Siyasət

“Hafka” Ziya Məmmədov klanına müharibə elan etdi

“Hafka” Ziya Məmmədov klanına müharibə elan etdiMəmmədovlar keçmiş şəriklərinə elə bir kələk gəldi ki…; Nazir oğlu Hafiz Məmmədovun imzasını saxtalaşdıraraq “Lans”klubunu faktiki ələ keçirib; ayın sonunadək “Bakı” futbol klubunu və dəyəri on milyonlarla dollar olan idman bazası Anar Məmmədova təhvil verməsə, o zaman obyekt ekskavatorlarla dağıdılacaq; Biznesmen bəyanat verdi: “Onlar buna görə cəzalarını alacaqlar…”

Nəqliyyat naziri Ziya Məmmədovla keçmiş şəriki “Bağlan Group”un sahibi Hafiz Məmmədovla (“Hafka”) münasibətləri düşmənçilik həddinədək pisləşib. Bu ilin yayında “Hafka” ilə Məmmədovlar klanı arasında əsl səbəbləri hələ də tam açıqlanmayan nifaq tezliklə daha da gərginləşdi və nazir oliqarxla olan bütün mal-mülk bağlantılarını kəsdi. Bundan sonra “Hafka”nın “qara günləri” başladı və ona məxsus obyektlərə Məmmədovlar sahiblənməyə başladılar.

Əlləri çatmayanları isə-məsələn, səhmləri H.Məmmədovun oğluna məxsus olan “Bank of Azerbaijan”ı, eləcə də “Bağlan Qrup”u nazirin ailəsinə məxsus “Garant Holdinq”ə aid binadan çıxardılar. Eləcə də H.Məmmədovun prezidenti olduğu “Bakı” klubunun bazasını və ümumiyyətlə klubu H.Məmmodovdan almağa cəhdlər oldu. Məmmədovlar klanı “Baglan Group”un nəzarətində olan şirkətlərin təhvil-təslimi istənildi və hətta məhkəmə icraçıları borca görə “Hafka” nın “milyarderlər məhəlləsi”ndə villasından çıxarmaq üçün qapısına dirəndilər. Onun “Eurovision” ərəfəsi Bakıya gətirdiyi 500-dən çox “London taksi”sinin gömrük rüsumunu ödəmədiyi də \”qəfil yada düşdü\”, taksilər yolda saxlanıb cərimə meydançasına aparıldı.

H.Məmmədov gücü çatan qədər dirəniş göstərdi də… Məmmədovlar keçmiş şərikləri ilə bu müstəvidə dartışmanın əbəs olduğunu anlayaraq bu dəfə onun imzasını saxtalaşdıraraq xaricdəki səhmlərinə yiyələniblər. Söhbət H.Məmmədovun səhmlərinin üçdə ikisinin sahibi olduğu fransız futbol klubu “Lans” dan gedir.

“Hafka”nın “Lans” klubu ilə problemləri yeni deyil. H.Məmmədovun ötən il 20 milyon avroya aldığı “Lans” klubuna əlavə maliyyə söz versə də, bunu edə bilməyib. Borc məsələsinə görə Fransada “Hafka” əleyhinə flaşmoblar da təşkil olunub, “Lans”ın prezidenti Jerve Martel isə bir neçə dəfə Bakıda olub.

Bu günlərdə isə məlum olub ki, H.Məmmədovun klubun transfer büdcəsini doldurmaq üçün ödəməli olduğu 2.5 milyon avronu onun əvəzindən…ödəyiblər. Fransa mediasının yazdığına görə, borcu ödəyən nazir Ziya Məmmədovun oğlu, “Garant Holding”in prezidenti Anar Məmmədovdur. Bəs, soruşula bilər ki, A.Məmmədov niyə “Hafka”nın borcunu ödəyib? Elə ən sensasion məqamda burda üzə çıxıb.

Fransanın peşəkar klubların büdcələrinə nəzarət üzrə komissiyası DSNJ-yə təqdim edilmiş müqaviləyə əsasən, dekabrın 31-nə qədər H.Məmmədov həmin 2.5 milyon avronu qaytara bilməsə, “Lans”ın səhmlərinin üçdə ikisini Anar Məmmədova verməli olacaq. Fransa nəşrləri A.Məmmədovu artıq “Lans”ın faktiki yeni sahibi kimi təqdim edir və “Hafka”nın 2.5 milyon avronu qaytara bilməyəcəyini nəzərə alaraq, yanvarın 1-dən onun səhmlərinin mülkiyyət hüququnun nazir oğluna keçəcəyini yazır. “Le Parisien”, Goal.com, “L Equipe” və digər çoxsaylı Fransa nəşrlərinin, idman saytlarının yazdıqlarına görə, “Lans” prezidenti Jerve Martel H.Məmmədovun əvəzindən 2.5 milyon avronu klubun büdcəsinə köçürən investorun Anar Məmmədov olduğunu keçirdiyi mətbuat konfransında açıqlayıb.(virtualaz). H.Məmmədov klubun onun əlindən bu cür alınması ilə razı olmayıb və həmin müqaviləyə imza atmaqdan imtina edib. Nəticədə müqaviləni H.Məmmədovun adından saxta imza atmaqla DSNJ-yə təqdim ediblər.

J.Mertelin Avropa futbolunda yaxşı reputasiyası yoxdur. İndi də külli-miqdarda borcu var. Onun borcları 4 milyon avronu keçir. İddialara görə, Mertel özünün maliyyə problemlərini həll etmək üçün nəqliyyat naziri və onun oğlu ilə razılaşmağa nail olub. Üstəlik, “Hafka”nın imzasını saxtalaşdırmağa razılıq da verib.

Məlumatlara görə, H.Məmmədova xəbər göndərilib ki, ayın sonunadək “Bakı” futbol klubunu və eyni adlı idman bazasını(dəyəri on milyonlarla dollardır) A.Məmmədova təhvil verməsə, obyekt ekskavatorlarla dağıdılacaq
***
Dekabrın 21-də isə H.Məmmədov bəyanat yayıb.

Bəyanatda deyilir: “Son günlər Fransa, ardınca bəzi Azərbaycan KİV-lərində mənim majoritar səhmdarı olduğum ”Lans\”futbol klubunun maliyyə problemlərinə dair bəzi məlumatlar yayılmaqdadır. Bu KİV-lər xəbər verir ki, klubun büdcəsinin formalaşdırılması və oyunçu transferi üçün 2.5 milyon avronu mənim adımdan borc qismində başqa investor köçürüb. İddia olunur ki, əgər mən həmin borcu qaytarmasam yanvarın 1-dən etibarən klubun sahibi həmin investor olacaq. Rəsmən bəyan edirəm ki, mənimlə həmin investor arasında “Lans”ın büdcəsinə 2.5 milyon avro vəsaitin köçürülməsinə dair heç bir razılaşma mövcud deyil. Mən bu cür müqavilə imzalamamışam və klubun səhmlərinin mənim mülkiyyətimdə olan hissəsinin başqa investorun mülkiyyətinə keçməsini nəzərdə tutan heç bir qanuni razılaşma mövcud deyil\”.

Azərbaycanlı oliqarx həmçinin şirkətinin müflis olduğu haqda deyilənlərə aydınlıq gətirib: “Mənim şirkətimin müflis olduğu haqda bütün deyilənlər tamamilə əsassızdır, uydurmadır. Söhbət ancaq pul vəsaitlərinin likvidliyinin çatışmamazlığından gedir və bunun nəticəsində bir sıra layihələr üzrə maliyyə ödənişləri mənim tərəfimdən gecikdirilib. Bu isə öz növbəsində bir neçə il ərzində iri biznes layihələrinə yatırımlarla əlaqəlidir. Gözlənilməz vəziyyətlərdən irəli gələn mürəkkəbliklər var, ancaq heç bir defoltdan və müflis olmaqdan söhbət gedə bilməz. Bizim ”Lans\”ı maliyyələşdirmək üçün böyük imkanlarımız var. Və bizim fransız klubunun maliyyələşdirilməsini 100 il ərzində həyata keçirmək üçün sağlam ambisiyalarımız mövcuddur.

Azərbaycan-Fransa münasibətlərinin indiki səviyyəsini, həmçinin “Lans” klubunun tarixi əhəmiyyətini nəzərə alaraq biz ilk növbədə bu klubun maliyyə problemlərini həll etməyə çalışırıq. Təəssüf ki, ayrı-ayrı adamlar bizim üzləşdiyimiz çətinliklərdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışır və mən hər iki ölkə ictimaiyyətini əmin etmək istəyirəm ki, onlar buna görə öz cəzalarını alacaqlar\” deyə, Hafiz Məmmədovun rəsmi bəyanatında bildirilir.
Bəyanatdan da göründüyü kimi, “Hafka”ona məxsus səhmlərə “əl qoyulduğunu” təsdiqləyib və belə bir sənədi imzalamadığını bir daha bəyan edib. H.Məmmodov ad çəkməsə də, \”onlar buna görə öz cəzalarını alacaqlar\” deyərək, Məmmədovlar klanını hədələyib.

H.Məmmədovun Məmmədovlar klanın bu cür davranışından sonra onlara qarşı kompromat savaşı başladacağı da gələn xəbərlər sırasındadır.

Daha bir mümkün ehtimal da var ki, hakimiyyət Fransa mətbuatında qınaq obyektinə çevrilməmək üçün bu məsələni həll etməyi tapşırıb. Gənclər və idman naziri Azad Rəhimov bir müddət əvvəl klubun “Hafka”dan alınacağına eyham vurmuşdu. O, bəyan etmişdi ki, H.Məmmədov bundan sonra “Lans”a ən azı azarkeş kimi dəstək olacaq: “İndi o, ”Lans\”ı maliyyələşdirəcək durumda deyil. Bilirəm ki, indi vəziyyəti ağırdır\”. Bu ayın əvvəlində isə Fransada səfərdə olan Azad Rəhimov iki ölkə arasında səmimi münasibətləri qorumaq üçün “Lans”a kömək etməyə hazır olduqlarını bildirmişdi: “Biz klub prezidenti Jerve Martelə vəd verdik ki, problemin həllində mümkün qədər kömək edəcəyik. Məsələ həll edilsə, çox şad olarıq. Hazırda Azərbaycan və Fransa arasındakı münasibətlər həqiqətən də yüksək səviyyədədir. Səmimi münasibətlərimizə bulud da kölgə sala bilməz”.

Görünür ki, Məmmədovlar da bu cür fürsətdə yararlanaraq “Hafka”nın səhmlərini ələ keçiriblər. Amma Fransa mətbuatı və hökumət bu saxtakarlığı sübuta yetirsə, bu “Hafka”nın borcundan daha ciddi skandala çevriləcək…
Mövzuya qayıdacağıq.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button