Önəmli

İlham Əliyevə məktub yazdılar deyə işdən qovuldular

İlham Əliyevə məktub yazdılar deyə işdən qovuldular
“Məni işdən kənarlaşdırdı, dedi ki, get, indi sənə prezident çörək versin. Get kimə şikayət etmisən, dərdinə də onlar çarə qılsın”.

Bunu Siyəzən Elektrik Şəbəkəsində inzibati təsərrüfat şöbəsinin müdiri işləmiş Fariz Əhmədov deyir.

Onun sözlərinə görə, prezidentə və ölkənin birinci xanımına məktub yazdığına görə işdən çıxarılıb.

Bəs Fariz Əhmədovu prezidentə məktub yazmağa nə vadar edib?
İlham Əliyevə məktub yazdılar deyə işdən qovuldular
Fariz Əhmədov

Bu barədə Fariz Əhmədov özü danışır: “Mən iqtisadiyyat üzrə ali təhsil almışam və öz ixtisasıma uyğun da işləyirdim. İdarədə anbardar da var idi. Nə maraqları vardısa, bizim iş yerlərimizi dəyişdilər. Məni onun, onu isə mənim yerimə keçirdilər. Maaşım 268 manatdan 168 manata qədər azaldıldı. İdarəmizin tabe olduğu Xaçmaz Regional Elektrik Şəbəkənin (REŞ) rəhbərliyinə müraciət etdim. Onlara yerdəyişməmizdə olan maraqlarını da sübut etdim. Əvvəl dedilər, heç yerə şikayət etmə, bir-iki ay gözlə, həll edərik. Ancaq müddət bitdi, həll etmədilər”.

Fariz Əhmədov qərara gəlir ki, üzləşdiyi bu haqsızlıq barədə prezidentə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya yazsın: “Prezidentə yazdığım məktub dekabrın 1-də “Azərenerji”yə daxil olub ki, araşdırılsın. Dekabrın 2-də məktubum “Azərenerji”dən Enerji Təchizat İdarəsinə, oradansa sabahı gün Xaçmaz REŞ-ə göndərilib. Elə həmin gün REŞ rəhbərliyi mənimlə bağlanmış müqavilənin bitdiyini bildirib işimə xitam verdi”.

Fariz Əhmədovun sözlərinə görə, hətta anbardar işinə keçirildiyi 8 ay ərzində keçmiş anbardardan işi təhvil-təslim ala bilməyib. Səbəb anbardakı çatışmazlıqlar olub: “8 ay idi ki, əvvəlki anbardar işi mənə təhvil-təslim edə bilmirdi. Tutaq ki, sənədlə anbarda 30 minlik mal olmalı idi, ancaq reallıqda həmin mal yox idi”.
İlham Əliyevə məktub yazdılar deyə işdən qovuldular
Anar Ramazanov

Eyni idarənin 10 il işçisi olmuş Anar Ramazanov da eyni səbəblərdən işdən çıxarıldığını deyir: “İdarədəki qüsurlardan, çatışmazlıqlardan, oğurluqlardan yazmışdım. Əvvəl Xaçmaz REŞ-in rəisinə yazmışdım. “Azərenerji”yə də iki dəfə teleqram vurdum. Bakıya getdim, Etibar Pirverdiyevin qəbuluna düşmək üçün qeydiyyata düşdüm. Oradan da bir xəbər çıxmadı. Bütün bunların nəticəsində Xaçmaz REŞ rəhbərliyi özümə şiddətli töhmət verdi. Adını da belə qoydular ki, guya yazdıqlarım yalan məlumatlar olub”.

Xaçmaz Regional Elektrik Şəbəkənin rəisi Bəylər Hacımirzəyev isə “Azadlıq”a bildirib ki, sözügedən hər iki şəxs şikayət etdiklərinə görə yox, müqavilə müddəti bitdiyinə görə işini itirib.

İlham Əliyevə məktub yazdılar deyə işdən qovuldularBəylər Hacımirzəyev “keçmiş işçilər iddia edir ki, prezidentə və xanımına məktub yazdıqlarına görə işdən uzaqlaşdırılıblar, düzdürmü” sualına belə cavab verib: “Onlar çox söz deyə bilərlər. Yazsınlar da… Hər bir işçinin yazmaq hüququ var. Nə qədər istəyirlər yazsınlar. Ancaq işə xitam verilməsi müqavilənin bitməsi ilə bağlıdır”.

Şikayətçilərdən Fariz Əhmədov isə ən vacib sahələrdən hesab olunan enerji qurumunda işçilərlə mövsümi müddətə müqavilələrin bağlanmasını düzgün saymır: “3 aylıq müqavilə kiminsə torpağında əkin-biçin işi görən adamla bağlanar… Yəni mövsümi işlərdə… Bu boyda ölkəni elektrik enerjisi ilə təmin edən bir qurumda işçi ilə 3 aylıq müqavilə bağlanması nə deməkdir?”

Fariz Əhmədov deyir ki, hələ işdən çıxarılmamışdan əvvəl məvacibi azaldılarkən övladları məktəb ləvazimatları və geyim ala bilmədiyinə görə təhsildən kənarda qalacaqmış. Nə yaxşı ki, yaxın qohumlar yardımçı olublar. İndi isə əlil atasının təqaüdü ilə dolanır: “Atam I qrup əlildir, şəkər xəstəsidir, bir ayağı da kəsilib. Atamın təqaüdü ilə dolanırıq”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button