Siyasət

Avropa Şurasında Əkrəm Əylislinin \”Daş yuxuları\” başımıza qaxınc oldu

Avropa Şurasında Əkrəm Əylislinin "Daş yuxuları" başımıza qaxınc oldu\”Çarli Hibdo\” məsələsi AŞPA-da gərginmüzakirələr yaraydı

“2015-ci ilin yanvarında Parisdə “Charlie Hebdo”nun jurnalist və karikaturaçılarına, polislərə və yəhudilərə qarşı baş verən terrordan sonra Avropa yenə də qorxmadığını nümayiş etdirməli və həqiqətləri yumor və satira dili ilə söyləməkdən çəkinmədiyini göstərməlidir”. Bu sözlər Avropa Şurası Parlament Assambleyasının yanvarın 28-də qış sessiyası çərçivəsində qəbul etdiyi “Parisdəki terror hücumları: demokratik cavab naminə bir yerdə” adlı hesabatdandır. Hesabatı Fransanın Avropa Şurası Parlament Assambleyasındakı təmsilçisi Jan Lejandr hazırlayıb.

Sənəddə bildirilir ki, terrorçuların aqressiyası nifrət üzərində qurulub və demokratiya və söz azadlığına qarşı yönəlib:“Baş verənlər insan haqları ilə bağlı bütün beynəlxalq hüquq normalarının tapdanması kimi dəyərləndirilməlidir. Din pərdəsinə bürünən terrorçuların Avropa dəyərlərinə qarşı belə açıq cihada başlaması Avropa məkanında təhlükəsizliklə bağlı tədbirlərin gücləndirilməsini tələb edir. İnsan haqlarına sayğı, söz və ifadə azadlığı heç bir halda məhdudlaşdırıla bilməz. Bu dəyərlərin qorunması üçün həm hüquqi baza, həm də ictimai nəzarətin gücləndirilməsi günün gerçəkliyidir”.

Sənəddə bildirilir ki, vətəndaş cəmiyyəti institutları cəmiyyərdə dözümlülüyn artırılnası üçün təbliğatı gücləndirməli, dustaqxanalar, yoxsulların yaşadığı məhəllələr, eləcə də məktəblərdə vətəndaş həmrəyliyinin əldə edilməsi üzrə geniş təbliğat aparmalıdır.

Hesabatın təqdimatından sonra parlementarlar sənədi geniş müzakirə edib. Çıxış edən bütün deputatlar öncə Fransa nümayəndə heyətinin timsalında Fransaya başsağlığı diləyiblər. Avropalı deputatların bir çoxu müsəlman əhalini aqressivlikdə tənqid edərək miqrantlarla bağlı siyasətə yenidən baxılmasını vacib saydıqlarını vurğulayıblar. Onların fikrincə, müsəlman əhali bəzi cəmiyyətlərdə özünü təcrid edilmiş sayır. Ancaq inteqrasiya prosesinin olduqca aşağı səviyyəsinin səbəbi Avropa parlamentarlarına görə, müsəlmanların prosesə müqavimət göstərməsidir. AŞPA-nın müsəlman ölkələrini təmsil edən deputatları isə məsələnin dinlərarası mübarizə kimi təqdim edilməsinə qarşı çıxıblar. Onların fikrincə, bu sırf terror olayıdır, məqsəd isə xristian və müsəlman dünyalarının üz-üzə qoyulmasıdır.

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib ki, söz azadlığı milli, dini, irqi dəyərlərin təhqir edilməsi ilə eyniləşdirilməməlidir:“Bir ay sonra Xocalı soyqırımının 23-cü ildönümü qeyd ediləcək. Həmin soyqırımında bir şəhər yer üzündən silindi, yüzlərlə dinc insan, uşaqlar, qadınlar amansızlıqla qətlə yetirildi, yüzlərlə insan ağır yaralandı, onlarla insan girov götürülərək işgəncələrə məruz qaldı, biz avropalı siyasətçi həmkarlarımızın, liderlərin bir çoxundan hətta bu gün də bunu pisləyən açıqlamalar eşitməmişik. Nədənsə müsəlman dünyasının xristian dünyasına qarşı böyük cinayətlər işlətdiyi haqqında danışanlar bu böyük insanlıq cinayəti haqqında susurlar. Bu cinayəti törədənlər hələ də qurumumuzun üzvü olan Ermənistanda rahatlıqla gəzirlər və ədalət qarşısında cavab verməyiblər. Ailəsi soyqırıma məruz qalmış insanlar sizi bu soyqırımı pisləməyə və bu insanlıq əleyhinə cinayəti törədənlərin ədalət qarşısında cavab verib, layiq olduqları cəzanı almaları istiqamətində səylərinizi artırmağa çağırır. Avropa Şurasına üzv dövlətlərdən hansının ərazisində baş verməsindən asılı olmayaraq terrora, soyqırıma qarşı eyni mövqe göstərilməsi vacibdir. Biz harada baş verməsindən asılı olmayaraq günahsız insanları qətlə yetirənlərin ədalət qarşısında cavab vermələri üçün bərabər çalışmalıyıq. Avropa məkanında da, dünyada da gərginliyin azalmasını istəyiriksə, bu cür məsələlərdə ikili standartlara yol verilməməlidir”.

Daha sonra söz alan erməni deputatlar Xocalı soyqırımı ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsi cəhdinə qarşı çıxıblar. Onlar Qənirə Paşayevanın iddialarına Ermənistan nümayəndə heyətinin üzvü Hnmayak Hoovanesyan Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə cavab verməyə çalışıb:“Burada Xocalıda hansısa soyqırım olması haqqında danışılır. Ancaq 25 il öncə Bakıda, Sumqayıtda ermənilər öldürülürdü, şəhərlərin küçələri qan gölməçələrinə dönmüşdü. Hələ də Azərbaycan rəhbərliyi bu olaylarla bağlı suallara cavab verə bilmir. Yeri gəlmişkən, bu olaylar Azərbaycanın xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” romanında çox geniş təsvir olunur. Həqiqəti yazdığına görə o öz ölkəsində ciddi basqılarla üzləşib”.

Bir sıra Avropa parlamentarları isə prosesin müsəlman əhaliyə qarşı dözümsüzlük yaradacağı və təhlükəsizlik üçün daha ciddi problemlər ortaya çıxacağı ilə bağlı həyəcan təbili çalıb. Britaniyalı deputat Kevin Maknamara:“Paris terrorundan sonra Avropada, eləcə də müsəlman ölkələrində yaşayan saysız müsəlmanlar Fransaya başsağlığı verib. Bu faktlar unudulmamalıdır. Biz vahid məkanda yaşayırıq və heç bir halda bircə faktı yaddan çıxarmamalıyıq – ayrı-seçkilik bir çox səbəbdən zorakılıq yaradır” – deyib.

Aygün Muradxanlı, Strasburq

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button