Önəmli

Tural Mustafayev: “Xədicə ilə sevgili olmuşam…”

Tural Mustafayev: “Xədicə ilə sevgili olmuşam...”Tural Mustafayev: “Bu layihəni kimlər yazıb, hansı təşkilatlardan maliyyə alınıb, hamısını açıqlayacağam”; “Aynur İmranova bu gün özünə ona görə əl qatır ki…”; “Xədicə ilə 2013-cü ilin oktyabrından dekabrına kimi sevgili olmuşam, 2014-cü ildə onunla sevgili olmamışıq, ola bilsin ki, onun evinə gələnlərdən kimsə kameranı yerləşdirib”

AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsinə səbəb olan Tural Mustafayev məhbus jurnalistin rəfiqəsi Aynur İmranovanın barəsindəki fikirlərinə münasibət bildirib. T.Mustafayev “Yeni Müsavat”a müsahibəsində nişanlısı Rövşanə Rəhimli ilə münasibətlərindən, A.İmranova və X.İsmayılla arasındakı mübahisələrdən danışıb.

– Tural, Aynur İmranova deyir ki, sənin ona aqressiyanın səbəbi rəfiqəsi Rövşanə ilə münasibət qurmağını istəməməsi olub. Bu, belədirmi?

– Mən çox işləri açmaq istəmirdim. Belə getsə bir çox məsələləri açacağam. Əvvəla, martın 9-da Rövşanə xanımla dalaşmağıma Aynur İmranova səbəbkar olub. Bunu da Xədicə İsmayıl vasitəsilə edib. Həmin zaman Aynur İmranova Novxanıda təlimdə idi.
Mən Xədicənin evində onunla söhbət etmək istəyirdim. Xədicə isə aqressiv şəkildə lazımsız kəlmələri Aynurun inboksuna yazıb göndərirdi. Aynur da Xədicənin ona yazdıqlarını Rövşanəyə çatdırırdı. Sonra belə aydın oldu ki, bütün bunlar oyun kimi qurulub.

Deməli, saat 9-da Rövşanə məni Novxanıya bolinq oynamağa dəvət etdi. Açığı, pulum yox idi deyə bunu başqa səbəblərlə izah etməyə çalışırdım ki, getməyim. Amma çox danışandan sonra etiraf etdim ki, pulum yoxdur.

Rövşanə həmin vaxt artıq bilirdi ki, Xədicə ilə dalaşıb evdən çıxmışam. Çünki bu xəbəri Aynur nişanlıma çatdırmışdı. Hətta guya Xədicənin məni evdən qovduğunu demişdi. Siz bir jurnalist kimi bunu Rövşanədən soruşa da bilərsiniz.

– İndi Aynur deyir ki, Tural alkoqolik olduğuna görə onu Tiflisə aparmamışam. Halbuki üçümüzün arasında – Aynur, Rövşanə və mən söhbət olub. Aynur etiraf edib ki, Tiflisə Turalı aparmağa maliyyə imkanı yoxdur. Mən də bir insan kimi onu başa düşmüşəm. Gəlib indi danışır ki, alkoqolik olmuşam deyə Tiflisə məni aparmayıb.

Onda belə danışırdı, indi belə. Əslində Aynur İmranova mənimlə bir layihə işləyirdi, bu layihə ilə bağlı əlimdə “screen”lər var, layihəyə bəzi əməkdaşlar cəlb etmişdi.
Ümumiyyətlə, burada ziddiyyətli məqamlar çoxdur. Aynur İmranova bu gün özünə ona görə əl qatır ki, bu faktların üzə çıxmasından qorxur. O, istər-istəməz bu proseslərdə şahid olacaq və hazırda bu faktlardan qaçır. Heç yerə qaça bilməyəcək və bütün məsələlər açılacaq.

– Sizin işdən çıxarılmağınızı içki düşkünlüyü və məsuliyyətsizliklə əlaqələndirib. Sizi niyə işdən çıxarıblar?

– Əvvəla, interpress.az saytının baş redaktoru Ramal Hüseynovdan soruşun ki, heç onların işçisi olmuşam? Mən sayt jurnalisti deyiləm, çünki saytda məqalələr yazmaq lazımdır. Mənsə video-reportyoram və gördüklərimi çəkirəm. Buna görə həmin saytla əməkdaşlıq alınmayıb. Sonra aznews.az-ın baş redaktoru Elçin Zahiroğlundan açıqlama alın. Qoy desin ki, Tural içkili vəziyyətdə işə gəlirdi, məsuliyyətsiz idi, qovmuşuq. Eyni zamanda publika.az saytından açıqlama alın. Mən ora stajor kimi getmişəm və iş alınmayıb. Cəmi bir-iki yazım gedib.

Onlardan da soruşun, görün işimdə məsuliyyətsiz olmuşam ya yox? Mən bilmirəm, bəlkə Aynur İmranova Elçin Zahiroğlu və Ramal Hüseynova məni işdən çıxarmağı tapşırıb? Hər bir halda necə ki, bütün tərəflərin mövqeyini öyrənirsiniz, bu məsələni də baş redaktorlara zəng edib aydınlaşdırın.

– Sizin nişanlınızı döyməyiniz, xəsarət izləri olması, işlədiyi ofisə gedib orda da vurmağınız, Rövşanənin döyülməsinə görə polisə müraciəti – bütün bunlar doğrudurmu?

– Bu bir ailədaxili münaqişədir. Bizim aramızda olan münaqişədir və heç bir halda da döymək, xəsarət yetirmək olmayıb. Sadəcə, səsimizi yüksəltmişik. Ancaq onu guya döyüb öldürmüşəm, sürümüşəm, belə hadisə olmayıb. Əslində bu münaqişə də Aynura görə olub. Səbəbi bu idi ki, Aynur İmranova Tiflisə məni aparmağa maliyyə olmadığını demişdi. Ancaq araşdırmaçı jurnalistlərin gizli qrupunda mən də var idim və həmin qrupda yazışmalarda məlum oldu ki, Tiflisə getməyə jurnalist axtarır.

Deməli, məni aparmır və jurnalist axtarır. Mən də Rövşanəyə bu faktı söylədim və mübahisə etdik. Dedim ki, bu da sənin dostun, nişanlına qarşı belə edir. Bunun üstündə nişanlımla mübahisə olub. Rövşanəyə də demişdi ki, Turalı Tiflisə getməyə Xədicə qoymayıb.

Çünki Aynur Xədicədən asılı vəziyyətdə idi. Tiflislə bağlı layihəni də Xədicə onun üçün yazmışdı. Bütün bunlar sübutlardır – bu layihəni kimlər yazıb, hansı təşkilatlardan maliyyə alınıb, hamısını açıqlayacağam. Onda görünəcək ki, Aynur İmranova Xədicə İsmayıldan necə asılı olub.

– Bəs hazırda Rövşanə ilə münasibətiniz nə yerdədir?

– Bu hadisələrdən, mübahisələrdən sonra təbii ki, münasibətlər pisdir. Baş verənlərdən sonra danışmırıq. Ancaq bizim nişanımız pozulmayıb, yəni ayrılmamışıq. Yenə deyirəm ki, baş verənlərin səbəbkarı Rövşanənin ətrafındakı…(təhqir edir) dostlarıdır. Hər şey nə olub, necə olub Rövşanənin özündən soruşun. Mənim nişanlımla münaqişəm onun dostları üstündə olub.

– Siz Xədicə İsmayılla nə zaman sevgili olmusunuz?

– Mən Xədicə ilə 2013-cü ilin oktyabrından dekabrına kimi sevgili olmuşam. 2014-cü ildə onunla sevgili olmamışıq və mart yazışmaları da ona görə çıxdı ki, guya dostları Rövşanəni müdafiə edirlər. Əgər ona canı yanırdısa niyə Xədicə oktyabrda məndən əl çəkmirdi?

– Tural, belə iddialar var ki, Xədicə İsmayılın evinə gizli kameraları da siz yerləşdirmisiz?!

– Mən heç bir söz deyə bilmərəm. Ola bilsin ki, onun evinə gələnlərdən kimsə kameranı yerləşdirib və bunu istintaq müəyyən edə bilər. Ancaq mən elə bir şey etməmişəm.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button