İlham Əliyevdən məmurlara xəbərdarlıq: \”Yekəxanalıq edirlər\”
\”Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbulundan bir il keçir. Ötən dövrdə dünyada siyasi, iqtisadi və maliyyə böhranının yeni mərhələsinin başlanmasına baxmayaraq, Azərbaycanda sabitlik və inkişaf hökm sürür. Bu amilin arxasında iqtidarla xalq arasında olan birlik dayanır\”.
Bu sözləri bu gün Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev deyib.
Dövlət başçısı regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının da uğurla icra olunacağına əminliyini bildirib. O qeyd edib ki, ölkə üzrə bütün investisiya proqramlarının icrası, sahibkarlara verilən dəstək, quruculuq və abadlıq işləri və digər məsələlərin həlli müntəzəm xarakter daşıyacaq: \”Son 11 ildə regionların inkişafı ilə bağlı əldə olunan nəticələrin kifayət qədər ciddi dayaqları var. 2004-cü ildən ümumi daxili məhsulumuz 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artıb. 11 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idisə, bu gün valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Görün biz nə qədər ehtiyat yığmışıq! Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox geniş miqyaslıdır. Ancaq biz ildən-ilə valyuta ehtiyatlarımızı artırmışıq. Bu, ilk növbədə bizə böyük inam verir, eyni zamanda kredit reytinqlərimizi artırır. Bununla bərabər, bu, bir sığortadır. İstənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bunu hər bir insan gündəlik həyatında hiss edir, çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsin\”.
İ.Əliyev bildirib ki, son 11 ildə Azərbaycanda 1 milyon 360 min yeni iş yeri açılıb: \”Bu iş yerlərindən 1 milyonu daimidir. Həyata keçirilən tədbirlər sayəsində indi yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir\”.
“Hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 565 dollar, orta pensiya 221 dollardır” – deyən dövlət başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirildiyi son 11 ildə 2900 məktəb, 560 tibb ocağı tikilib və təmir olunub, regionlarda 41 olimpiya-idman kompleksi, o cümlədən 30 gənclər mərkəzi yaradılıb, məcburi köçkünlər üçün 84 qəsəbə salınıb, fərdi yaşayış evləri tikilib, 210 min məcburi köçkün yeni evlərə köçürülüb. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənib: “Ölkəmizdə tarixi, mədəni və dini abidələr bərpa olunur. Bir xalq kimi biz öz tarixi köklərimizə hər zaman bağlı olmalıyıq və hər bir gənc bu ruhda tərbiyə almalıdır”.
Prezident deyib ki, son 11 il ərzində paytaxt Bakıda və bölgələrdə böyük infrastruktur layihələr həyata keçirilib: “Son 11 ildə ümumi gücü 2400 MVt olan 23 elektrik stansiyası tikilib, ölkədə 64 min müəssisə yaradılıb. İndi Azərbaycanda bütün şəhərlərdə qazlaşma 100 faiz səviyyəsindədir və hazırda bu işlər kənd yerlərində davam etdirilir. Ötən 11 ildə ölkədə 10 min km yol çəkilib, 340 körpü və tunel tikilib, bölgələrdə 4-ü beynəlxalq olmaqla, 6 aeroport inşa olunub. Son illər ölkədə içməli su layihələri də icra edilib, nəhəng meliorasiya tədbirləri həyata keçirilib”.
Dövlət başçısı Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, TANAP, Bakı-Tiflis-Qars kimi nəhəng enerji və nəqliyyat layihələrinin Azərbaycanın gücünü daha da artırdığını vurğulayıb.
“İnfrastruktura, real sektora vəsait qoyulmalıdır. Eyni zamanda, ehtiyatlar da yığılmalıdır. Bax, biz belə etmişik. Həm ehtiyatlarımızı artırmışıq, həm də investisiya qoymuşuq” – deyən dövlət başçısı qeyd edib ki, vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar: “Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və etmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər üçün də maraq doğurur”.
Prezident İlham Əliyev enerji layihələrinə toxunaraq Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, “Cənub qaz dəhlizi\” layihələrinin regionun, Avropanın enerji xəritəsini dəyişdirdiyini qeyd edib: “Bunların hər biri nadir tarixi layihədir. Bu layihələr son 9 il ərzində icra edilib. Bakı-Tiflis-Ceyhan 2006-cı ildə istifadəyə verilib, dəhliz yaradılıb. O dəhliz indi xidmət göstərir, yeni layihələr ortaya çıxır. Yenə də Azərbaycan liderlik keyfiyyətlərini ortaya qoyur. Əgər biz liderliyi göstərməsəydik, heç vaxt “Cənub qaz dəhlizi\” icra edilməyəcəkdi”.
Dövlət başçısı vaxtilə şəxsən Nabukko layihəsinin müzakirəsi ilə bağlı azı 10 beynəlxalq tədbirdə iştirak etdiyini xatırladıb: “Yəni orada müzakirədən başqa heç nə yox idi. Bəyanatlar, çıxışlar, qətnamələrin qəbul edilməsi, vəssalam. Ondan sonra hamı dağılır gedir, iş də qalır kənarda. Mən minimum on tədbirdə iştirak etmişəm. Hər dəfə də demişəm ki, burada liderlik olmalıdır. Bu layihəni necə icra etmək lazımdır? Bunun əsas elementləri nədən ibarətdir? Bu o qədər də çətin məsələ deyil. Amma elə mən deyirdim, mən eşidirdim. Daha sonra gördük ki, artıq bu layihə yerində sayır. Yenə də təşəbbüs göstərmişik, TANAP layihəsini təklif etmişik. Adı da biz qoymuşuq, təşəbbüskarı da biz olmuşuq. 2012-ci ildə Türkiyə ilə bu layihəni imzaladıq. Ondan sonra artıq “Cənub qaz dəhlizi\” üçün yol açıldı. Bunu etməsə idik nə olacaqdı?! Elə belə də qalacaqdı. Ya da ki, Bakı-Tiflis-Qars. Bu məsələ on il bundan əvvəl müzakirə olunurdu və hələ müzakirə kimi gedirdi. Əgər təşəbbüs göstərməsəydik, real təklifi, maliyyə resurslarını ortaya qoymasaydıq, elə indi də danışacaqdıq. Nazirlər indi də gedib orada-burada konfranslar keçirəcəkdilər. Biz real işlərlə məşğuluq. Real işlər həyatda öz əksini tapır. Ona görə bu gün Azərbaycan modeli var. Ona görə ki, biz boşboğazlıqla yox, real işlərlə məşğuluq, xalqa xidmət edirik və edəcəyik”.
Ötən il iqtisadiyyatın 3 faiz, qeyri-neft sektorunun 7 faiz artdığını qeyd edən prezident İlham Əliyev qarşıda duran bütün planların həyata keçirilməsi üçün makroiqtisadi sabitliyin qorunub saxlanılmasının zəruri olduğunu diqqətə çatdırıb: “Görülən işlər zamanı israfçılığa yol verilməməlidir. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınıb. Bu il məktəbləri, səhiyyə ocaqları və zəruri infrastruktur layihələrin icrası davam etdiriləcək, iş yerlərinin yaradılması istiqamətində tədbirlər görüləcək. Eyni zamanda qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstək verilməsi də prioritet sahələr sırasındadır”.
Dövlət başçısı hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal edilən məhsulların xarici bazarlara çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, eyni zamanda istifadəsiz torpaqlara nəzarət mexanizminin gücləndirilməsi, torpaqların elektron uçotunun aparılması barədə də tapşırıqlar verib. Ekoloji vəziyyət və turizmin inkişafından söz açan prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı əldə olunan uğurları qeyd edib: “Vətəndaş-məmur münasibətlərində də Azərbaycan nümunəvi ölkə olmalıdır”.
İ.Əliyev nitqində dünyadakı son prosesləri də dəyərləndirib: “Bir il ərzində dünyada müxtəlif hadisələr baş verib, müxtəlif proseslər gedib. Dünyada gərginlik artır, həm Yaxın Şərqdə, həm Avropada qanlı toqquşmalar baş verir, müharibələr davam edir. Bir sözlə, dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlayıb.
Dünyada çağırışların sayının artmasına baxmayaraq Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək. Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, Ukraynadakı vəziyyət daha da kəskinləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür. Yəni son bir il ərzində bütün bu və digər amillər əslində mənfi tərəfə gedən amillərdir. Yəni mən bu amillərin arasında bir dənə də müsbət amil görmürəm. Buna baxmayaraq Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır. Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir.
Biz üçüncü dövlət proqramını da 2018-ci ilə qədər uğurla icra etməliyik. Baxmayaraq, bir daha demək istəyirəm ki, ətrafda gedən xoşagəlməz proseslər mənzərəni tam dəyişib. İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq. Ancaq praqmatik siyasət aparmışıq, Azərbaycan xalqının maraqlarını qorumuşuq və ölkəmizi inamla idarə etmişik. Ona görə əminəm ki, üçüncü proqramın icrası ilə də bağlı heç bir problem olmamalıdır. Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq”.
Prezident qeyd edib ki, bu gün bu salonda bütün rayonların, şəhərlərin icra hakimiyyəti başçıları, tanınmış biznes strukturlarının rəhbərləri əyləşiblər: “Yəni bu proqramın icrası məsələsi böyük dərəcədə sizin fəaliyyətinizdən asılı olacaq. Əlbəttə ki, dövlət öz siyasətini aparır, bu il və gələn illərdə investisiya proqramı icra ediləcək. Bizim düşünülmüş siyasət imkan verir ki, bütün məsələlər həll olunsun. Sahibkarlara kömək davam etdiriləcək, quruculuq-abadlıq, infrastruktur layihələrinin icrası təmin ediləcək, ancaq yerlərdə dövlət qurumlarının və biznes strukturlarının nümayəndələri birgə çalışmalıdırlar ki, işlər daha da sürətlə getsin.
Əgər biz 2004-cü ilə nəzər salsaq görərik ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün göstəricilər bunu təsdiq edir.
2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmışıq ki, ilk növbədə bu, bizə böyük inam verir, eyni zamanda kredit reytinqlərimizi artırır və bununla bərabər bu, bir sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bu gün bizim valyuta ehtiyatlarımız xidmət edir. Bu, sadəcə olaraq mücərrəd anlayış deyil. Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər.
Bu statistik rəqəmlərə baxdıqda hər kəs görə bilər ki, biz nə qədər böyük yol keçmişik. Deyə bilərəm ki, heç kim bizə kömək etməmişdir. İndi dünyanın hətta inkişaf etmiş ölkələri xarici yardımdan bəhrələnmək istəyirlər. Xarici yardım olmadan o iqtisadiyyatlar çökür, defolt vəziyyətinə düşür. Qapı-qapı gəzirlər, yalvarırlar ki, onlara vəsait ayırsınlar. İndi yəqin ki, özlərini bir növ o qədər də rahat hiss etmirlər.
Amma Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıbdır. Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Bizi bunu da bilirik.
Əlbəttə, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq. Ona görə iqtisadi güc bizə, bax, bu imkanları yaradır. Ona görə xatırlayıram, hələ 2003-cü ildə demişdim ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, bizim siyasi müstəqilliyimiz də yarımçıq olacaq. Bu gün biz ətrafdakı ölkələrin vəziyyətini görürük. Baxın, dilənçi Ermənistana nəzər yetirin. Ermənistan nəinki müstəmləkə deyil, hətta o, bəlkə heç nökər adına da layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən tapdalanır və son hadisələr bunu bir daha göstərir. Görün, nə qədər bunlar aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər xalqlar var ki, onların müstəqilliyi yoxdur. Əgər öz çirkin siyasətindən əl çəkməsə, onlardan biri də Ermənistan olacaq.
Məhz iqtisadi güc bizə bu imkanları yaratdı və bu gün biz müstəqilik. İqtisadi və siyasi cəhətdən heç kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik.
Ona görə iqtisadi amil, bax, bu imkanları yaradır. Eyni zamanda ciddi iqtisadi islahatlar ciddi sosial siyasətlə də tamamlanmalıdır. Bu olmasa, cəmiyyətdə islahatlara o qədər də böyük dəstək olmayacaq. Ona görə biz sosial sahəni də prioritet kimi götürmüşük. Yaxşı başa düşürdük, sosial sahə ancaq o vaxt inkişaf edə bilər ki, güclü iqtisadiyyat olsun. Yoxsa, gəl xaricdən alınan kreditlər hesabına sosial sahəni inkişaf etdir. Biz defolta düşən ölkələrin vəziyyətinə düşərdik. Burada rəhbərliyin məsuliyyətli davranışı da qeyd edilməlidir. Bəzi ölkələr ki, indi xarici yardımsız yaşaya bilmirlər, onların rəhbərliyi hakimiyyətə gəlmək naminə çoxlu vədlər vermişlər – maaşları on dəfə qaldıracağıq, pensiya yaşını aşağı salacağıq və s. İnsanlar da onlara inanıb, onlara səs verib. Onlar da hakimiyyətə gələndən sonra gərək o sözləri yerinə yetirərdilər. Bunun üçün resurs yox idi. Ona görə nə etdilər? Getdilər xarici bazarlardan borc aldılar, özlərini asılı vəziyyətə saldılar. Ondan sonra borcun üstünə borc gəldi. Bir borcu qaytarır, o biri borcu götürür və beləliklə, piramida yaranır. Piramidanı təkcə dələduz şirkətlər yaratmır. Bəzi hallarda hökumətlər də yaradır. Bir gün bu piramida dağılmış və həmin ölkələr çox ağır vəziyyətə düşmüşlər. Ona görə siyasi məsuliyyət də çox böyük əhəmiyyət daşıyır…
Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. Teatrlar, muzeylər – bu sahəyə də nəinki Bakıda, hər bir yerdə, bütün bölgələrdə böyük diqqət göstərilir. Çünki bu, bizim tariximizdir, mədəniyyətimizdir. Biz bunu gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir.
Düzdür, son vaxtlar bu “qloballaşma” sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Yaşlı nəslin borcudur ki, bax, bu ənənələri yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər. Ona görə bizim tarixi, dini abidələrimiz, mədəniyyətimiz sadəcə olaraq, memarlıq abidələri deyil. Bu, eyni zamanda, tərbiyə vasitəsidir.
Bax, Azərbaycan belə inkişaf etməlidir. Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ancaq bu, həmişə belə olmalıdır. Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtdir”.
Prezident ölkədəki maliyyə vəziyyətindən də danışıb: \”Manatın məzənnəsi sabitdir. Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmayıb. Əksinə, manat daha da güclənir”.
Dövlət başçısı bu məsələyə baxılmasının vacibliyinin qeyd edib: “Çünki o vaxt biz pul islahatını apararkən 1 manat 1 dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olub. Bir növ manat avroya bağlı idi. 1 manat – 1 avro. İndi isə 1 manat 1 avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, 1 manat 1 avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir. Ona görə ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın”.
Dövlət başçısı maliyyə resurslarının kifayət qədər böyük olduğunu bildirərək xarici borcun ümumi daxili məhsulun cəmi 8 faizini təşkil etdiyini qeyd edib: \”Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Bu göstəriciyə görə bəlkə də biz dünyada birinci 10 ölkənin arasındayıq. Bütün işləri daxili resurslar hesabına görmüşük. Bax, bu göstərici onu əyani şəkildə təsdiq edir. Biz borclanmamışıq, lazım olan borcları götürməmişik. Halbuki götürə bilərdik. Hazırda Azərbaycanın kredit reytinqi, makroiqtisadi vəziyyəti, valyuta ehtiyatları o qədər müsbət mənzərə yaradır ki, biz xarici bazarlardan istənilən məbləğdə – 10 milyard, 20 milyard, 30 milyard dollar vəsait götürə bilərik, ancaq götürmürük. Çünki bayaq qeyd etdiyim kimi, bu məsələyə məsuliyyətlə yanaşırıq. Xarici borc daim aşağı səviyyədə olmalıdır. Biz əslində bu borcu bir gündə də ödəyə bilərik. Çünki xarici borcumuz valyuta ehtiyatlarımıza nisbətdə təxminən 10 faizdən bir qədər çox rəqəm təşkil edir. Ona görə xarici borc aşağı səviyyədədir. Bu, müsbət haldır. Müsbət hal kimi də qalmalıdır. Bu il də bizim büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulur”.
Prezident deyib ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın reytinq göstəricilərini artırıb: “Davos İqtisadi Forumu ölkəmizi iqtisadi göstəricilərinə görə dünya üzrə 38-ci yerdə qərarlaşdırıb. Hazırda dünyanın inkişaf etmiş ölkələrinin xarici yardımlardan bəhrələndiyi bir vaxtda Azərbaycan uğurlara öz imkanları hesabına, təkbaşına nail olub. İqtisadi güc siyasi səhnədə də öz sözümüzü deməyə, milli maraqları qorumağa imkan yaradır. Azərbaycandan fərqli olaraq Ermənistan aciz duruma düşüb. Kriminal rejimin rəhbərlik etdiyi Ermənistan öz çirkin işğalçılıq niyyətindən əl çəkməyəcəyi təqdirdə bu ölkənin müstəmləkə durumu daha da dərinləşəcək”.
İlham Əliyev çıxışında məmurların fəaliyyətinə də toxunub: “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb”.
Prezident qeyd edib ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir: “Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır”.
Ölkə başçısı deyib ki, əksər hallarda məmurlarla bağlı müsbət mənzərə müşahidə olunur: “Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim”.
Prezident İlham Əliyev konfransdakı çıxışında məmurları başqa kontekstdən də tənqid edib. Dövlət başçısı kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin təkcə quraqlıqla bağlı olmadığını deyib: \”İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər\”.
Prezident bank sektorundakı vəziyyətdən də danışıb: “Bank sektorunun inkişafı son illərdə sürətlə gedib. Azərbaycanda indi bank sektorunda konsolidasiya gedir. Nizamnamə kapitalının artırılması nəticəsində artıq bu, bank sisteminə, ümumiyyətlə, çox müsbət təsir göstərib, ölkəni və əhalini hər hansı bir sürprizdən qoruyur”.
Dövlət başçısı artıq bankların kifayət qədər böyük nizamnamə kapitalının olduğunu bildirərək onların bir neçəsinin artıq xarici bazarlara çıxdığını, xaricə investisiya qoyduğunu qeyd edib: “Mən prinsip etibarilə buna etiraz etmirəm. Ancaq hesab edirəm ki, ilk növbədə o bankların ki böyük resursları var, ölkə iqtisadiyyatına vəsait ayırsınlar. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, üstünlük istehlak kreditlərinə yox, real sektora verilməlidir. Bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına yönəldilməlidir. Çünki Azərbaycan dövləti bank sektorunun formalaşmasında çox böyük rol oynayıb. Azərbaycan dövləti və hökuməti həmişə bank sektoruna dəstək olub, eyni zamanda onlara maliyyə resursları da verir, təmin edir, onlar üçün qazanc mənbəyi yaradır. Yəni bank sektoru bunu düzgün qiymətləndirməlidir və dövlətə minnətdar olmalıdır ki, bunlara bu qədər qayğı göstərir. Dövlət də öz növbəsində indi onlardan daha da fəal iş gözləyir”.
Prezident İlham Əliyev ən azı ildə iki dəfə bu barədə məlumat verilməli olduğunu qeyd edib: “Azərbaycan bankları hansı həcmdə, hansı layihələrə, hansı rayonlarda, yaxud da Bakı şəhərində hansı vəsait ayırıblar? Bax, bu məlumat olmalıdır. Mən də, ictimaiyyət də görsün ki, bank sektoru ancaq öz cibini güdmür, eyni zamanda ölkənin inkişafı üçün də fəal çalışır. Mən bir dəfə bu barədə demişəm, bir daha demək istəyirəm ki, biz banklardan sosial məsuliyyət gözləyirik. Eyni zamanda bu gün Azərbaycanda elə gözəl biznes mühiti yaranıb ki, ölkəmizə qoyulan vəsait özünü doğruldacaq və doğruldur”.
İ.Əliyev çıxışında aqrar sektorun inkişafından da söz açıb: “Bu il “Kənd təsərrüfatı ili” elan edilib. Bu, bizim üçün prioritetdir. Gələcəkdə kənd təsərrüfatı, sənaye inkişafı qeyri-neft sektorunun əsas istiqamətləridir, islahatlar aparılır”.
Dövlət başçısı istifadəsiz qalan torpaqlara diqqət yetirərək onların kifayət qədər çox olduğunu qeyd edib: “Vaxtilə kimsə onları ya zəbt edib, ya icarəyə götürüb. İcarəyə götürüb və elə də qoyub gedib. Deyir ki, mənim orada, burada torpağım var. Sənin torpağın varsa, get, o torpaqda iş gör. Yəni hesab edirəm ki, biz istifadəsiz torpaqların taleyi ilə bağlı tədbir görməliyik. Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər, daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. Bu, yolverilməzdir. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər. Onların rayonlarında əgər kimsə bu işlə məşğul olursa, buna qarşı tədbir görülməlidir”.
Prezident qeyd edib ki, mərkəzi orqanlar da burada yeni təkliflərlə çıxış etməlidirlər ki, istifadəsiz torpaqlar olmasın: “Onsuz da bizim o qədər də çox torpağımız yoxdur. İcazə verə bilmərik ki, istifadəsiz qalsın, yaxud da ki, torpaqdan səmərəli şəkildə istifadə edilməsin. Əksinə, mən keçən il demişəm, bir daha demək istəyirəm ki, hər bir rayonda ixtisaslaşma aparılmalıdır. Hansı rayonda nə əkilməlidir, hansı məhsul yetişdirilməlidir. Budur, bizim əsas işimiz”.
Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və ixracı bir sistem olmalıdır: “Kənd təsərrüfatı intensiv metodlarla inkişaf etməlidir. Eyni zamanda Taxtakörpü, Şəmkirçay su anbarlarının tikintisi nəticəsində on minlərlə hektar torpaq sahələri dövriyyəyə buraxılacaq. Artıq bu il işlər başlanıb. Səhraya bənzəyən yerlər gül-çiçək, bostan, bağ olacaq. Budur bizim işimiz”.