Siyasət

NİDA-çı gənclər həbsxanaya köçürülüblər

NİDA-çı gənclər həbsxanaya köçürülüblər
Yanvarın 13-də Yadigar Sadıqovun Ali Məhkəməyə şikayətinə baxılacaq; həbsdəki müsavatçı qardaşlara qəzet verilmir

Siyasi motivlərə görə həbs edilmiş məhbuslardan gələn xəbərlər ürəkaçan deyil. Havaların kəskin soyuması məhbusların da saxlanma şəraitlərinə təsirsiz ötüşməyib. Xüsusilə cəzaçəkmə müəssisələrində məhbəs həyatı yaşayanların vəziyyəti daha ağırdır. İstilik sistemində ciddi problemlər var.

Əsas problem yaşanan müəssisələrdən biri Bakının Qaradağ rayonunda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsidir. Müsavat başqanının müavini Tofiq Yaqublu, sabiq səhiyyə naziri Əli İnsanov, SMDTM rəhbəri Anar Məmmədli, NİDA-çı gənc Əbdül Əbilov həmin müəssisədə cəza çəkirlər.

Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu sonuncu dəfə atası ilə yanvarın 4-də görüşdüyünü bildirdi: “Səhhəti, əhvalı normaldır. Havalar soyuyandan sonra əlaqə saxlaya bilməmişik. Çox narahatıq. İstilik sisteminin necə olması barədə bir söz demək çətindir. Bu həftə yox, gələn həftə görüş günüdür”.

2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan REAL sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova onunla yanvarın 8-də danışdığını söylədi: “Telefonla danışdım. Soyuqlar hələ təsir etməyib. Səhhətindən şikayəti yoxdur. Saxlanma şəraiti isə əvvəlki qaydadadır. Danışanda daim ölkə və dünyada baş verən son yeniliklərlə maraqlanır. Dostlara salamı var”.

Yanvarın 16-da məhkəməsi başlayacaq, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi İntiqam Əliyevin oğlu Nəcmin Kamil atasının səhhətinin yaxşı olduğunu qeyd etdi: “Sonuncu dəfə danışmışıq. Bir dəyişiklik yoxdur. Özünü yaxşı hiss edir. Hamı kimi məhkəməsini gözləyir”.

Müsavat başqanının həbsdəki müavinlərindən Fərəc Kərimli və qardaşı Sirac Kərimlinın atası Raqif Kərimli övladlarının saxlanma şəraitinin normal olduğunu söylədi: “Fərəc telefonla danışdı. Səhhətlərindən şikayətləri yoxdur. Əsas narazı qaldıqları məsələ qəzetlərin verilməməsidir. Bayramdan sonra ümumiyyətlə qəzet verilmir. Təcridxana rəhbərliyi heç bir əsas gətirmir”.

Məhkəmələri bitən bəzi məhbuslar artıq cəzaçəkmə müəssisələrinə köçürülüb.
NİDA-çı gənc Rəşadət Axundov Nərimanov rayonu ərazisində yerləşən 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə musavat.com-a onun həyat yoldaşı Türkan Hüseynova məlumat verib: “Hazırda 10 saylı müəssisəyə yerləşdirilib. Karantində olduğu üçün xəbər tuta bilmirik”.

Həbsdəki digər NİDA-çı gənc Məmməd Əzizov 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə gənc fəalın atası Rasim Əzizov məlumat verdi: “Bu gün eşitdim ki, 2 saylı müəssisəyə köçürülüb. Sonuncu dəfə Məmmədlə noyabrın axırında Kürdəxanı da görüşmüşəm. Bizə dedi ki, gəlməyin, bayramda ola bilsin azad olunacam. Ailədə məndən başqa hamı Məmmədin azadlığa çıxacağına ümid edirdi. Mən heç vaxt ümid etməmişəm, etməyəcəm də. Xəyallar aləminə həyatım boyu inanmamışam. Konkret rəqəm hər şeydən artıqdır. Sonra karantinə düşdü. Anası ilə əfvdən sonra danışıb”.

Gənc fəalın anası Məhluqə Əzizova övladının əfvə düşməməsinə üzüldüklərini bildirdi: “Çox inanırdıq Məmmədin azad olunacağına. Özünün də inamı yüksək idi. Amma alınmadı. Əfvdən sonra mənimlə danışdı. Mənə ürək-dirək verdi. Dedi ki, nə vaxtsa buraxacaqlar. Mart ayına çox ümidi var. Yəqin ki, azadlığa buraxılmamasını məsləhət biliblər. Bu barədə bir şey deyə bilmərik. O uşaqların hamısı mənim üçün əzizdir. Deyə bilmərəm ki, niyə Zaur, Üzeyiri buraxdılar, Məmmədi yox. Hamısı bizim üçün dəyərlidir. Onlar arasında seçim edə bilmərik. Amma çox istərdim ki, mənim də övladım azadlığa çıxsın”.

Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri, Müsavat başqanının müavini Elman Fəttah modern.az saytına açıqlama verib. O, Yadigar Sadıqovla dekabrın 26-da görüşdüyünü bildirib: “Yadigar Sadıqovun xroniki ürək problemləri var. Mütəmadi olaraq dərmanlar qəbul edir. Belə ağır problemləri olan birinin ağır şəraitdə saxlanması bizi çox narahat edir. Yadigar Sadıqov ailəsi ilə həftədə bir dəfə telefon əlaqəsi saxlayır. Görüş üçün bir məhdudiyyət yoxdur. Amma onun ailəsi Lənkəranda yaşayır, cəzasını isə 14 saylı cəzaçəkmə müəssisəsində çəkir. Bu baxımdan ailənin hər həftə görüşü mümkün olmur.

Yadigar Sadıqovun saxlandığı müəssisə gigiyenik standartlara cavab vermir. Ona qanunsuz münasibət müəssisəyə köçürülərkən də var idi, indi də davam edir. Qanunla o, Salyandakı Xələc Cəzaçəkmə Müəssisəsinə köçürülməli idi. \”Cəzaların icrası haqqında\” Qanunda da qeyd edilir ki, məhkumlar yaşayış yerinə yaxın cəzaçəkmə müəssisələrinə köçürülməlidir\”.

Elman Fəttah bildirib ki, yanvarın 13-də Yadigar Sadıqovun Ali Məhkəməyə şikayətinə baxılacaq: “Şirvan Apelyasiya Məhkəməsi Yadigar Sadıqovun həbs cəzasını 4 ilə endirdi. Apelyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə müraciət olundu. Tələbimiz ona bəraət verilməsindən ibarətdir. Ali Məhkəmənin ədalətli qərar çıxaracağını gözləmirik. Çalışırıq ki, işi sürətləndirib Avropa İnsan Hüquqları Məhkəməsinə göndərək. Ali Məhkəmədə Yadigar Sadıqovun hüquqlarını Osman Kazımov müdafiə edəcək”.
Yadigar Sadıqov 2013-cü il iyunun 27-də Lənkəranda tutulub. Lənkəran sakini Rəşid Kərimovu döyməkdə, ona bədən xəsarəti yetirməkdə ittiham olunan Yadigar Sadıqov 2014-cü il yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İyulun 22-də Şirvan Apelyasiya Məhkəməsi həbs cəzasını 4 ilə endirib.(musavat.com)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button