Əli Kərimli 2015-ci il planlarını və gözləntilərini açıqladı
AXCP sədri Əli Kərimli 2015-ci ildən gözləntiləri ilə bağlı “Azadlıq” radiosunun sorğusunu cavablandırıb. O, təmsil etdiyi partiyanın və Milli Şuranın bu il üçün prioritet saydığı problemləri, planlaşdırdıqları və həyata keçməsini arzuladıqları addımları açıqlayıb.
\”2015-ci il parlament seçkiləri ili olduğu üçün daha çox seçki islahatları məsələsi gündəmə gələcək. Partiyamız seçki islahatları paketini təqdim edib onu müdafiə edəcək.
Parlament seçkisində iştirakla bağlı qərar üçün vaxt var. Hələ ki, bütövlükdə Xalq Cəbhəsində, Milli Şurada parlament seçkisində iştirak etmək meyli güclüdür. Amma vaxt baxımından seçkiyə bir az yaxınlaşanda, heç olmasa, orada iştirakın elementar imkanlarını gördükdə qəti qərarımızı verəcəyik.
Bu il eyni zamanda Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı dünyanın diqqətinə çatdıracağıq ki, Azərbaycandakı repressiyalar olimpiada ruhuna ziddir.
Bu il martın sonlarında Riqada Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinin sammiti keçiriləcək. Şərq Tərəfdaşlığı ölkələrindən biri kimi, bizim də bu sammitdən böyük gözləntilərimiz var. Bu il ərzində Azərbaycan-Avropa Birliyi münasibətlərində də müəyyən bir inkişafın olmasını gözləyirik.
İl ərzində ümumiyyətlə azad seçkilər, insan haqlarının təmin olunması, siyasi məhbusların azad olunması üçün mübarizəmizi davam etdirəcəyik. Arzu edirik ki, 2015-ci ildə ölkədə siyasi məhbusların tam olaraq azad edilməsinə nail olaq. Ölkədə elə siyasi islahatlar həyata keçirilsin ki, bir daha da siyasi məhbuslar yaranmasın.
Təəsüf ki, ilin əvvəlindən bir sıra neqativ proseslərə start götürüblər. Ölkədə bəzi mallar və məhsulların qiymətinin artması gözlənir. Görünür, neftin qiyməti aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi zərbə vuracaq. Azərbaycanda qeyri-neft sektoru inkişaf etmədiyi, hökumətin bu illərdə neft gəlirlərindən düzgün istifadə etmədiyi üçün ölkəmizin iqtisadiyyatı bütövlükdə neftin qiymətindən asılı vəziyyətdədir. Bu da Azərbaycan xalqı üçün yeni-yeni məhrumiyyətlər deməkdir.
İl ərzində ölkədə liberal iqtisadiyyatın bərqərar olması, anti-korrupsiya tədbirlərinin həyata keçirilməsi, monopoliyalara qarşı siyasətin aparılması üçün qeyri-neft sektorunun real inkişafı üçün sərmayə qoyuluşu və ümumiyyətlə ölkədə azad bazar mühitinin formalaşması üçün təşəbbüslər göstərəcəyik\”, – deyə AXCP sədri bildirib.