Siyasət

Həbsdən çıxan NİDA-çılar gələcək planlarından danışdılar

Həbsdən çıxan NİDA-çılar gələcək planlarından danışdılarRəhman Məmmədli: “İndi əsas məqsədimiz təşkilatlanmaqdır”

Zaur Qurbanlı: “NİDA-dayam…”

Üzeyir Məmmədli: “Dostlarımız hələ də həbsdədir”

NİDA Vətəndaş Hərəkatı son illərin ən çox təzyiqlərə məruz qalan siyasi qurumu kimi tarixə düşdü. 2013-cü ilin mart ayından başlayaraq, təşkilatın İdarə Heyətinin 7 üzvündən 5 nəfəri həbs olundu. Nəticədə təşkilat tənəzzül dövrünü yaşadı, amma çox çətinliklə də olsa, öz varlığını qoruyub, saxlaya bildi.

Sonrakı dönəmlərdə həbs olunmuş bəzi gənclərin həbsxanadan bu təşkilata üzvü olması NİDA-nı yenə də gündəmdə saxladı. Hazırda NİDA-nın 7 üzvü həbsdədir. Onlar Rəşadət Axundov, Məmməd Əzizov, İlkin Rüstəmzadə, Orxan Əyyubzadə, Ömər Məmmədov və Əbdül Əbilovdur.

30 dekabr 2014-cü ildə imzalanmış əfv sərəncamı ilə təşkilatın iki fəal üzvü – Zaur Qurbanlı və Üzeyir Məmmədli azadlığa çıxdı.

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəhman Məmmədli göstərilən təzyiqlərin təşkilata ciddi zərbə vurduğunu söylədi: “İndi əsas məqsədimiz toparlanmaq, təşkilatlanmaqdır. Ölkədə aparılan repressiyalar digər təşkilatlar kimi, bizə də mənfi təsir göstərdi. Artıq çətin dönəmi arxada qoymuşuq. İndi daha çox təşkilatlanmaq, gələcəkdə görəcəyimiz işləri həyata keçirmək istiqamətində çalışacağıq. Həmçinin kitab işlərimiz davam edir. Yeni kitabların çapına hazırlaşırıq. Təşkilata yeni-yeni üzvlər gəlir. Onların qəbulu istiqamətində də fəal işlər görürük”.

Təşkilatın həbsdən yeni çıxmış üzvlərindən olan Zaur Qurbanlı NİDA-da fəaliyyətini davam etdirəcəyini bildirdi: “Biz tutulandan sonra İdarə Heyətinin tərkibi iki dəfə dəyişib. Fəaliyyətimi necə quracağım vəziyyəti tam öyrənəndən sonra müəyyənləşəcək. Təşkilatla hələ tam görüşməmişəm. Vəziyyəti dəqiq bilmirəm. NİDA-dayam. Fəaliyyətim o çərçivədə olacaq”.

NİDA-nın həbsdən çıxmış daha bir üzvü Üzeyir Məmmədli də bundan sonrakı fəaliyyəti barədə danışdı: “Mən həbsdən çıxanda da bildirmişdim ki, dostlarımız hələ də həbsdədir. Onlar çıxana kimi qərarım tam formalaşmayacaq. Onlarla daim bir yerdə fəaliyyət göstərmişik. Qərarlarımız da bir olub. Bundan sonra da eynilə belə olacaq. Hələlik fəaliyyətimlə bağlı bir qərar yoxdur. Necə olacağı zamandan asılıdır. Ümid edirəm ki, yaxın müddətdə dostlarımız həbsdən çıxacaq. Ondan sonra qəti qərar verəcəyik. NİDA, yaxud siyasi fəaliyyətimizlə bağlı qərarlarımız da bundan sonra olacaq. Mətbuata da yəqin ki, açıqlama veriləcək. NİDA-nın İdarə Heyəti var. Yekun qərarları onlar verirlər. Onların hər bir qərarına hörmətlə yanaşırıq”.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button