Siyasət

Müsavat başqanı xalqı təbrik etdi

Müsavat başqanı xalqı təbrik etdi
Müsavat Partiyasının başqanı Arif Hacılı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!
Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni təqvim ili münasibətilə ürəkdən təbrik edir, üzümüzə gələn 2015-ci ildə hər kəsə uğurlar arzulayıram.
1989-cu ilin dekabrın 31-də Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda apardığımız ümummilli hərəkatın yaratdığı ruh yüksəkliyi fonunda güneyli soydaşlarımızla uzun onilliklər bizi ayıran sərhəd məftillərinin sökülməsi həmin günü təqvimimizin ən əziz bayramlarından birinə çevirib. 1992-ci ildə xalq hərəkatı lideri Əbülfəz Elçibəyin təşəbbüsü, Milli Məclisin qəbul etdiyi qanun əsasında həmin gün Dövlət bayramı – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirildi.
İndi 31 dekabr bütün dünyada yaşayan 50 milyonadək Azərbaycanlıların Həmrəylik Günü kimi qeyd edilir. Bu illər ərzində dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların təşkilatlanması, toparlanması, ümumi Azərbaycan idealı naminə birgə fəaliyyət göstərməsi sahəsində xeyli işlər görülüb. Bu işlər davam etdirilməli, hər bir azərbaycanlı xalqımızın ümummilli problemlərinin həlli işinə cəlb olunmalıdır. Xalqımız bu problemlərin həlli yolunda vahid bir qüvvəyə çevrilməlidir.
Qarşıdan həm də Yeni İl bayramı gəlir. Təəssüf ki, 1993-cü ildən bəri ölkəni idarə edən Əliyevlər rejiminin səriştəsiz və xalqın mənafelərini əks etdirməyən siyasət nəticəsində yola saldığımız il də itirilmiş illərdən biri oldu. Bu il də Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hansısa bir irəliləyiş baş vermədi. Xalqın güzəranı yaxşılaşmadı, cəmiyyətdə təbəqələşmə bir az da dərinləşdi, varlıların daha da varlanması, yoxsulların isə daha da yoxsullaşması prosesi davam etdi. Ölkəmiz siyasi və vicdan məhbusların sayına görə dünyanın lider dövlətlərindən birinə çevrildi. İnsan hüquqları və digər azadlıqlar sahəsində yaranan acınacaqlı vəziyyət dözülməz həddə çatdı.
Üzümüzə gələn Yeni ildə istər Qarabağ probleminin, istərsə də sosial-iqtisadi və siyasi problemlərimizin həlli üçün fədakarlığımızı artırmalıyıq. Demokratik Azərbaycan dövlətinin qurulması, xalqımızın bütün dünyada nüfuzunun, dövlətimizin təsir imkanlarının artması naminə yolumuzdakı maneələri aradan qaldırmalı, bu yolda fəallıq nümayiş etdirməliyik.
Hörmətli həmvətənlər!
Bir daha bayramınızı təbrik edir, hamınızı layiqli gələcəyimiz naminə birliyə, həmrəyliyə çağırıram”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button