Önəmli

Şagirdini xilas edib özü Kürdə batan müəllimin qandonduran hekayəsi

Şagirdini xilas edib özü Kürdə batan müəllimin qandonduran hekayəsiDekabrın 7-də Sabirabad şəhərini Cavad kəndi ilə birləşdirən körpüdən maşınqarışıq Kür çayına düşmüş Sabirabad sakini Əhliman Hüseynovun cəsədi hələ də tapılmayıb. Onun maşını isə bu gün tapılaraq sudan çıxarılıb.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, Sabirabad şəhər 5 saylı məktəbdə müəllim işləyən Cavad kənd sakini Əhliman Hüseynovun meyitinin axtarışları bu gün də davam etdirilib.

Qeyd edək ki, 1957-ci il təvəllüdlü Ə.Hüseynov özünə məxsus “VAZ-2107” markalı maşınla birgə 3 gün əvvəl Kür çayına düşüb. Bədbəxt hadisə zamanı maşında məktəbli uşaq da olub. Yol uzaq olduğundan müəllim qonşusunun 9 yaşlı qızı Güldəstə Hüseynovanı hər gün məktəbə aparıb-gətirirmiş. Ə.Hüseynov uşağı xilas etsə də özü suda boğularaq günyasını dəyişib.

Yaxınları deyir ki, Ə.Hüseynov kürqırağılı olduğu üçün yaxşı üzə bilirmiş. Lakin şahidlərin sözlərinə görə, o, qızcığazı çaya düşmüş maşından çıxararaq xilas etmək üçün çox əziyyət çəkib.

“Əhliman müəllim çay boyunca təxminən 500 metr axa-axa qışqırırdı ki, kömək edin, daha taqətim tükənir. Bu da heç də onun yorğunluğundan deyildi, sadəcə su hədsiz soyuq olduğu üçün müəllim gücdən düşmüşdü” – deyə hadisənin şahidləri bildirib.

Xəbərə görə, Kürdə kiminsə batdığını görənlər köməyə tələsib. Yoldan keçənlər də maşınlarını saxlayaraq sahilboyu qaçaraq ona kömək etməyə tələsiblər. Onların arasında Türkədi kənd sakini Dəyanət Maqsud oğlu Şıxəliyev də olub.

“Dəyanət Şıxəliyev məktəbli qızı xilas edən müəllimin bərabərinə çatanda düşünmədən suya atıldı və onlara tərəf üzməyə başladı. Dəyanət onlara 2-3 metr qalmış Əhliman müəllim uşağı ona tərəf itələyərək batdı. Daha suyun üzünə çıxmadı. Dəyanət isə uşağı tutub sahilə doğru üzməyə başladı. Lakin onun da taqəti tükənirdi. Bu vaxt sahildən ona tərəf kəndir atdılar. Dəyanət kəndiri yalnız 5-ci cəhddə tuta bildi. Bununla da özü də, qız da xilas oldu. Əhliman müəllim isə təəssüf ki, suya qərq oldu” – deyə hadisə şahidləri virtualaz.org saytının müxbirinə bildiriblər.

Onların sözlərinə görə, burada çox maraqlı bir məqam da var. Belə ki, Ə.Hüseynov şəhər məktəbində işlədiyindən kənddən həmişə 4 şagirdi də özü ilə 5 saylı məktəbə aparıb-gətirirmiş. Həmin gün şagirdlərdən 3-ü dərsə getmək istəməyib. Dərsə getmək istəməyən şagirdlərdən biri də elə xilas edilən Güldəstə Hüseynovanın kiçik qardaşı olub. Valideynləri nə qədər təkid etsələr də uşaq ağlayaraq həmin gün məktəbə getmək istəmədiyini bildirib.

Qəribədir ki, həmin gün daha iki məktəbli dərsə getmək istəməyib. Halbuki bu uşaqlar bircə dərsi də buraxmayan intizamlı şagirdlərdir.

Soyuq suda donub taqətini itirsə də azyaşlı məktəblini xilas edən fədakar müəllimin qandonduran faciəsindən sarsılmış rayon sakinləri bunu möcüzə hesab edirlər…

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button