Jurnalist şeyxin verdiyi “Kərbəlayi” adından niyə imtina etdi?
Tanınmış şəxsiyyətlərlə bağlı qəribə, məzəli, kövrək hisslər oyadan əhvalatlar
***
İndi təqdim edəcəyim əhvalatda nəinki tanınmış şəxsiyyətin, hətta dahi şəxsiyyətin adı hallanır. Gözdən düşmüş Leninim. Bu günlərdə mediada belə bir informasiya getmişdi:
– münaqişə başlanan dövrdən bəri Ukraynada Leninin 540 abidəsi dağıdılıb. Bu hərəkat davam edir. Görəsən Ermənistanda necə, \”dahi rəhbərə” məhəbbət yaşanırmı? Axı vaxtilə neçə-neçə ailəni Leninə görə məhv etməyə hazır idilər ermənilər.
Bir vaxtlar təzəcə dünyaya gəlmiş övladlarına Sovet, Lenin, Lentroş (açılması: Lenin – Trotski –Şaumyan), MTS, Kolxoz, Sovxoz kimi adlar qoyulması dəbdə idi. Atam Hacı Səfi Qara oğlu Adur Türkiyədən Sovetlər Birliyinə təzə gəlmişdi. Proletariatın, fəhlə sinfinin dostu kimi Leninə rəğbəti vardı. Ona görə də o da oğluna \”Lenin” adı qoymuşdu.
HAŞİYƏ. Atamın soyadı da dəyişdirilib \”Adurov” yazılıb. O vaxtlar soyadına məcburi \”ov” – \”yev” şəkilçiləri əlavə edirdilər. Atam Türkiyədə \”Adurlar” icmasından idi. \”Adur” icması harada məskən salırdısa, orada onun izləri qalırdı. Fransada Adur adlı çay var, Qubada Adur kəndi mövcuddur, Ucarda məsçidlərdən biri deyəsən Adur adını daşıyır, neçə-neçə tarixi abidələr arasında \”Adur” adlı hamamlar var.
İllər keçdi. Atam Qərbi Ermənistanın Vedi rayonunun mərkəzi sayılan Böyük Vedidə icraiyyə komitəsində məsul vəzifədə işləyirdi. Bir gün söz-söhbət yayıldı ki, icraiyyə komitəsinə İrəvandan mötəbər yoxlama briqadası gəlir, tərkibində hətta prokurorluq, milis işçiləri də var. Rayonda adı hörmətlə çəkilən Hacı baba qəti narahat deyildi. Çünki o işində həmişə ciddi idi, qanunsuzluğa yol vermirdi.
Nə isə, komissiya üzvlərindən birinin atama ilk sualı belə olub:
– Siz Leninə söymüsünüzmü?
– Bəli, söymüşəm, mütəmadi söymüşəm.
Komissiya üzvləri sevinirlər: \”Çox asanlıqla boynuna aldı”. Atam isə izahat verib ki, qələt hərəkətinə görə öz oğluma söymüşəm, adı Lenindir, bütün rayon bilir.
Sənədlər yoxlanılır, komissiya üzvləri Hacı babanın öz övladına söyməyinə tam əmin olsalar da, atamı işdən çıxarılmasına və oğlu Leninin adının dəyişdirilməsinə dair qərarı İrəvana çatdırıblar. Atam işdən çıxdı, oğlu Leninin metrikasında \”Lenin”in üstündən xətt çəkib əvəzinə ona oxşar \”Leonid” adı yazdılar.
Nə biləydilər ki, bir vaxt gələcək hakimiyyətə \”Leonid” adlı şəxs (Leonid Brejnev) gətiriləcək. Atam rəhmətə getdiyi üçün ermənilər daha heç nə edə bilmədilər.
Bu da erməni xislətinin daha bir üzü!
***
Qafqaz Müsəlmanları İdarəsində Elmi şura yaradılmışdı. Tərkibinə görkəmli şəxsiyyətlər daxil idi. Akademiklər Vasim Məmmədəliyev, Bəkir Nəbiyev və başqalarından ibarət şura çox səmərəli fəaliyyət göstərirdi. Sovetlər Birliyində analoqu olmayan bu şura şeyxülislam hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə müsəlman ölkələri ilə sıx əlaqə saxlayırdı.
İraqdan gəlmiş dəvətə görə şura üzvlərinin bu ölkəyə səfəri çox ağır günlərdə baş tutdu: o vaxt Amerika Birləşmiş Ştatları bu gün-sabah İraqa havadan zərbə endirəcəyini bəyan etmişdi. Belə bir məqamda İraqa səfər çox təhlükəli olsa da, möhtərəm şeyximiz dini qurumların sıx birliyi naminə, bəlkə də biz bilmədiyimiz hansısa həmrəylik xatirinə səfəri təxirə salmadı.
Nümayəndə heyətinin tərkibində səfəri işıqlandırmaq üçün televiziya əməkdaşları da vardı. \”Mercedes” avtobusu ilə yola düşdük. Dini idarənin mətbuat katibi, çox savadlı jurnalist mərhum Akif Ağayev (mən onunla \”Bakı” – \”Baku” qəzetləri redaksiyasında uzun illər bir yerdə işləmişəm) özünü şən göstərsə də – nərd, domino oynayırdıq, lətifələr danışırdıq, – daxili bir nigarançılıq keçirirdi. Bu mənə sirayət etmişdi. Həqiqətən təhlükəli səfər idi, hər şey gözlənilən idi. Təsəllimiz də şeyxin bu sözləri idi – \”Hər şey yaxşı olacaq, Allah bizi qoruyacaq”.
Qorudu da. Səfər uğurla keçdi. Təxminən 10 gün çəkdi. Müxtəlif görüşlər, din xadimləri ilə söhbətlər, müqəddəs yerlərdə, məşhur məscidlərdə olmağımız, qəbullar arxada qaldı. Heç bilmədik 10 gün necə keçdi. Səfərin sonuncu günü şeyxülislam hacı Allahşükür Paşazadə Elmi şuranın bir növ iclasını keçirdi, səfərimizin nəticələrindən danışdı, hamının əməyini qiymətləndirdi:
– Mülatif müəllim, mən bu gün böyük məmnuniyyətlə \”Kərbəlayi” adı almanız münasibətilə sizi təbrik edirəm, vəsiqə də imzalamışam, günü sabahdan bu adı daşıyacaqsan. Kərbəlayi adına layiq görülmək hər adama nəsib olmur. Siz ölkədəki bütün ibadət ocaqlarını ziyarət etdiniz. Kərbala səfəriniz uğurla başa çatıb.
– Cənab şeyx! Etimadınıza görə çox sağ olun. Mən Kərbəlaya səfərə gələndə heç düşünməmişdim ki, bu dini rütbəyə layiq görüləcəm. Amma …
– Deyəsən, nəsə sözünüz var, deyin, çəkinməyin. Bu ad məcburən qəbul edilmir, sizin özünüzdən asılıdır.
Şeyxin sözləri məni bir az cəsarətləndirdi.
– Bilirsiniz, mən dəfələrlə Məşhəddə də olmuşam, vəsiqə veriblər, \”Məşədi” dini rütbəm var. Amma mən özümü nə \”Məşədi”, nə də \”Kərbəlayi” kimi görürəm. Mən namaz qıla bilmirəm, qonaqlıqlara çox gedirəm, yeyib-içirəm, ətrafım da bu yoldadır. Artıq bunlardan çəkinə bilmərəm. Bir də ki, din adamları arasında elələrini də görmüşəm ki, onlarla bir sırada dayanmaq istəmirəm.
– Bunlar sizin öz istəyinizlə bağlıdır, – deyə şeyx sidqi-ürəklə əlavə etdi. – Mən sizi alqışlayıram ki, ürəyinizdən keçənləri açıq şəkildə bəyan etdiniz.
… Bəli, belə bir alicənab, hər məsələyə obyektiv yanaşan, saf ürəkli hacı Allahşükür Paşazadənin qəlbinin həssaslığına və təmizliyinə həsəd apardım. Şeyx belə olar!
Təxminən 45 illik birgə fəaliyyətimiz zamanı şeyxin xalqa, dövlətə, Prezidentə, mənim kimi adi şəxslərə sədaqətini dəfələrlə görmüşəm, təvazökarlığını alqışlamışam. Əhsən, şeyx həzrətləri!
P.S. Biz Bağdaddan ayrılan günün səhəri bombalanma başlandı. Bu da şeyximizin uzaqgörənliyi!(modern.az)
Mülafit Adurof