Ağstafada bağban “quyuya bir daş atdı”, icra başçısı isə…
Məlum olduğu kimi, ötən həftənin ən yadda qalan və səs-küylü olaylarından biri də mətbuatda Ağstafa RİH başçısı Məhərrəm Quliyevin qardaşı oğlu Faiq Quliyevin adından ağstafalıların ünvanına təhqiramiz ifadələrin yer alması oldu. Düzdür, sonradan Ağstafa RİH mətbuatda yayılmış bu informasiyaları təkzib edərək, bütün bunların hansısa “qara qüvvələrin” işi olduğyna eyham vurdu, amma… Amması ilə bağlı bir qədər sonra…
Hələliksə qeyd edək ki, adı məlum qalmaqalda hallanan və gündəmə gələn Ağstafa icra hakimiyyətinin başçısı Quliyev Məhərrəm Böyükağa oğlu əslən Lənkəran rayonundandır və indi daşıdığı posta 2011-ci ildən təyin olunub. Bununla bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, Ağstafaya gəldikdən sonra əksər vəzifələrə məhz qohum-əqrabalarını və özünə yaxın şəxsləri təyin edən icra başçısının fəaliyyəti yerli sakinlərin ciddi narazılığına səbəb olub.
İcra başçısının qardaşı oğlu, eyni zamanda rəsmi vəzifəsi bağban olsa da bağbanlıqla bir araya sığmayan açıqlamasıyla gündəmə gələn Faiq Quliyevin adından mətbuata ötürülən və ağstafalıları aşağılayan fikirlər isə yerli sakinlərin qəzəbini daha da artırıb. Düzdür, sonradan icra başçısı Məhərrəm Quliyev Ağstafa RİH adından həmin açıqlamanın əslində Faiq Quliyevə məxsus olmadığını bəyan etməklə vəziyyətdən çıxmağa çalışdı. Amma rayondakı mənbəmiz icra başçısının bu geri çəkilməsinin qəzəbi yatırtmadığını iddia edir.
Xatırladaq ki, icra başçısının qardaşı oğlunun adından yayılan və sonradan Ağstafa RİH tərəfindən təkzib olunan açıqlamada iddia olunurdu ki, Faiq Quliyev ağstafalıları aşağılayaraq onları “alkaşlıqda” suçlayıb, özünün dindar bölgədən olduğunu qabardaraq bu rayonda işləyə bilməyəcəyini deyib. (Həmin açıqlamalardakı təhqirlərin ağırlığını nəzərə alaraq, onları olduğu kimi dərc etməyi lüzum görmürük – Savash.org).
Yuxarıda da qeyd etdiyimiz kimi sonradan bu açıqlamanın təkzibi gəldi. Biz də Savash.org olaraq ağlı, əxlaqı və mənəviyyatı yerində olan birinin belə bir sərsəm açıqlama verə biləcəyinə şübhə edirik. Amma indi bu açıqlamanın adıçəkilən şəxs tərəfindən verilib-verilmədiyini sübut etmək də asan məsələ deyil, hər halda bağban işləyən Faiq Quliyevin “quyuya atdığı daşı Ağstafa RİH min – bir cəhdlə çıxarmağa” çalışır və and-aman eləyir ki, mətbuata ötürülən həmin fikirlər Ağstafanın “baş bağbanı”nın fikirləri deyil, necə deyərlər, bağbanın heç nədən xəbəri yoxdu və o, ağaclarını sulamaqla məşğuldu. Faiq Quliyev ağaclarını sulamaqda olsun, bizsə başqa vacib mətləbə toxunaq….
İnanmağa çalışaq ki, icra başçısının qardaşı oğlu həqiqətən belə bir açıqlama verməyib-olsun. Ağstafa RİH təmsilçiləri yayılan məlumatı təkzib etdi, biz də inandıq. Amma, bir sual hələ də açıq qalır axı…
O sadə sual bundan ibarətdir ki, məgər Ağstafa boyda rayonda bağbanlığı bacaran bircə nəfər də yoxdumu ki, icra başçısı bu posta məhz qardaşı oğlunu təyin edib? Ya başçının qardaşı oğlu bağbanlıq işində ələ düşməyəcək nadir istedad sahibidir, ya da icra başçısının bütün postlara öz qohumlarını təyin etməsi ilə bağlı iddialar heç də əsassız deyilmiş.
İstər icra başçısının qardaşı oğlunun “bağbanlıq məharəti”, ağac sulamaq istedadı, istərsə də digər maraqlı məqamlarla bağlı növbəti yazımızda daha geniş bəhs edəcəyik.
SAVASH.ORG