Siyasət

“Narıncı röyadan” diksinib ayılan Fərhad Əliyevin 2014-cü sayıqlaması….

“Narıncı röyadan” diksinib ayılan Fərhad Əliyevin 2014-cü sayıqlaması....Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin ölkə mətbuatına məqsədi bəlli olmayan açıqlaması onu yenidən yoxsul Azərbaycan gündəminə daşıdı. Ona görə “məqsədi bəlli olmayan açıqlama” yazırıq ki, bu açıqlamada onun nə demək istədiyi bəlli olmur.
Adam dekabrın 19-da rəsmi dövlət qəzeti olan “Azərbaycan”da ABŞ-Azərbaycan münasibətlərinə dair məqalədəki fikirlərə etiraz edib. Bəs həmin məqalədə nə deyilirdi. Sözügedən yazıda iddia olunurdu ki, 2005-ci ildə də ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin rəhbərliyi ilə ölkədə dövlət çevrilişinə cəhd göstərilib: “Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdıran ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışdılar. Radikal müxalifət başçılarının, konkret cinayət əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunmuş və beynəlxalq axtarışa verilmiş, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və “hakimiyyətdaxili müxalifət” olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi. Yalnız Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində bu məkrli çevriliş ssenarisinin qarşısı alındı. Azərbaycan qazanan, ABŞ və onun ölkəni tələm-tələsik tərk edən səfiri Rino Harniş isə məğlub tərəf oldu”.

Bəs Fərhad Əliyev nə deyir?
O, açıqlamasına belə başlayıb: “ Son günlər ABŞ-Azərbaycan əlaqələri təhlil edilərkən haqqımda deyilənlərə aydınlıq gətirməyi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə olan dəyişməz münasibətimi ifadə etməyi özümə mənəvi borc hesab edirəm. Öncə keçən il məni əfv etdiyinə görə cənab prezidentə bir daha öz minnətdarlığımı bildirirəm”.
Daha sonra 2005-ci ilin oktyabrında baş verən hadisələrə “ekskurs” edən sabiq nazir “özümü müdafiə etmək niyyətindən uzağam” desə də vədində səmimi olmadığını tez üzə çıxarıb: “Mən hansısa səfirin və ya diplomatın Azərbaycanda dövlət çevrilişi etmək imkanına malik olmasına inanmıram. Eyni zamanda dünyanın hər yerində lazım gələndə ən xırda məsələlərə münasibət bildirən Amerika kimi nəhəng dövlətin Azərbaycanda dövlət çevrilişi etmək istəyi barədə ittihamlara da cavab verməməsi təəccüb doğurur. Digər tərəfdən cənab prezidentin ABŞ-Azərbaycan əlaqələrinin inkişafı üçün göstərdiyi səylərin, daima mümkün olanın ən yaxşısını etməyə çalışmasının şahidi olduğumdan düşünürəm ki, ABŞ ölkəmizlə münasibətlərə diqqətlə yanaşmalıdır”. – Ay tövbə, bir şey anlaşıldısa…Adam indi nə demək istəyir: Onumu demək istəyir ki, “mən heç bir dövlət çevrilişində iştirak etməmişəm, mən şərlənib həbs olunmuşam və s…” Hər halda yuxarıdakı sətirlərin sətiraltı mənasından belə anlaşılır.

Baş-ayaq açıqlamadan baş çıxartmaq cəhdi
Amma aşağıdakı sətirlər tamamilə “başqa ruhludur”: “Hazırda xaricdə yaşayıram. Bu səbəbdən haqqımda düşünülən, danışılan və yazılan məlumatların çoxundan xəbərim olmur. Lakin zaman bizə keçmişdən dərs çıxarmağı, arxayınçılıqdan uzaq olmağı, mövqeyimizi çox dəqiq və vaxtında ortaya qoymağı öyrədib. Hamının bilməsini istərdim ki, hazırda və gələcəkdə siyasətlə məşğul olmaq niyyətim yoxdur. Özümə mənəvi ata hesab etdiyim ulu öndər Heydər Əliyevin vəsiyyətinə daima sadiqəm. Harada yaşamağımdan və məşğuliyyətimdən asılı olmayaraq prezident İlham Əliyevlə aydın münasibətlərin olması mənim üçün daha çox əhəmiyyətə malikdir. Həmişə olduğu kimi prezident İlham Əliyev öz intellektinə, bacarığına, dünyagörüşünə, yüksək idarəetmə qabiliyyətinə görə Azərbaycanın alternativsiz lideridir. İndiyədək keçirilən seçkilər dediklərimin əyani sübutudur. Bu mövqeyimə inanıram və sona qədər öz əqidəmə sadiq qalacağam”.
Bax belə. Bununla da Fərhad Əliyevin açıqlaması bitir. Kifayət qədər anlaşılmaz, təhlükəyə atılmadan özünüqoruma taktikasının növbəti uğursuz bu açıqlamaya fikir verməmək də olardı. Amma adamın nə qədər də “mən siyasətə qarışmıram” deməsinə rəğmən içindəki böyük iddiaları boğa bilməməsini görməyimiz mövzunu davam etdirmək qərarımıza səbəb oldu. Beləliklə, Savash.org-un təqdimatında “islahatçı” və “inqilabçı” nazir Fərhad Əliyevi daha yaxından tanıyaq…

Kimdir o?
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi bəziləri qatı Əliyevçi, bəziləri məxfi inqilabçı kimi xarakterizə edirlər. Kifayət qədər ziddiyyətli, ziddiyyətli olduğu qədər də anlaşılmaz gedişlərlə yadda qalan Fərhad Əliyev müasir Azərbaycan tarixinin ən qalmaqallı nazirlərindən biridir. Bu şəxs 2005-ci ildə həbs olunmasına qədər siyasi karyerasının pik nöqtəsinə çatan, elə həmin zirvədən də \”yıxılan” və düz 8 il sonra \”sürünərək” sındırılmış vəziyyətdə həbsxanadan çıxan biri olaraq gözlərimiz önündədir.
Onun haqqında nə semək olar: inqilabçıydımı, rejimi dəyişmək istəyirdimi, ya indi özünün dönə-dönə təkrarladığı kimi qatı əliyevçidir? Hər halda bunun heç birinin olmadığı düşüncəsindəyik, Fərhad Əliyev o qəbil insanlardandır ki, onda sadiqlik və ya yüksək ideallar uğrunda özünü təhlükəyə atmaq cəsarəti çatışmır. Bununla belə onun şəxsiyyəti geniş oxucu kütləsi üçün maraqlı olduğundan sabiq iqtisadi inkişaf nazirini yaxından tanımaq və tanıtdırmaq qərarına gəldik. Beləliklə…

7 yaşından yetim qalıb
Qısa arayış: Fərhad Şövlət oğlu Əliyev 1963-cü ildə Cəlilabad rayonunda anadan olub. 7 yaşında ikən atası Əliyev Şövlət xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olub. Bundan sonra ailənin bütün yükü anası Şövkət Əliyevanın üzərinə düşüb və o, himayəsindəki 8 uşağı təkbaşına böyüdüb.
Fərhad Əliyev 1970-80-ci illərdə Cəlilabadın Alar kəndindəki orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra o, 1980-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna (ADİMİ) daxil olub və 1985-ci ildə ali məktəbi bitirib. Həmin ildən etibarən də Cəlilabad rayonunda əmək fəaliyyətinə başlayıb. 1985-87-ci illərdə sovet ordusunda müddətli hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən əmək fəaliyyətini davam etdirib.
Ailəlidir. İki övladı var. Həyat yoldaşı S.Əliyeva Azərbaycan Tibb Universitetinin məzunudur.

…Və nazir kreslosu
Fərhad Əliyev 1985-90-cı illərdə o zaman Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan Azərbaycan Respublikası Gənclər Təşkilatı Mərkəzi Komitəsində şöbə müdiri vəzifəsinə qədər yüksəlib.
1990-97-ci illərdə turizm, ticarət, inşaat, istehsalat sahəsində işləyən özəl şirkətlərə başçılıq edib. O, 1997-ci ildən əmək fəaliyyətini dövlət aparatnda ticarət nazirinin müavini vəzifəsində davam etdirməyə başlayıb. Bir qədər sonra isə Fərhad Əliyev Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsinə təyin olunub. Bu vəzifədə çalışdığı illərdə Fərhad Əliyev özəl sektorun inkişafı, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, xarici ticarətin bütünlüklə liberallaşdırılması yönündə bir sıra ciddi işlər görüb.1999-2001-ci illərdə Dövlət Əmlak naziri vəzifəsində çalışıb.
2001-ci ildə mərhum prezident Heydər Əliyevin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradılıb və Fərhad Əliyev nazirliyin başçısı təyin olunub. Həmin vaxt onun belə bir yüksək posta gətirilməsində indiki prezident İlham Əliyevlə dostuq münasibətlərinin də həlledici rol oynadığı deyilir.

Kəmaləddin Heydərovla açıq qarşıdurma
Əslində onun iqtisadi inkişaf naziri postuna gətirilməsi hakimiyyət daxilində balanslaşdırma siyasətinin elementi kimi nəzərdən keçirilməlidir. Əsas hədəfi anti-inhisar olan sabiq nazir həyata keçirdiyi müəyyən islahatlarla iqtisadiyyatın idxaldan azad olunmasını, yerli məhsulların bazarlarda dominantlıq etməsini təmin edən addımlarıyla yadda qaldı. O zamanlar üçün \”hamı yerli mal alsın, xeyir vətənə qalsın” kampaniyası bu gün də unudulmayıb. Bu həmin ərəfə idi ki, artıq Fərhad Əliyev uğurlarından gicəllənərək siyasi iddialara belə düşmüşdü. Onun o zamanlar Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışan və \”idxal mafiyası”nın başında dayanan Kəmaləddin Heydərovla açıq mübarizəyə girişməsi də məhz buradan qaynaqlanırdı. Hər halda o yaxşı anlayırdı ki, Kəmaləddin Heydərov problemini həll etmədən iddialarını təmin etmək çox çətin olacaq. Məhz elə bu baxımdan da Fərhad Əliyevin guya \”islahatçı” olması haqda cəfəngiyyatın heç bir əsası yoxdur. Sadəcə olaraq, özü haqda belə bir imic yaratmaqla o özü və digərləri arasında \”keyfiyyət fərqini” gözlər önünə sərməyə çalışırdı. Hər halda \”demokrat” və \”islahatçı” olmasının onu rüşvətxorluqda və korrupsiyada iştirakını əngəlləmirdi ki, bu da yuxarıdakı fikrimizi qüvvətləndirir. Unutmayaq, Fərhad Əliyev həbs olunduğu 2005-ci ildə Azərbaycanın ən varlı şəxsləri siyahısına düşməyi bacarmışdı. Bu isə onu \”Azərbaycanın Saakaşvilisi” kimi təqdim edənlərə ən tutarlı cavabdır: O ənənəvi Azərbaycan korrupsionerlərindən biridir, vəssalam.

Qərb səfirliklərində gizli görüşlər; Fərhad Bisutun dağını yarır?
Fərhad Əliyev kimi siyasətdə təsadüfi parlayanların əksəriyyəti eyni səhvləri buraxır. Onlar bir qədər var-dövlət toplayandan sonra düşünürlər ki, elə bu rüşvət və korrupsiya piramidasınının başında dayanaraq hər şeyə nəzarət də edə bilərlər. Bəli, artıq 2003-cü ildən başlayaraq bizim qəhramanda da həmin xəstəliyin simptomları görünməyə başladı. Ətrafı bir ağızdan onun \”möhtəşəmliyindən” dəm vurur, digər tərəfdən o özünü belə inandırıb ki, guya həqiqətən \”islahatçı” nazirdir, digər tərəfdən isə Qərb səfirlikləri bu özündənrazı və dikbaş nazirlə maraqlanmağa başlayır. Hər halda Fərhad Əliyev persona kimi onlara maraqlı görünür. Və beləcə, sabiq iqtisadi inkişaf naziri tez-tez Qərb dövlətlərinin ölkəmizdəki səfirliklərində görünməyə başlayır. Bununla bağlı yayğın olan və həqiqəti əks etdirməyən versiya belədir ki, guya Qərb siyasi dairələri Fərhad Əliyevin timsalında yeni lider tapmışdı və onun hakimiyyətə gəlişi üçün çalışırdı. Yenə uydurma və cəfəngiyyat!!! Ən azından həmin dövrü xatırlayın; rejim həm Qərb, həm də Rusiya ilə tam anlaşma şəraitində idi və Azərbaycanda hakimiyyəti dəyişmək gücündə olan heç bir tərəf belə bir niyyətdə deyildi. Sadəcə olaraq, Qərb səfirləri bu cavan oğlanla maraqlanırdı, bu qədər….

\”Narıncı röya” və diksinərək oyanma…
Fərhad Əliyevin həbs olunduğu 2005-ci ilin parlament seçkiləri ərəfəsini xatırlayaq. Ölkə müxalifəti hakimiyyət əleyhinə bu gün də nastalji ilə xatırlanan möhtəşəm müqavimət təşkil etməyi bacarmışdı. Çoxları hesab edirdi ki, Gürcüstanda və Ukraynada uğurla yekunlaşmış \”narıncı inqilab”ın növbəti dayanacağı məhz Azərbaycan olacaq. Bütün ölkə narıncıya bürünmüşdü. Məhz belə bir ərəfədə Fərhad Əliyev daha bir səssiz jesti ilə diqqətləri üzərinə çəkə bildi: Nazir narıncı qalstukda görünməyə başladı. Bu artıq təcrübəsiz və iddialı nazirin hakimiyyətə aşkar şəkildə müharibə elan etməsi idi. Söhbət onun müxalifətə qoşularaq hansısa uğur əldə edə biləcəyi ehtimalından da getmirdi. Ən azından hakimiyyət texnoloqları kimlərlə necə anlaşdıqlarını və hakimiyyət dəyişikliyinin söz konusu olmadığını Fərhad Əliyevdən yaxşı bilirdi. Bununla belə, Fərhad Əliyevin buna qədər etdikləri və müxalifətlə təmaslar yaratmağa cəhd göstərməsi hakimiyyətin bütün qollarında birmənalı qarşılandı: XƏYANƏT.
Artıq hakimiyyətdə hətta bir-birinin qanını içməyə hazır olan ayrı-ayrı qruplaşmalar da Fərhad Əliyevə qarşı inanılmaz birlik içindəydi. Əsas söz sahibləri – Ramiz Mehdiyev, Kəmaləddin Heydərov və yenicə qüvvətlənən Paşayevlər xəyanətkarın cəzalandırılmasını tələb edirdilər. İndi onun həbsi an məsələsiydi.

Məşum 19 oktyabr: kabinetdə həbs
2005-ci il oktyabrın 19-da Fərhad Əliyev evindən çıxaraq işə gələndə bəlkə heç ağlının ucundan da keçirməmişdi ki, bu nazir kimi onun sonuncu iş günüdür. Çünki sonradan məlum olacaqdı ki, Fərhad Əliyevin həbsi kifayət qədər məxfi şəkildə planlaşdırılmış və bu plandan 5-6 nəfərdən başqa heç kəsin xəbəri olmamışdı. Hər kəs adi günlərdən birini yaşayacağını zənn etdiyi vaxt bir xəbər sakit səmada şimşək effekti yaratdı:
Fərhad Əliyev həbs olundu!
Xüsusi təyinatlıların həyata keçirdiyi əməliyyat nəticəsində \”nadinc nazir” öz xidməti kabinetindəcə həbs edildi. Həmin anda nazirin hansı hisslər keçirdiyini bilmək çox maraqlı olardı. O, bəlkə də bunun anlaşılmazlıq olduğunu düşünür və qollarını qandallayan zabitlərə nələrisə izah etməyə çalışırdı-kim bilir…Amma bu həbs onun düz səkkiz ilini aldı. Əvvəlcə sədaqətlə qulluq etdiyi, daha sonra əleyhinə çıxmaq istədiyi rejim onun \”ömrünü oğurladı”. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edildi. Daha iddialı nazir \”ölmüşdü”, indi onun yerində sıradan bir dustaq vardı… Fərhad Əliyev isə\”narıncı röya”dan diksinərək ayılmışdı.
Xatırladaq ki, 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Fərhad və Rafiq Əliyevlər sonradan iqtisadi cinayətlərdə də təqsirli bilinmişdilər. Məhkəmə əmlakları müsadirə olunmaqla Fərhad Əliyevi 10 il, Rafiq Əliyevi isə 9 il azadlıqdan məhrum etmişdi“Narıncı röyadan” diksinib ayılan Fərhad Əliyevin 2014-cü sayıqlaması....
2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Hələlik bu qədər…
Şamxal Dadaşzadə

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button