lazımi dəstək verməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə, Şirəliyev C.Ə.
26.05.2015\”

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button