Avropa Məhkəməsi Gəncənin sabiq polis rəisinin xeyrinə qərar çıxardı
Avropa İnsan Hüquqları Məhkəməsi Gəncə şəhərinin keçmiş polis rəisi Natiq Əfəndiyevin xeyrinə qərar çıxarıb.
Qurumun saytında yerləşdirilmiş məlumatda deyilir ki, məhkəmə Natiq Əfəndiyevin “ədalətli məhkəmə araşdırması” hüququnun pozulduğu qənaətinə gəlib.
Məhkəmənin qərarına görə, Azərbaycan hökuməti Natiq Əfəndiyevə 4,500 avro həcmində kompensasiya ödəməlidir.
\”Turan\” xatırladır ki, N.Əfəndiyev ilk dəfə 2000-ci ildə dövlət çevrilişinə cəhd (1994-cü il Gəncə hadisələri) ittihamı ilə həbs edilib və ömürlük cəza alıb. Avropa Məhkəməsinin israrı ilə 2005-ci ildə o, əfv olunub. Lakin bir neçə ay sonra parlament seçkiləri ərəfəsində qanunsuz silah saxlamaq ittihamı ilə yenidən 5 il müddətinə həbs edilib.
Qeyd edək ki, həmin dövrdə parlamentin keçmiş spikeri Rəsul Quliyevin Azərbaycana qayıtması gözlənilirdi və Natiq Əfəndiyev onun namizədliyini dəstəkləyən Demokrat Partiyasının üzvü idi.