Önəmli

Azərbaycanda bank müdirini necə öldürdülər?

Azərbaycanda bank müdirini necə öldürdülər?Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində \”Zaminbank\”ın Nəsimi filialının müdiri Azər Məmmədovu “Avropa” otelində öldürməkdə təqsirləndirilən Sənan Quliyevin və Mövlud Səfərovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

\”Qafqazinfo\”nun əməkdaşı prosesdə iştirak edərək hadisənin təfərrüatları haqda məlumatlar əldə edib. Məhkəmədə baş verənləri təqdim edirik:

Təqsirləndirilən şəxs Mövlud Səfərovun vəkili Cavid Rzazədə məhkəmə tərkibinə etiraz edib: \”Sentyabrın 1-də keçirilən hazırlıq iclasında şahid Ömərovanın ifadəsinin 23 apreldə saat 14-dən 15-dək müstəntiq Rövşən Allahverdiyev tərəfindən alınması, eyni vaxtda həmin müstəntiq tərəfindən saat 14:50-dən 15:35-dək Mövlud Səfərovun dindirilməsi ilə bağlı prosessual pozuntunu vəsatətlə məhkəmə kollegiyasının diqqətinə çatdırmışdım. Bugünkü iclasdan qabaq həmin sənədə təkrar baxanda gördüm ki, Ömərovanın ifadəsində saat dəyişdirilərək 14-dən 14:40-dək edilib. Əgər o düzəliş məhkəməyədək olsa idi, məhkəmə öz qərarında buna istinad edərdi. Bununla da təsdiq olunur ki, Ömərovanın ifadəsindəki dəyişiklik məhkəmə hazırlıq iclasından sonra edilib. Məhkəmə kollegiyası ibtidai araşdırma orqanının pozuntularını ört basdır edir. Belə olduğu halda məhkəmə kollegiyasının qərəzsiz və obyektiv mövqedə olması şübhə altında olur. Bu səbəbdən Səbuhi Hüseynov, Azad Məcidov və Zeynal Ağayevdən ibarət məhkəmə tərkibinə etiraz edirəm\”.

Dövlət ittihamçısı vəsatətə etiraz edərək bildirib ki, istintaqa verilən ifadələrin məhkəmədə sübut kimi qəbul edilib-edilməyəcəyi indidən bəlli deyil: \”İstintaqa verilən ifadələr məhkəmə üçün hüquqi statusu yoxdur. Buna görə də əgər orada dəyişiklik edilibsə, bu məhkəmə araşdırması zamanı ortaya çıxa bilər. Bunun üçün də öncə iş məhkəmə baxışına verilməlidir. Bu səbəbdən vəsatətin təmin edilməməsini xahiş edirəm.

Zərərçəkən Ruslan Əfəndiyevin nümayəndəsi Samir İsayev bildirib ki, müdafiə tərəfi ibtidai istintaqda saat məsələsinin dəyişdirilməsi barədə vəsatət ötən məhkəmə iclasında səsləndirilib: \”Artıq bundan sonra pozuntunun dəyişdirilməsi ittiham tərəfi və zərərçəkənlər üçün maraqlı deyil. Yalnız təqsirləndirilən şəxslər bunda maraqlı ola bilərdi\”.

Məhkəmə qısa müşavirə elan edib, sonra etiraz baxılmamış saxlanılıb.

Bundan sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Qeyd olunub ki, Sənan Quliyevlə Mövlud Səfərov \”Avropa\” otelinin idman zalında məşq etməyə gediblər. Orada Sənan Quliyevin \”borisovka\” ilə tataminin üzərinə çıxmasına Ruslan Əfəndiyev etiraz edib. S.Quliyev üzr istəyərək ilk dəfə gəldiyini və bilmədiyini deyib. Sonra Mövlud Səfərov tatami üzərində qalan dəsmalı götürmək üçün təkrar geri qayıdıb. Bu dəfə M.Səfərov tatami üzərinə \”şəpit\”lə çıxıb. R.Əfəndiyev \”sənə dedim axı ora ayaqqabı ilə çıxmaq olmaz, biz orda güləşirik, əlimiz-üzümüz dəyir\” deyərək təkrar etiraz edib. M.Səfərov isə \”mənə yox dostuma demişdin, o da \”borisovka\” ilə olduğu üçün. Çıxmışıq-çıxmışıq da, nolar ki\” deyib və oradan uzaqlaşıb. Sənanla Mövlud duş qəbul etdikdən sonra idman zalından çıxarkən açarı tataminin kənarında unutduqlarını biliblər. Mövlud açarı götürmək üçün geri qayıdanda təkrar Ruslan Əfəndiyevlə qarşılaşıb. Öncədən Ruslanın polis işçisi olduğunu sanıb ondan çəkinən Mövlud belə olmadığını bildikdən sonra Ruslanı söyüb və aralarında öncə söz mübahisəsi sonra isə əlbəyaxa dava düşüb. Davaya Ceyhun Nağıyev, Azər Məmmədov və Sənan Quliyev də qarışıb. Ruslan və Azər Mövludun boğazından tutub sıxıblar. Sənan isə onları qorxutmaq üçün bıçaq çıxarıb və havada yelləyib. Mövlud Azərin əllərini arxadan tutub, Sənan isə bıçaqla vurub. Ruslan və Ceyhun Sənanda bıçağı görüb və qaçıb. Onlar hərəsi bir, Azər Məmmədov isə 3 bıçaq zərbəsi alıb.

Hakim Səbuhi Əliyev təqsirləndirilənlərə bildirib ki, onları hazırkı ittihamlarla ömürlük həbs cəzası gözləyir: \”Siz özünüzü təqsirli bilirsinizmi?\”

Bu zaman vəkil Cavid Rzazədə müdafiə etdiyi şəxslərin adından məhkəmə müraciət təqdim edib və ifadə verməkdən imtina etdiklərini bildirib: \”İlk iclasda ibtidai istintaq zamanı yol verilən pozuntularla bağlı verilən vəsatətin əsassız olaraq rədd edilməsi və özümüzü təqsirli bilməməyimizi nəzərə alaraq məhkəmə istintaqında bütün zərərçəkmiş və şahidlər dindirilmədən, hadisəni əks etdirən videomaterial nümayiş etdirilmədən hər hansı bir sənədə imza atmaq, hər hansı bir ifadə vermək və suala cavab verməkdən imtina edirik\”.
Vəkil Samir İsayev bildirib ki, əgər təqsirləndirilən şəxslər özlərini təqsirli bilmirlərsə, bunu elan etsinlər: \”Ondan sonra onsuz da onların ifadə verməsinə ehtiyac olmayacaq. İttiham tərəfi cinayəti sübuta yetirməli olacaq\”.
Dövlət ittihamçısı bildirib ki, sübutu hansı tərəf təqdim edirsə, gedişatı da o tərəf müəyyən edir: \”Müdafiə tərəfinin bunları müzakirəyə çıxarmaq səlahiyyəti yoxdur\”.

Bundan sonra hakim təqsirləndirilən şəxslərin ibtidai istintaqa verdiyi ifadələri elan edib.

S.Quliuyev ifadəsi zamanı hadisənin necə baş verməsini danışıb. Hadisə zamanı istifadə etdiyi bıçağı aprelin 11-də yaşadığı evdə təsadüfən qarşısına çıxdığını və xoşu gəldiyi üçün özü ilə götürdüyünü bildirib. Hadisənin tatami üzərinə ayaqqabı ilə çıxmağa görə başladığını deyib: \”Mövluda hücum etmişdilər, mən onu qorumaq üçün bıçaq çıxartdım. Bu vaxt Azər məni yumruqla vurdu. Mövludu da döyürdülər, həmin vaxt bıçağı havada yelləyirdim. Ruslan məndə bıçağı görüb qaçdı. Mən də bıçağı qatlayıb cibimə qoydum, Mövluda dedim qaçaq. Gördüm o qaçmaq istəmir, sakitcə gəlirdi. Onda Mövlud mənim onları bıçaqladığımı bilmirdi. Maşında ona dedim, sonra getdik xalamgilə, orada qaldıq. Səhər saat 11-də gedib polisə təslim olduq\”.

Mövlud Səfərov istintaqa ifadəsi zamanı bildirib ki, dava olanda 3-4 nəfər onun boğazından yapışıb sıxırmış: \”Sənan da yanımda idi. Sonra biz ayrı-ayrı tərəflərə qaçıb oradan çıxdıq. Sənan maşında mənə dedi ki, deyəsən kimisə vurdum\”.

Bundan sonra zərərçəkən Ruslan Əfəndiyev ifadə verib. O bildirib ki, idman zalına Azərin xahişi ilə gediblər: \”Azər dedi ki, çantam qalıb orada, gəldik biraz da məşq elədik. İki nəfər də orda məşq edirdi. Sənan tataminin üstünə ayaqqabı ilə çıxdığına görə irad bildirdim. İkincin dəfə Mövlud \”şəpit\”lə çıxmışdı. Ona da dedim ki, bayaq dedim axı çıxmayın. Dedi mənə yox, dostuma demisən. Dedim ki, sənin də öz \”ponyatkan\” olsun. Nəysə, sonra çıxıb getdi. Birazdan qayıdıb məni çağırıb soruşdu ki, sən polissən? Dedim yox. Dedi \”elə bildim polissən, çəkindim. Sən mənim \”ponyatka\”ma söz dedin?\”, sonra ardıyca məni söydü. Dedim mənə deyirsən, dedi hə. Gördüm dodağı əsir, bildim yumruq atacaq, onu itələdim. Sonra da dava düşdü, uşaqlar da qarışdı. Mövlud sol əli ilə yaxamdan tutmuşdu, sağ əliylə də davaya müdaxilə edirdi. Azərlə Ceyhun onları zaldan çıxarmağa çalışırdı. Ara qarışdı, gördüm ki, Azər vurulub. Ona yaxınlaşdım dedi \”Ruslam müəllim, məni vurdular\”, maykasını çıxaranda gördüm iki deşik var. Azər özündən getdi, biraz sonra ayıldı. Onu \”stoyka\”ya söykəyib oturduq, bu dəfə də özündən getdi, daha ayılmadı. Nə qədər silkələdik oyanmadı, təcili yardım gəldi, dedilər ki, ölüb\”.
Mövlud Səfərov Ruslanın ifadəsinə etiraz edib: \”Mən onun kimi əqidəsiz deyiləm ki, yalan danışam\”.
Mərhum Azər Məmmədovun anası Gülsabah Əhmədova Ruslana sual verib ki, özü idmançısıdır, niyə Azəri öldürülməsinə imkan verib.

R.Əfəndiyev cavabında bildirib ki, davanın böyüməsini istəməyib: \”Azər idmançı deyildi, idmandan kənar adam idi. Mən istəmədim dava daha da qızışsın. Yoxsa hər ikisini döyərdim. Qorxurdum ki, dava düşər, işə polisə gedər\”.

Bu zaman Sənan Quliyev replika atıb: \”Orda da məhkəmədəki kimi məzlum-məzlum danışsaydın sənlə işimiz olmazdı. İndi deyirsən belə döyərdim, edərdin də. Bıçağı görən kimi arxanı dönüb qaçdın. Həmin vaxt 5 nəfər də olsaydı mən vurardım. Məni heç nə maraqlandırmır. Bunlar ikisi qaçdı, mərhum qaçmadı. Çünki o kişi idi. Mən istəməzdim o ölsün. Onu öldürmək istəmirdim\”.

Bundan sonra zərərçəkən Ceyhun Nağıyev ifadə verib. C.Rzazadə qeyd edib ki, C.Nağıyev uzun müddət şəxsiyyət ikiləşməsi və yaddaş pozğunluğuna görə psixoloji müalicə alıb.

Zərərçəkən bu məlumatın açıqlanmasına etiraz edib: \”Bu məlumatın burda hamıya açıqlanması yersiz idi. Mən 2 il əvvəl müalicəmi alıb bitirmişəm. Hadisə belə oldu ki, 2 nəfər məşq edirdi, tatamiyə ayaqqabı ilı çıxmışdılar. Söhbət də onun üstündə düşdü. Mövlud \”ponyatka\” söhbəti eləmişdi. Sonra davada Sənan mənə bıçaq atdı, əlimlə tutdum. Dedim yəqin yenə vuracaq, ona görə Sənanı vurub itələdim\”.

Vəkil Ceyhun Nağıyevdən ilk olaraq kimin söyüş söydüyünü soruşub. C.Nağıyev bilmədiyini deyib: \”Sən deyəsən davada olmamısan. Aləm qarışmışdı bir-birinə. Mən orda durub camaatın ağzına baxmırdım ki, görüm kim nə söyüş söyür?! Bayaqdan lazımsız suallar verirsən, acığıma gəlir\”.

Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button