Önəmli

Qorbaçov SSRİ-ni dağıtdığını inkar etdi: “Xəbərim olmayıb…”

Qorbaçov SSRİ-ni dağıtdığını inkar etdi: “Xəbərim olmayıb...”Bu gün yeni dünya tarixinin ən böyük hadisələrindən birinin-SSRİ-nin rəsmən buraxılmasının ildönümüdür.

1991-ci il, dekabrın 8-də Minsk ətrafındakı Belovejsk meşəsində Rusiya, Belarus və Ukrayna rəhbərləri SSRİ-nin buraxılması və MDB-nin yaradılması haqda razılaşma imzaladılar. Bir neçə gün sonra daha 8 sovet respublikası həmin razılaşmaya qoşuldu. Dekabrın 25-də isə SSRİ rəhbəri Mixail Qorbaçov “prinsipial səbəblərdən” prezident səlahiyyətlərini təhvil verdi.

O vaxtdan Qorbaçov SSRİ-ni dağıdan və ittifaq dövlətində yaşayan xalqlara bir çox bədbəxtliklər gətirən siyasətçi kimi tarixdə qalıb. Son vaxtlar isə Putinin SSRİ-ni başqa formada bərpa etməyə yönələn səyləri fonunda Qorbaçov daha çox lənətlənir.

Lakin indi 23 il əvvəl rəsmən buraxılmış SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov bu nəhəng imperiyanı dağıtdığını inkar edir.

Virtualaz.org saytı xəbər verir ki, Qorbaçov Rusiyanın “RSN” agentliyinə müsahibəsində 1991-ci ilin dekabrında imzalanan Belovejsk razılaşmasından xəbərsiz olduğunu bildirib.

Belovejsk sazişi imzalanır və…

“Həmin gün Boris Yeltsin mənə məlumat verdi ki, Belarusa ikitərəfli görüşlərə gedir, həmçinin onun dəvəti ilə Ukrayna prezidenti də Belovejskə gələcək. Lakin artıq dekabrın 8-də Rusiya, Belarus və Ukrayna rəhbərləri SSRİ-nin buraxılması və MDB-nin yaradılması haqda razılaşmanı məndən xəbərsiz imzaladılar. Belovejsk razılaşmasının imzalanmasından dərhal sonra Yeltsin ABŞ prezidenti Corc Buşa bu barədə məruzə edib, sonra mənə məlumat verib. Hər şeyi gizli ediblər” -Qorbaçov danışıb.

Keçmiş sovet rəhbərinin bildirdiyinə görə, Yeltsin Belarusa gedəndə ukraynalılar qəti şəkildə müstəqillik tərəfdarı olduqlarını və SSRİ-nin tükəndiyini bildiriblər.

“Mən vahid dövləti saxlamağa tərəfdar idim, ona görə də respublikaların rəhbərlərindən xahiş etmişdim ki, onlar da SSRİ-ni saxlamaq tərəfdarı kimi çıxış etsinlər. Lakin həmin vaxtlar SSRİ-ni dağıtmaq üçün gizli iş gedirdi” – deyə Qorbaçov bildirib.

Qorbaçov deyib ki, MDB-ni “daim SSRİ-ni dağıtmağa mane olan Qorbaçovu aldatmaq üçün” ortaya atıblar. O, Belovejsk razılaşmasının ardınca SSRİ prezidenti postundan getməsini düzgün addım adlandırıb: “Mən bütün ölkəni zərbə altında qoymaq və vətəndaş müharibəsinin başlamasına, qan axıdılmasına səbəb olmaq istəmirdim. Xüsusən də silahla, nüvə silahı ilə dolu ölkədə…”

Mixail Qorbaçov Rusiya kommunistlərinin lideri Gennadi Züqanovun da SSRİ-ni dağıdanlardan biri olduğunu deyib. Onun sözlərinə görə, Ruslan Xasbulatovun xahişi ilə Züqanov bütün kommunist deputatlara yalvarırdı ki, Belovejsk razılaşmasına səs versinlər.

…SSRİ \”dəfn\” edilir

“Bütün deputatlar xalqın rəyini soruşmadan, referendum keçirilmədən SSRİ-nin buraxılmasına səs verdilər. Mətbuat susdu, vilayətlərin, respublikaların rəhbərləri səslərini çıxarmadı. Görünür, bundan əvvəl baş verən hərbi qiyam və digər hadisələr cəmiyyətin əhvalına təsir edib onu parçalamışdı” – SSRİ prezidenti bildirib.

Qorbaçovun sözlərinə görə, ordu da Belovejsk razılaşmasını dəstəkləmişdi: “SSRİ müdafiə naziri, baş komandan, marşal Şapoşnikov Belovejsk razılaşmasının tərəfində çıxış etdi. Mən fikirləşdim ki, bu, vətəndaş müharibəsinə aparacaq. Çünki vəziyyət hədsiz gərgin idi, o vaxta qədər çoxlu pis hadisələr olmuşdu. Əgər ölkədə vəziyyət belə gərgin olmasaydı Belovejsk razılaşmasının təsdiqlənməsinə mane olmaq mümkün olardı”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button