ProblemRegion

“Polis rəisini, prokuroru və məni “görməsəniz”…” – Astarada sahibkarlığa mane olan kimlərdir?

Astara rayon Polis şöbəsinin rəis müavini Amil Seyfullayev rayonun Şüvi kəndində “BLUE RIVER AGRO” MMC-nin fəaliyyətinə maneçilik törədir.

Bu barədə sfera.az-a şikayət məktubu ünvanlayan Zaur Əliyevin sözlərinə görə, Amil Seyfullayev ondan “şirinlik” tələb edir, əks halda iş prosesinə əngəl yaradacağını bildirib:

““BLUE RIVER AGRO” MMC  olaraq Astara rayonu Şüvi kəndi ərazisindən alqı-satqı müqaviləsi əsasında 60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışıq və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Həmin torpaq ərazisində ölkə adına çox əhəmiyyətli bağlar salınır və oradan əldə edilən məhsullar hesabına qarşıdakı dövr ərzində yeni iş yerlərinin açılması planlaşdırılmaqdadır. Hazırda mən, eləcə də xeyli sayda insan Astara rayonu Şüvi kəndində salınan bağ sahəsində işləyərək, ailəmizi dolandırırıq. İşlədiyimiz şirkət tərəfindən bağların salınması üçün zəruri aqro-texniki işlər görmüşük, torpaq sahəsini əkin üçün yararlı vəziyyətə salmışıq. Bu arada qeyd edim ki, həmin ərazidə torpaq sahələrini suvarmaq üçün ciddi problemlər mövcuddur. Həmin problemin aradan qaldırılması üçün Astara rayon Su Melorasiya İdarəsi heç bir əməli tədbir görməyib. İşlədiyim şirkət tərəfindən mülkiyyətində olan torpaq sahəsindən keçən və istismar müddəti demək olar ki başa çatmış su borularını işlək vəziyyətə gətirmək və həmin ərazidə olan torpaq sahələrini suvarmaq məqsədi ilə işlərin görülməsinə başlanılıb”.

Zaur Əliyev suvarma məqsədilə işlərin görülməsinə başlandıqdan sonra işə birbaşa müdaxilənin, hətta fiziki təzyiqin olduğunu bildirib. Polis əməkdaşlı heç bir səbəb olmadan bir neçə gün boyunca Astara rayon Polis şöbəsinin rəis müavini Amil Seyfullayev polis əməkdaşlarını əraziyə göndərərək, onun qəbuluna gəlməyimi tələb edib:

“İş icraçısı kimi rəsi müavininin çağırışına yollandım. Məni qəbul edən Amil Seyfullayev işlədiyim şirkətin rəhbərliyi onu hansı səbəbdən gəlib görmədiyini, ona şirinlik verilməyəcəyi halda işləri dayandıracağını bildirdi. Amil Seyfullayevə dövlətin dəstəyinə arxalanaraq işlədiyim şirkət tərəfindən bağ sahəsi salındığını, qanunsuz iş görülmədiyini, hansı səbəbdən ona pul vermək lazım olduğunu bildirdikdə bundan qəzəblənərək, məni, eləcə də ərazidə işləyən fəhlələri Astara rayon Polis şöbəsinə apardı və bizim azadlığımızı  10 saatdan artıq məhdudlaşdırdı. Bu hərəkətləri 3 gün davamlı edən, yəni bizi hər gün 10 saatdan artıq polis şöbəsində saxlayan Amil Seyfullayev qanunsuz tələbini təmin etmək üçün bizə mənəvi təsirlər göstərib, təhqir edib. Amil Seyfullayev 13.01.2022-ci il tarixdə gecə saatlarında bizi polis şöbəsindən buraxarkən, bildirdi ki, şirkət rəhbərliyinin qısa müddət ərzində rayon polis şöbəsinin rəisini, rayon prokurorunu və onu “görməsə” şirkətə məxsus texnikaları müvəqqəti duracağa salacaq, işçiləri isə həbs edəcək. Amil Seyfullayevin qanunsuz tələbləri yerinə yetirilmədiyi üçün mülkiyyətimizdə işləyən texnikalar istismar olunub və işçilər polis şöbəsinə aparılıb, əsassız ittihamlarla incidilib. Bu azmış kimi polis əməkdaşları, həmçinin Astara rayon Su Melorasiya İdarəsinin əməkdaşları məhkəmə qərarı, eləcə də mülkiyyətçinin razılığı olmadan əkin sahəsinə hücum edib, nəticədə qarovulda dayanan Astara rayon sakini Rasim adlı şəxsə fiziki güc tətbiq ediblər. Bu barədə DİN “102” xidmətinə məlumat verilsə də, bir nəticəsi olmayıb. Hazırda Amil Seyfullayevin, Qasım Hüseynovun və Rauf adlı əməkdaşın hədə-qorxusundan, bizə qarşı törətdikləri mənə­­vi terrordan cana doyub fəaliyyətimizi dayandırıb, Astaradan didərgin düşmüşük”.

Zaur Əliyev “BLUE RIVER AGRO” MMC-yə məxsus iki traktorun səbəb göstərilmədən cərimə meydançasına aparıldığını da qeyd edib.

Dövlət başçısı İlham Əliyevin sahibkarlardan yana mövqeyi hər kəsə məlumdur Təsadüfi deyil ki, İlham Əliyev 23 oktyabr 2019-cu il tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü zamanı bu mövzuya xüsusi diqqət yetirmişdi. Prezidentin nitqindən kiçik hissəni təqdim edirik:

“Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”.

Lakin görünən odur ki, Amil Seyfullayev və əlaltıları özlərini idarəetmədə daha “ali təbəqə” hesab edərək, qanunsuz əməllərlə sahibkarlara ciddi əngəl yaratmaqda niyyətlidir.

Qeyri-neft sektorunun inkişafına istiqamətlənən ölkə olaraq bu kimi özbaşınalıqların qarşısını almalı, günahkarları cəzalandırmalıyıq. Heç bir vəzifəli şəxs dövlət başçısından daha ümdə vəzifəni icra etmir. Polis əməkdaşlarını işi qanun naminə, dövlət naminə çalışmaqdır. Astara rayonu polis əməkdaşları isə istismar və korrupsiyanın xidmətindədirlər. Lakin günahsız şəxsləri dəmir barmaqlıqlar arxasına salan, sahibkarlara şiddət göstərən Amil Seyfullayev və əlaltıları unutmamalıdır ki, barmaqlıqlara nəzarət mexanizmi əlindən çıxa və özü də bir gün o barmaqlığın arxasından boylana bilər…

Qeyd edək ki, yaxın günlərdə tərəfimizdən sözügedən ərazidə çəkiliş aparılması və şikayətçilərin etirazlarının dinlənilməsi həyata keçiriləcək.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərilib. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

İnci

 

 

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button