Önəmli

Beynəlxalq Bankla bağlı gizli sənəd…

Beynəlxalq Bankla bağlı gizli sənəd...“Azərbaycan Beynəlxalq Bankı ASC-nin indiki vəziyyəti və gələcəkdə görüləcək tədbirlərlə bağlı redaksiyamıza ilginc sənəd daxil olub. Bu sənəd həm də Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin bitirilməsini şərtləndirib. Həmin sənəddə əks olunanların “Aqrarkredit”in rəhbəri Məmməd Musayevin Beynəlxalq Bankın Idarə Heyətinin sədri vəzifəsinə gətiriləndən sonra icra olunacağı deyilir”.

“Qafqazinfo” xəbər verir ki, bu xəbəri “Azadlıq” qəzeti yayıb. Sözügedən sənədin fotosu yayımlanmasa da, qəzet yazır ki, Məmməd Musayevin Beynəlxalq Bankın rəhbərliyinə gətirələcəyi barədə ötən sayında məlumat verib. Məlumatda deyilirdi ki, yaxın günlərdə Beynəlxalq Bankın Müşahidə Şurasının yığıncağı keçiriləcək. Həmin yığıncaqda Məmməd Musayev Idarə Heyətinin rəhbərliyinə gətirilməsi məsələsi həllini tapacaq. Məlumatda deyilir ki, Məmməd Musayev Beynəlxalq Bankın rəhbərliyinə xüsusi planlarla gəlir. Bu sırada bankın özəlləşdirilməsi əsas yer tutur.

“Azadlıq” yazır: “Redaksiyamıza daxil olan sənəddən aydın olur ki, Beynəlxalq Bankın kreditləri ilə bağlı sərt addımlar atılacaq. Məlumat üçün deyək ki, Azərbaycanda kredit portfelinin 60 faizi Beynəlxalq Bankın payına düşür. Hazırda kreditlərlə bağlı ciddi problemlər var. Elə bir müddət əvvəl Beynəlxalq Banka külli miqdarda borcu olan xeyli oliqarx DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılmışdı. Sonradan borcunu ödəyənlər sərbəst buraxıldı, ödəməyənlər barədə isə həbs qərarı seçildi. “Kredit qalmaqalı” adını almış bu proses hələ də bitməyib. Sənəddə aydın olur ki, hakimiyyət bu məsələdə güzəştə getmək niyyətində deyil. Kredit borcu olanların pulu yoxdursa, əmlakları əllərindən alınacaq. Bundan başqa sənəddən aydın olur ki, Beynəlxalq Bankın özəlləşdirilməsi planı var. Bu bankı xilas etməyin yollarından biri kimi göstərilir”.

Qəzet qeyd olunan sənəddən bəzi sitatlar yayıb: “Bankda yaranmış situasiyanın əsas səbəblərindən biri də idarəetmə sistemində mövcud olan boşluqlardır. Beynəlxalq Bank istənilən korporasiya, o cümlədən maliyyə təşkilatının idarəedilməsinin fundamental prinsiplərinə, o cümlədən qanunvericiliyə zidd olaraq de-fakto bir pilləli menecment strukturuna malik olub. Bankda belə idarəetmə tərzi tarixi olaraq formalaşmış, bankın əvvəlki rəhbərlikləri dövründə risklər törətmiş və bir qayda olaraq böyük maliyyə itkiləri ilə nəticələnmişdir. İdarə Heyəti müstəqil, idarəetməyə səlahiyyətli yeganə orqan olmuşdur. Müşahidə Şurasının və tənzimləyici orqanın qərarlarına məhəl qoyulmamışdır. Nəticədə bütün normal idarəetmə prinsipləri pozulmuş, ciddi maraqlar münaqişəsi yaranmış və səhmdarların bankda real situasiyanı qiymətləndirmək imkanları olmamışdır”.

Qəzet şərh edir ki, Beynəlxalq Bankda baş verənlərdə birbaşa Cahangir Hacıyev suçlu bilinir. Onun Müşahidə Şurası ilə hesablaşmaması, tək səlahiyyətli şəxs kimi davranması bankın pis vəziyyətə düşməsinin əsas səbəblərindən biri kimi göstərilir. Məlumat üçün deyək ki, Müşahidə Şurasında Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları da təmsil olunur. Əslində burada Cahangir Hacıyevlə maliyyə naziri Samir Şərifov arasında ziddiyyətlərə eyham edilir. Yeri gəlmişkən, Cahangir Hacıyevin “vurulmasında” da Samir Şərifovun mühüm rol oynadığı barədə iddialar var: “Sənəddə təklif olunur ki, bankı vəziyyətdən çıxarmaq üçün iki pilləli idarəetmə sistemi yaradılmalı və onların səlahiyyət, məsuliyyət və hesabatlıqları dəqiq sərhədlənməli, sərt limitlər müəyyən edilməlidir. “Bankda əks güclər sistemi yaradılmalıdır”, – deyə sənəddə qeyd olunur”.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button