YAP üzvü AXCP sıralarına keçmək istədiyini bəyan elədi
Rafail Nuriyev: «Mən YAP üzvü kimi cinayətlərdən uzaq durmaq üçün bu partiyadan istefa verirəm»
YAP üzvü Nuriyev Rafail Xasay oğlu hakim partiyadan istefa verib. Rafail Nuriyev bu barədə bəyanat yayıb. O bəyanatında qeyd edir ki, 2010-cu ildən YAP-ın üzvüdür. Lakin artıq bu partiyanın sıralarında qalmaq istəmir: “Üzv olduğum müddətdə bu partiyanı, onun rəhbərliyini daxildən tanıdım. Tanıyaraq dərk etdim ki, bu partiya iqtidarda olduğu müddətdə bütün seçkiləri hər il saxtalaşdıraraq hakimiyyətlərinin vaxtını uzadıblar. Nəticədə iki qütb – ac-yalavaclar və xalqın hesabına hədsiz dərəcədə varlanmış məmur-oliqarx ordusu yaranıb. Rüşvət və korrupsiya YAP hakimiyyəti dövründə ən gözəl qanun kimi öz yerini möhkəmləndirib”.
Rafail Nuriyev daha sonra qeyd edib ki, demokratiya və söz azadlığı Azərbaycan Konstitusiyası ilə təsbit olunsa da, hakimiyyətin “səy”i nəticəsində bu bənd yalnız kağız üzərində qalıb: “Hüquqi dövlət adı altında müxalifətə qarşı hücumlar, xalqın yeganə ümid yeri olan QHT rəhbərlərinin həbsi, ”Azadlıq\” radiosuna basqılar baş verir.
Mən YAP üzvü kimi bu cinayətlərdən uzaq durmaq üçün bu partiyadan istefa verir, 521668 saylı üzvlük vəsiqəmdən imtina edirəm. Üzümü AXCP rəhbərliyinə və onun sədri Əli Kərimliyə tutaraq bildirirəm ki, AXCP-ni Azərbaycan xalqının yeganə ümid yeri, prinsipial müxalifət partiyası, millətimizin gələcəyinin qarantı hesab edirəm. Cənab Əli Kərimli müraciətimə müsbət cavab verəcəyi təqdirdə siyasi fəaliyyətimi AXCP sıralarında davam etdirərdim\”.
Rafail Nuriyevdən başqa daha üç nəfər bu bu günlərdə AXCP sıralarına üzv olmaq istədiyini açıqlayıb. Bunlar Əhmədov Rəcəb Əyyub oğlu, Əhmədbəyli Xanmana Əflatun qızı və Nuriyeva Ilhamə Asif qızıdır.