Önəmli

Atasını xilas etmək üçün idmana gələn Avropa çempionunun HEKAYƏSİ

Atasını xilas etmək üçün idmana gələn Avropa çempionunun HEKAYƏSİ2003-cü il. Türkiyənin Mersin şəhərində yaşayan Baldırcı ailəsinin başının üstünü qara buludlar kəsir. Ailənin yeganə oğlan övladı, 9 yaşlı Doğan Əmrə sidik yollarındakı problem üzündən əməliyyat olunur. Bundan az keçmiş, inşaatda çalışan atası Bülənt Baldırcıoğlu xəstəxanada olduğu vaxt yıxılaraq, ağır xəsarət alır. Nəticədə onu da oğlunun yatdığı xəstəxanaya yerləşdirirlər. Dərhal əməliyyat olunur Bülənt bəy. Sonradan üzə çıxır ki, həkimlər onu düzgün əməliyyat etməyiblər. Və bu, Baldırcı ailəsinin başçısının həyatını riskə atır.
Bülənt Baldırcının omba sümüyündən baldır sümüyünə qədər və sağ dirsək oynağına protez taxılır. Amma iş bununla da bitmir. Həkimlər protezlərin hər 10 ildən bir dəyişməli olduğunu deyirlər. Əvvəlcə bu xəbər ailəni o qədər də qorxutmur. \”Necə də olsa, dəyişdirərik\” düşüncəsi ilə illəri yola verirlər.
2014-cü il. Artıq həmin hadisədən 11 il ötür. Protezlər 10 ildən sonra dəyişdirilməli olsa da, Baldırcı ailəsinin buna imkanı çatmır. Pulsuzluq, kasıblıq ata Baldırcının həyatını əməlli-başlı təhlükəyə atır. Bu məqamda isə oğlu Doğan Əmrə ortaya çıxaraq, atasının xilaskarı olur.
Doğan Uzaq şərq idman növü olan Muay-Tay ilə məşğul olur. Atasının ağır durumda olması oğlunu \”alovlandırır\”.
Bəli, Bülənt Baldırcının əməliyyat olunması üçün pul lazım idi və bütün ümidlər ancaq Doğan Əmrəyə idi. Tezliklə turnirə qatılan 20 yaşlı gənc oğlan qalib olaraq, 7 min lirəlik mükafat qazanır. Bunun sayəsində atasının qolundakı protezlər dəyişdirilir. Ancaq evin böyüyünün yaşaması üçün bu bəs etmirdi. Omba sümüyündəki protez də dəyişdirilməli idi. Vaxt azalsa da, Baldırcı ailəsi pulu tapmaqda çətinlik çəkirdi.
Bülənt bəy həyatında son günlərini yaşadığını düşündüyü halda, yenə oğlu xilaskarına çevrilir. Polşada Muay-Tay üzrə Avropa çempionatı keçirilir. Ora yollanan heyətdə Doğan da yer alır. Avropa çempionatı kimi mötəbər turnirdə Doğan uğur qazana biləcəkmi? Bu sual daha çox atasını düşündürürdü.
Doğanın vuruşduğu çəki dərəcəsində 13 idmançı qatılır turnirə. İlk görüşdən üzüağ çıxır Baldırcı. İkinci və üçüncü döyüşdə də qalib gəldikdən sonra finalda oynamaq hüququ qazanır. Final görüşü. Atasının əməliyyatı haqda düşünən və mütləq qələbə qazanmalı olduğunu anlayan Doğan bu dəfə də sözünü deyir. Baldırcı ailəsinin xilaskarı heç kimin gözləmədiyi halda Avropa çempionu adını qazanır.
\”Milli heç vaxt pulla ölçülməz. Amma çempionluğun qarşılığında əldə edəcəyim pul atamın həyatını xilas edəcəkdi. Bu səbəbdən Polşadakı çempionat mənim üçün böyük önəm kəsb edirdi. Bu çempionluq sayəsində atam yenidən sağlamlığına qovuşacaq. O, həyatımdakı ən vacib şəxslərdən biridir. Kiçik yaşlarımdan qatıldığım bütün turnirlərdə yanımda olub. Atam heç vaxt məni tək buraxmayıb\” – deyə, Doğan Avropa çempionluğunun sevinc hisslərini bölüşür.
Doğan Əmrə Uzaq şərq idman növünə 10 yaşında başlayıb. Bədən və İdman Məktəbində təhsilini davam etdirməklə yanaşı, məşqlərini də qaçırmır. Özü də Muay-Taydan savayı, uşu və kikboksinqdə də uğurlar əldə edib. 2010-cu ildə uşu üzrə Avropa çempionu, 2012-ci ildə isə kikboksinq üzrə Avropa üçüncüsü adına sahib çıxıb. Bəs niyə şərq idman növlərini seçib? Səbəbini özü izah edir: \”Həmyaşıdlarım futbol, ya da basketbol oynarkən, mən bu idmanla maraqlanırdım. Futbol oynayanda qorxurdum ki, mənə nəsə olacaq. Amma məşğul olduğum idman növündə özümü çox rahat hiss edirəm. Döyüşməkdən həzz alıram\”.
Doğanın atası əməliyyat olunaraq, omba sümüyündəki protez də dəyişdirilir. Maraqlıdır ki, əməliyyatdan öncə atası oğluna qazandığı pulla özünə maşın almasını, qalanını isə təhsilinə xərcləməsini tövsiyə edir. Təbii ki, Doğan buna razı olmur. Onun üçün maşından da, təhsildən də vacib atasıdır. 53 yaşlı Bülənt bəy oğlunun fədakarlığını yüksək qiymətləndirir: \”Mən də uşaq yaşlarımdan idmanla maraqlanırdım. Uşaqlıq arzum boksçu olmaq idi, amma kimsəsizlik üzündən bu arzumu həyata keçirə bilmədim. Mənimlə müqayisədə oğlum daha şanslı idi. Və o xəyallarını gerçəkləşdirib, arzusuna çatdı. Polşada çempion olanda keçirdiyim hissləri sözlə ifadə edə bilmərəm. Pullardan əlavə, Türkiyə bayrağını zirvəyə qaldırması nəyə desəniz, dəyərdi. Nə qədər desəm də, get maşın al o pula, razı sala bilmədim. Alın təri ilə qazandığı pulla məni əməliyyat etdirdi. Bu cür övladım olduğu üçün xoşbəxtəm. Heç kimə əl açmadıq, heç kimə yalvarmadıq. Həyatda həmişə dik durduq və mübarizə apardıq\”.
Anası Zübeydə Baldırcı da oğlu ilə qürur duyur: \”Yaxşı ki, Doğan mənim oğlumdur. Mən onu Allahın bizə verdiyi mükafat sayıram. Hər dəfə kürsüyə çıxıb medal qazananda çox sevinirəm. Doğanın öz ayaqları üstündə durmasını istəyirdim. O bunu bacardı\”.
Ailənin xilaskarı artıq qarşısına yeni hədəflər qoyub. Atasının həyatını xilas etsə də, missiyası bununla bitmir. Doğan tutduğu yolda sona qədər irəliləmək istəyir: \”Hər gün səhər tezdən qalxıb yollara düşmək və uzun yol qət etdikdən sonra məşqə çıxmaq çox çətindir. Bu vəziyyət məni yorur. Ancaq hər uğurun arxasında əziyyət dayanır. Bir tərəfdən özümü təkmilləşdirirəm, digər tərəfdən isə qarşıma yeni məqsədlər qoyuram. 2015-ci ildə Tailandda Universitetlərarası dünya çempionatı olacaq. İndidən həmin turnirə hazırlaşıram. Bir-birindən güclü rəqiblərim var, işim çətin olacaq. Bununla belə, Tailanddan Türkiyəyə qızıl medalla dönmək istəyirəm\”.
Bax belə. Əbəs yerə deməyiblər ki, ata-anasının qədrini bilən Vətəninin də qədrini bilər. Bu türk oğlu qızıl medallara layiqdir. Odur ki, Doğan Əmrənin adını hələ çox eşidəcəksiniz…(lent.az)

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button