Önəmli

Şəmistan Əlizamanlı: “Mahnılarıma qulaq asırlar, amma məni tanımırlar”

Şəmistan Əlizamanlı: “Mahnılarıma qulaq asırlar, amma məni tanımırlar”Heç vaxt unudulmayacaq, təkrarı olmayan əzəmətli və zəhmli səsin sahibi Şəmistan Əlizamanlını “Azərbaycanın Levitanı” da adlandırırlar.

I Qarabağ müharibəsi dövrünün canlı əfsanəsi, cəbhə xəbərlərini ecazkar səsi ilə xalqa çatdıran, “İgid əsgər”, “Cənab leytenant” mahnıları ilə hər kəsi müqəddəs savaş əhval-ruhiyyəsinə kökləyən bu möhtəşəm səsin sahibi son vaxtlar mətbuatda və televiziya kanallarında nadir hallarda görünür. Lakin bu, onun yaxasını bir kənara çəkməsi, fəaliyyət göstərməməsi anlamına gəlmir.

Virtualaz.org saytının müxbiri Səfərbərlik Xidmətinin Xaçmaz rayonunda keçirdiyi tədbirdə Şəmistan Əlizamanlı ilə görüşüb. “Azərbaycanın Levitanı” ilə müsahibəni təqdim edirik:

– Şəmistan bəy, sizi ekranda-efirdə çox nadir hallarda görürük. Səbəb nədir?

– Televiziya kanallarından dəvət edirlər. Bəzi proqramlarda iştirak edirəm. Amma bəzən vaxt olmur, bəzən də Azərbaycanda olmuram. Nə vaxt ki ciddi proqramlara dəvət edirlər, gedib iştirak edirəm. Mənim mahnılarıma, musiqilərimə uyğun verilişlər olanda əlbəttə ki, imtina eləmirəm.

– Yəqin ki, imtina etdiyiniz proqramlar da olur…

– Əlbəttə. Qeyri-ciddi, şou xarakterli proqramlardan birmənalı şəkildə imtina edirəm. O cür proqramlar mənim ifa etdiyim mahnılara uyğun deyil, xarakterim də buna icazə vermir.

-Siz televiziyada hərbi vətənpərvərlik verilişlərinin iştirakçısı olmusunuz. Bu gün telekanalların hərbi vətənpərvərlik verilişlərini müntəzəm izləyirsinizmi? Verilişlərin formatından, səviyyəsindən razısınızmı?

– Məni xüsusi maraqlandıran proqramları izləyirəm. Əsasən xəbərlər proqramını və tarixlə bağlı olan verilişləri izləyirəm. Tarixi mövzularda kitabları, xəbərləri daha çox oxuyuram. Tarixi vərəqləməkdə, onu öyrənməkdə çox maraqlıyam. Televiziya proqramlarını isə çox izləmirəm.

– Qeyd etdiniz ki, bəzən Azərbaycanda olmursunuz. Xaricə səfərləriniz nə ilə bağlı olur?

– Tədbirlərə, konsertlərə dəvət alıram. Məsələn, son zamanlar Türkiyədə, Almaniyada səfərlərdə olmuşam. Rusiyanın da bir çox şəhərlərində konsert proqramlarımız olub.

– Ən son iştirak etdiyiniz bu cür tədbirlərdən yaddaqalanı hansı olub?

– Gördüyünüz kimi, bu gün (dekabrın 9-da-red.) Səfərbərlik Xidməti ilə birlikdə Xaçmazda möhtəşəm tədbir keçirdik. Tədbirin sonunda bütün zal coşğu ilə ayağa qalxdı. Bizim xalq vətənpərvər xalqdır. Vətənpərvərliklə bağlı çoxlu bu cür tədbirlər keçirilməlidir. Bütün bölgələrdə xalqın, gənclərin belə tədbirlərə, görüşlərə ehtiyacı var. Unutmayaq ki, torpaqlarımız işğal altındadır. Bu gün-sabah hərbi xidmətə gedəcək gəncləri əsgərliyə gedənə qədər vətənpərvər ruhda böyütmək lazımdır.

– Ölkəmizdə, regionlarda vətənpərvərliklə bağlı tədbirlərin, təbliğatın səviyyəsindən razısınızmı?

– İşlər görülür. Amma daha çox iş görülməli, onlar genişmiqyaslı olmalıdır. Bütün bölgələrdə iş görülməlidir. Müharibə hələ başa çatmayıb. Xalqımız inanır ki, bu müharibə bizim qələbəmizlə başa çatacaq. Ona görə də daha çox çalışmaq lazımdır.

– Yaradıcılığınızda hansı yeniliklər var? Yeni işləriniz nədən ibarətdir?

– Son olaraq Üzeyir Hacıbəyovun 1919-cu ildə yazdığı Milli Marşı Dövlət Xor Kapellasının müşaiyəti ilə marş ruhunda araya-ərsəyə gətirdik. 1919-cu ildən bu günədək ilk dəfə olaraq bu marş səsləndirilir. O zaman bu marş Demokratik Cümhuriyyət tərəfindən himn kimi qəbul edilmişdi. Mən də çoxdan arzusunda idim ki, bu marşı ifa edim. Mənim üçün ən önəmlisi budur ki, bu mahnının sözləri Üzeyir Hacıbəyova məxsusdur.

– Bu marşı hansısa televiziya kanallarında ifa etmisinizmi?

– Hələ ki, yox. Bu marşın klip formasında təqdim olunması üçün çalışırıq. Onu da qeyd edim ki, Mikayıl Müşfiqin yazmış olduğu “And” şerinə yeni bir mahnı yazmışıq. Yeni mahnıdır. Hərbi mövzudadır və yeni buraxılacaq diskdə bu mahnı da yer alacaq. Yeni mahnıya klip çəkilişi də nəzərdə tutulub.

Mustafa Kamal Atatürklə bağlı da bir marş hazırlamışıq. Sözləri İlqar Fəhmiyə, musiqisi isə mənə aiddir. Bu marşı Türkiyədəki dostlarımızın xahişi ilə hazırlamışıq. Marşın adı “Mustafa Kamal paşa”dır.

– Daimi olaraq çalışdığınız, maaş aldığınız iş yeriniz varmı?

– “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədriyəm. İctimai birliyin xətti ilə QHT-lərə Dövlət Dəstəyi Şurasına layihə təqdim edirik. Şura tərəfindən layihələrimizə bəlli qrant ayrılır. Biz də qəhrəmanlarımız və müharibə haqda sənədli filmlər çəkirik. Son işimiz Milli Qəhrəman Səfiyar Behbudov haqda çəkdiyimiz sənədli filmdir.

– Sizin mahnılarınız televiziya kanallarında çox səsləndirilməsə də sosial şəbəkə istifadəçiləri tərəfindən tez-tez paylaşılır. Bundan xəbəriniz varmı? Sosial şəbəkələrdən istifadə edirsinizmi?

– Mahnılarımın dinlənilməsi, sosial şəbəkələrdə paylaşılması çox gözəl haldır. Ancaq mən özüm sosial şəbəkələrdən çox az istifadə edirəm. Bunu da yox kimi saymaq olar. Bu, mənim xarakterimə uyğun deyil. Buna vaxt ayıra bilmərəm. Heç buna həvəsim də çatmaz.

– Müdafiə Nazirliyi və Səfərbərlik Xidməti vətənpərvəlik ruhunda mahnıların, marşların yazılması ilə bağlı sizə hansısa təkliflər edibmi?

– Müdafiə Nazirliyindən bu cür təkliflər almamışam. Səfərbərlik Xidməti regionlarda keçirdiyi vətənpərvəliklə bağlı tədbrilərə dəvət edib. Gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində istifadə etmək üçün mahnıların yazılmasını istəyirlər.

– “İgid əsgər”, “Cənab leytenant” mahnılarınız cəmiyyətin demək olar ki, bütün təbəqələri arasında məşhurdur. Uzun illərdir ki, hər kəs bu mahnıları dinləyir. İndi yaşınız da xeyli irəliləyib. İnsanlar arasında olanda ən çox sizi hansı yaş təbəqəsindən olanlar tanıyır?

– Təbii ki, orta yaş. Müharibəni görən, müharibə şəraitini yaşayan insanlar məni daha çox tanıyır. Onlar daha çox diqqətlidir. Gənc nəsil də bu mahnıları çox sevir. Özüm də fikir verirəm ki, gənclərin telefonlarında mənim ifa etdiyim mahnılar var. Amma onlar məni tanımırlar, həyatda görməyiblər. Əsas odur ki, o mahnıları sevirlər, təbliğ edirlər. Bizim istəyimiz də budur.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button