“Heç kim ölkəmizlə ultimatumla danışa bilməz” – İlham Əliyev
Yanvarın 10-da Azərbaycan Respublikasının prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
“Ötən il dünyada və bölgədə bir sıra proseslərin getməsinə baxmayaraq, Azərbaycan özünün sürətli inkişaf tempini saxladı, xalqımız 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşadı”- deyən prezident İlham Əliyev bildirib ki, müstəqillik və inkişaf yolu ilə gedən ölkəmizdə xalqla iqtidar arasında möhkəm birlik var.
Keçən il ərzində ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini, ilin sonunda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq iqtisadiyyatımızın 3 faiz, qeyri-neft sektorunun isə 7 faiz artdığını deyən prezident İlham Əliyev 2014-cü ildə infilyasiyanın 1,4 faiz olduğunu, əhalinin pul gəlirlərinin 4,8 faiz artdığını söyləyib. Prezident qeyd edib ki, bu dövrdə ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub, onun da 16 milyard dolları daxili sərmayələrdir. Manatın məzənnəsi sabitdir, valyuta ehtiyatlarımız isə artaraq 50 milyard dolları keçib.
2014-cü ildə ölkədə 30-dan çox sənaye müəssisinin yaradıldığını, xeyli yeni iş yerlərinin açıldığını deyən prezident İlham Əliyev bir neçə nəhəng layihənin də icra olunduğunu, Azərbaycanın yer səthini müşahidə edən ikinci peykinin orbitə buraxıldığını bildirdi. Düşünülmüş iqtisadiyyatın verdiyi imkanlardan yararlanaraq sosial sahənin inkişafına diqqətin artırıldığını diqqətə çatdıran dövlət başçısı 2014-cü ildə 60-dan çox tibb mərkəzinin, 50-dən artıq məktəbin tikilib istifadəyə verildiyini, ölkə əhalisinin 116 min nəfər artdığını, “ASAN Xidmət”in uğurla fəaliyyət göstərdiyini, yarandığı gündən bu quruma 3 milyon 500 min müraciətin daxil olduğunu vurğulayıb.
Prezident İlham Əliyev ötən il Azərbaycanın beynəlxalq əlaqələrinin də uğurlu olduğunu dedi, ölkəmizin ikitərəfli və çoxtərəfli formatda fəal xarici siyasət yürütdüyünü bildirib.
“Azərbaycan dünyada böyük hörmətə malikdir” deyən dövlət başçısı ölkəmizin regional məsələlərin həllində də mühüm amil olduğunu diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyini bildirən İlham Əliyev deyib ki, ölkəmizin müsbət imicini korlamaq, beynəlxalq miqyasda Azərbaycana qarayaxma cəhdləri əbəsdir və heç kim ölkəmizlə ultimatum dilində danışa bilməz.
Çıxışında Qarabağ münaqişəsinə toxunan prezident İlham Əliyev təəssüflə qeyd edib ki, 2014-cü ildə də Ermənistan imitasiya taktikasına üstünlük verib və münaqişənin həlli ilə bağlı heç bir konstruktiv addım atmayıb. Ötən il bir neçə dəfə Ermənistanın açıq təxribatlara əl atdığını deyən dövlət başçısı bu cəhdlərin qarşısının ordumuz tərəfindən uğurla alındığını, düşmənin böyük itki verdiyini bildirib.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov 2014-cü ildə əldə olunan sosial-iqtisadi nəticələr və qarşıda duran vəzifələr barədə məruzə ediblər.
Yekun çıxışında “2014-cü ildə müşahidə olunan proseslər göstərir ki, bu il dünya iqtisadiyyatı üçün çox ağır il olacaq” deyən orezident İlham Əliyev neftin qiymətinin aşağı düşməsi ilə 2015-ci ili təbii sərvətlərlə zəngin olan ölkələr üçün bir sınaq dövrü kimi xarakterizə edib.
“Lakin düşünülümüş iqtidadi siyasət, şaxələndirilmə prosesi, xalqla iqtidar arasında olan birlik bu ilin də xalqımız üçün uğurlu olacağına təminat verir” deyən prezident İlham Əliyev 2015-ci ildə qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanmasının əhəmiyyətinə toxunub. Bildirib ki, sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi davam etdirilməli, hər bir dövlət qurumunda idarəetmə prinsipləri təkmilləşdirilməli, israfçılıq hallarının qarşısı alınmalıdır. Ölkə üçün zəruri olan, iqtisadi və sosial əhəmiyyəti ilə seçilən layihələrin icrasının davam etdiriləcəyini deyən dövlət başçısı hər bir rayonda sənaye mərkəzlərinin yaradılması ilə bağlı tapşırıqların icrası, 2015-ci ildə böyük metallurgiya kompleksinin tikintisi, dövlət investisiyalarının dayanıqlı inkişafa yönəldilməsi, ekoloji məsələlərin həlli, nəqliyyat layihələrinin icrasının davam etdirilməsi ilə bağlı fikirlərini bildirib.
Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinin artıq başa çatdırıldığını, hava nəqliyyatı və gəmiçilik sahəsində də uğurlu layihələr icra olunduğunu deyən İlham Əliyev ötən il “Cənub qaz dəhlizi”nin təməlini qoyulmasını tarixi hadisə adlandırıb. Qeyd edib ki, XXI əsrin layihəsi olan “Cənub qaz dəhlizi”nin icrası ölkəmizin inkişafında mühüm mərhələ olacaq.
Dövlət başçısı bir neçə aydan sonra Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını, Təşkilat Komitəsinin fəal işlədiyini bildirib.
“Avropa Oyunlarının standartları Bakıda müəyyən olunacaq”- deyən prezident İlham Əliyev qeyd edib ki, bu, sadəcə idman tədbiri deyil, idmançıların və qonaqların ölkəmizlə, burada gedən inkişaf prosesləri ilə tanış olmaları baxımından mühüm fürsətdir.