Region

“Qəzalı evdə təkbaşına, qorxu içində yaşayıram” – 61 YAŞLI KÖÇKÜNÜN FƏRYADI

“Məcburi köçkün kimi Ucar rayonundakı  uşaq musiqi məktəbinin  binasında məskunlaşmışıq. Ailə həyatı qurmamışam, 61 yaşım var. Məlum olduğu kimi, Azərbaycan ordusu Füzuli rayonunun Horadiz qəsəbəsini erməni işğalından azad edib. Amma işğal zamanı ailəmlə birgə yaşadığım ev tam yararsız hala düşdüyündən doğma el-obama qayıda bilmədim və məcburən  Ucar rayonunda qalmalı oldum, hazırda da burada yaşayıram”.

Bu sözlər Fizuli rayonu Horadiz qəsəbəsinin sakini, Ucar rayonundakı uşaq musiqi məktəbində məskunlaşan Nəzərova Kiçikxanım Xanlar qızının Savash.org-a yazdığı şikayət məktubundandır.

Kiçikxanım Nəzərova uzun illər yaşayış üçün əlverişli şəraiti olmayan məktəb binasında yaşadığını, ümidlə mənzillə təmin olunacağı günü gözlədiyi halda, haqsızlıqla üzləşdiyini vurğulayır:

“Uzun illər yeni mənzillə təmin olunacağım günü gözləmişəm. Amma tam ümidləndiyim bir vaxtda mənə qarşı haqsızlıq edildi. 2019-cu ilin 29 dekabrında Ucar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə inşa edilən  250 mənzildən ibarət 5 mərtəbəli 6 binanın aşılışı oldu və 125 mənzilin orderi məcburi köçkünlərə paylandı. Mənim adım isə əsassız olaraq həmin siyahıdan çıxarıldı. Bəhanələri isə bu oldu ki, sənin Füzuli rayonunun Horadiz qəsəbəsində evin var, gedib orada yaşaya bilərsən.”

Haqsızlıqla barışmaq istəməyib aidiyyati qurumun nümayəndəsinə şikayət etdiyi zaman kobudluqla qarşılaşdığını bildirən məktub müəllifi fikrini belə davam etdirir:

“Sözügedən binaların açılışında iştirak edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat işçisi Eldar Zeynalova qarşılaşdığım haqsızlıqla bağlı şikayət edəndə mənimlə kobud danışdı.

Qeyd edim ki, Füzuli rayonunun Horadiz qəsəbəsindəki ev birotaqlı, yaşamağa tam yararsız bir komadır. Komissiya yaradılıb həmin evə baxış keçirilsə, sözlərim təsdiqini tapar. Hazırda məskunlaşdığımız Ucar rayonu musiqi məktəbinin binasında yaşayan qaçqınlar artıq  yeni mənzillərə köçürülüblər, mən isə qəzalı evdə təkbaşına, qorxu və həyəcan içində yaşayıram.

Hüquqlarının pozulduğunu iddia edən soydaşımız ona qarşı haqsızlıq edən dövlət məmurlarını korrupsiyada ittiham edir:

“Mənə qarşı haqsızlıq edən vəzifəli şəxslər cinayət əməli ilə məşğuldurlar. Belə ki, sözügedən binalarda mənzillərlə təmin edilən  məcburi köçkünlərin çoxunun Bakı şəhərində və digər yerlərdə  mənzilləri var.

Hətta elə məcburi köçkünlər var ki, Ucar rayonunda qeydiyyatda olsalar  da,  Bakıda yaşayırlar, orada işləyirlər, uşaqları orada məktəbə gedir. Mənzil paylananda həmin ailələr peyda oldular və onlara həmin binalardan 2 mənzil verildi. Bu insanların gözü qarşısında baş verən korrupsiya cinayətidir. Belə korrupsiya faktları kifayət qədərdir.

 Savaş.org vasitəsilə səsinin aidiyyati qurumlara çatacağına ümid edən şikayətçi Ucar rayonunda baş verən qanunsuzluqların araşdırılmasını və gunahı olan şəxslərin cəzalandırılmasını istəyir:

“Qeyd etdiyim kimi, məskunlaşdığım bina qəzalı vəziyyətdədir, mənə ayrılan otaqda isə nəinki insan, heç heyvan da saxlamaq olmaz. Bu üzdən aidiyyati qurumlara üzümü tutub xahiş edirəm ki, müvafiq komissiya yaradılsın, obyektiv araşdırma aparılıb ciddi tədbirlər görülsün.

 Üzləşdiyim haqsızlıqla bağlı Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət etmişəm. Mətbuat vasitəsi ilə də cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm, onlardan xahiş edirəm ki, şikayət ərizəm yerində, mənim iştirakımla araşdırılıb qanuna müvafiq tədbirlər görülsün və  mənə yaşayış üçün yararlı yeni mənzil verilsin.”

Orxan

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button