Siyasət

Nazirin biznesi “Hafka”nın kadrlarından “təmizlənir”

Nazirin biznesi “Hafka”nın kadrlarından “təmizlənir”Hafiz Məmmədovun qohumu \”Garant Holdinq\”dən çıxarılıb

Afiq Qasımov: «Onun dedikləri yalan məlumatlardır, ortada faktlar, sübutlar var»

“\”Azbentonit\” MMC-nin keçmiş nəzarətçisi Mahiyəddin Hüseynov \”Bizim Yol\” qəzetinə müraciət edib. M.Hüseynov müəssisənin rəhbərliyindən şikayətlidir. O, işdən qanunsuz çıxarıldığını deyir.
Qeyd edək ki, \”Azbentonit\” MMC nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsus \”Garant Holdinq\” şirkətlər qrupuna daxildir. Adıçəkilən şəbəkə 2005-ci ildən 2013-cü ilə qədər \”ZQAN Holdinq\” adı altında fəaliyyət göstərib, 2013-cü ildən adı dəyişdirilərək yeni korporativ ad – \”Garant Holdinq\”lə əvəzlənib, təsisçisi nazirin oğlu Anar Məmmədovdur. \”Garant Holdinq\” şirkətlər qrupu inşaat materiallarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcə də səyahət sahələrində fəaliyyət göstərir. Holdinqə daxil olan şirkətlər \”Qarant Sığorta\” ASC, \”Azbentonit\” MMC, \”Royal İsteyt\” MMC, \”Qarant Tour\” MMC, \”English Yard\” MMC, \”Quba Olimpiya Kompleksi\” MMC, \”Avto-Media\” MMC, \”Ucar Aqro\” MMC, \”M.Trans\” MMC, \”Ameritex\” MMC, \”TransEuroComm\” MMC, \”Turbo.az\” MMC, \”Qarant Sığorta Agenti\” MMC, \”Quba Resort\” MMC, \”AFK\” MMC, \”Delfin\” MMC, \”Goranboy Gips\” ASC və s.-dir.

Pərdəni örtdüyünə görə cəzalandı

M.Hüseynovun dediyinə görə 2005-ci ildən \”Azbentonit\” MMC-də nəzarətçi işləyib. Həmin dövrdə vəzifəsini Əmək Məcəlləsinin tələblərinə uyğun icra edib, işində nöqsana yol verməyib. Qardaşı da 10 ildən artıqdır imkanlarını səfərbər edərək istehsal olunan inşaat materiallarının böyük partiyalarla alınmasını təşkil edir, bir növ o da şirkətin işində öz töhfəsini verib. Ta o vaxta qədər ki, nəzarət şöbəsinin rəis müavini Afiq Qasımov səhərə yaxın saat 4-də onun xidmət etdiyi posta təşrif gətirib. Hadisə bu ilin aprelin 17-də baş verib. A.Qasımov postun pəncərələrindəki pərdələrin çəkildiyini görüb, bunu ona irad tutub. M.Hüseynov deyir ki, pərdənin çəkilmiş olması onun işinə maneçilik törətmir, çünki içəridə ətrafa nəzarət edən monitor var. Aralarında dava düşüb, dediyinə görə, hiddətlənən rəis müavini maşınından bıçaq gətirib, onu \”dəlik-deşik edəcəyi\” ilə hədələyib. O isə özünü qorumaq üçün posta girərək qapını içəridən bağlayıb. Sonra nəzarət şöbəsinin rəisi Cavid Axundova hadisə barədə xəbər verib, bu haqda xidməti blankda da qeydiyyat aparıb. Bir müddət A.Qasımovun cəzalanacağını gözləsə də bu, baş verməyib. Hadisədən iki ay sonra \”müqavilə müddətin bitib\” deyə onu işə buraxmayıblar. Başına gələnləri danışmaq və kömək istəmək üçün \”Azbentonit\” MMC-nin direktoru Yasin Xəlilovla görüşmək istəsə də cənab Xəlilov onu qəbul etməyib. Əvəzində \”Garant Holdinq\”in əməkdaşı Vaqif Babayev ofisə gələrək onunla söhbət edib, gözləməyi tapşırıb, holdinqin strukturlarının birində mühafizə xidmətinə işə götürəcəklərini deyib. M.Hüseynov: \”Vaqif Babayev əvvəllər Avtovağzalda, sonra Dəmir Yolları İdarəsində rejim üzrə rəis müavini işləyib, bu gün \”Garant Holdinq\”də məsul vəzifədədir, holdinqdə əsas fiqurdur. Mənə qəbula girməyə imkan vermədi, dedi ki, \”sən narahat olma, yaxşı işçisən, 10-15 gündən sonra səni başqa obyektə işə göndərəcəyəm. Ona bir ağsaqqal kimi hörmətim olduğuna görə vədinə inanıb evə getdim. Lakin hər dəfə Vaqif müəllimə iş barədə zəng etdikdə məni aldadaraq süründürürdü\”.

İki dəfə \”son\” xəbərdarlıq

10-15 gün keçəndə də Mahiyəddinin həyatında heç bir dəyişiklik olmayıb. Bundan sonra o, hər ay ən az iki dəfə V.Babayevə zəng edib, özünü yada salıb. Sonda ona konkret \”sən bu zavodda işləyə bilməyəcəksən\”, deyib. Sentyabr ayında yaşadığı Abşeron rayonunda sahə müvəkkili onunla görüşüb, C.Axundovun polis şöbəsinə telefonla müraciət etdiyini deyib, köhnə iş yerinə yaxınlaşmamağı məsləhət bilib. Dediyinə görə, özü C.Axundova zəng vurub səbəbini soruşanda \”bura işləməyə gəlsən aqibətin yaxşı olmayacaq\” hədəsini eşidib. Deyir \”C.Axundov qorxur ki, idarəyə qayıtsam işçilərə yazılmış mükafatı özünün mənimsədiyini, növbə rəisini pul alaraq təyin etdiyini rəhbərliyə çatdıraram. Mahir adlı əməkdaşı növbə rəisi təyin edəndə ondan 200 manat almışdı. Lakin Mahir işdən çıxanda pulunu ondan geri tələb elədi. O isə vermədi\”.
Axırda əlacı kəsilib, \”Azbentonit\” MMC-nin idarə heyətinin sədri Aydın Məmmədova məktub yazıb, işə bərpa olunmasını xahiş edib. A.Məmmədov isə ona belə bir cavab göndərib: \”Sizin \”Azbentonit\” MMC-də əmək fəaliyyətiniz araşdırılıb və məlum olub ki, 2014-cü il aprelin 17-də öz işinizə laqeyd, vəzifə təlimatına düzgün riayət etməmə kimi hallara yol vermisiz. Bu səbəbdən müəssisə rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin \”b\” bəndinə müvafiq olaraq sonuncu xəbərdarlıqla sizə şiddətli töhmət elan edilib. Buna baxmayaraq verilən inzibati tənbehdən nəticə çıxartmayıb rəhbərliyinizə qarşı kobud hərəkətlər etmisiz, nalayiq ifadələr işlətmisiz. Bununla müəssisədaxili nizam-intizam qaydalarını pozduğunuza görə ikinci dəfə may ayının 15-də eyni maddə ilə cəzalandırılmısız. Mayın 24-də isə bağlanmış 24 may 2013-cü il tarixli 2725 saylı əmək müqaviləsinin müddəti bitdiyindən fəaliyyətinizə xitam verildiyi barədə sizə məktub ünvanlanıb, mayın 27-də məktubla tanış olub bunu öz imzanızla təsdiq etmisiniz. Beləliklə, sizinlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 \”b\” bəndi və 73-cü maddəsinə müvafiq qaydada tam qanuna uyğun olaraq xitam verilib\”.

\”Günahım Hafiz Məmmədovun uzaq qohumu olmağımdır\”

M.Hüseynov deyir ki, ona qarşı belə münasibəti çox fikirləşib təhlil etdikdən sonra işdən çıxarılmasının əsl motivini anlayıb: \”Afiq Qasımov deyirdi ki, zavodda özünün kadrlarını yerləşdirəcək. 50 işçidən cəmi 7-si köhnə kadrdır, rəis müavini gəldikdən sonra özünün kadrlarını yerləşdirməyə başlayıb. Hazırda 54 işçinin də əmək müqaviləsinin müddəti mənimki kimi bitib, amma vaxtı yenidən uzadılıb. Əslində əvvəllər mənimlə heç vaxt əmək müqaviləsi bağlanmayıb. Başqaları ilə də görməmişəm. 2005-ci ildən həmin müəssisədə işləyirəm, amma heç zaman belə bir müqaviləyə imza atmamışam. Heç sonuncu müqavilənin də varlığından xəbərim olmayıb. Onu mən imzalamamışam. 2005-ci ildə \”Azbentonit\” MMC-yə işə qəbul olunmağımı məşhur iş adamı \”Baghlan Group\”un prezidenti Hafka\” ləqəbli Hafiz Məmmədovun dayısı oğlu Nazim İsmixanov xahiş etmişdi. İsmixanov o vaxt \”Azbentonit\”də baş mühəndis vəzifəsində işləyirdi, özü də mənim yaxın qohumumdur. Mətbuatda yazıldığına görə, Hafiz Məmmədovla \”Garant Holdinq\”in prezidenti Anar Məmmədov arasında münasibətlər soyuyub. Düşünürəm ki, Vaqif Babayev məni \”Hafka\”nın uzaq qohumu olduğuma görə öz müdirinə xoş görünmək məqsədilə bir-birinə bağlı bu sistemdən bəhanə ilə uzaqlaşdırmağı planlaşdırıb və bu şəkildə də həyata keçirib. Axı mən adi bir işçi olmuşam və heç vaxt Hafiz Məmmədovla birbaşa təmasda olmamışam. Onun heç mənim kimilərə ehtiyacı da yoxdur. Bəs nəyə görə hörmətli Hafiz müəllimə görə mən cəzalanmalıyam, ailə-uşaq ac qalmalıdır?! Kimin kimlə prinsipi var getsin təkbə-tək kişi kimi həll etsin. Yoxsa ki, özünü kiminsə yanında yaxşı göstərmək üçün məni aldadıb işdən qovdurmağın nə adı var? Bu nə insanlığa, nə də müsəlmançılığa yaraşan haldır\”.

Mahiyəddin deyir ki, V.Babayev ona vədlər verib yubatmaqla 30 günlük məhkəməyə müraciət hüququndan da məhrum edib. 5 ayda 1625 manat əməkhaqqından məhrum olması onun yoxsul büdcəsini daha da gərginləşdirib. 200 manatdan çox vəsaiti isə hüquq məsləhətxanalarında hüquqlarını öyrənmək üçün xərcləyib: \”Öhdəmdə iki azyaşlı uşaq var, yoldaşım da evdar qadındır. Artıq 6 aydır ki, işləmirəm. Dolanışıq vəziyyətim günü-gündən pisləşir, borclarım artır. Ziya Məmmədovdan da xahişim budur ki, Nəqliyyat Nazirliyinin təsir sferasında olan \”Azbentonit\” MMC rəhbərliyinə başa salsın ki, adi günahsız bir fəhləni kimlərəsə görə cəzalandırmaq insan övladına başucalığı gətirmir. Qoy xırdaçılıqla deyil, əsas işlərilə məşğul olsunlar və mənə də imkan versinlər ki, ailəmə bir tikə çörək aparım\”.

Yazıda adıçəkilən A.Qasımovla əlaqə saxladım. Cənab Qasımovla qısa telefon söhbətimiz aşağıdakı məzmunda oldu:

– Afiq müəllim, redaksiyamıza müraciət edən \”Azbentonit\” MMC-nin keçmiş nəzarətçisi Mahiyəddin Hüseynov bildirib ki, onunla konfliktə gedib işdən çıxartdırmısız. Öyrənmək istəyirdim, hansı şəraitdə işdən azad edilib, dedikləri doğrudurmu?

– Xanım, o, müqavilə əsasında çıxarılıb, müqavilə müddəti bitdiyinə görə işdən azad edilib. Bu qədər.

– Aranızda dava olduğu barədə söylədikləri doğrudur?

– Xeyr, xanım.

– Deyir ki, pərdəni çəkib pəncərəni qapatdığına görə onun üstünə bıçaq çəkmisiz…

– Xeyr, elə bir şey olmayıb. Onun müqavilə vaxtı bitib, işdən azad olunub.

– Bəs müqavilə müddəti onunla hansı səbəbdən uzadılmayıb. İşində nöqsana yol vermişdi, yoxsa başqa səbəb vardı?

– Bəli, nöqsanları çox idi, dəfələrlə də ona xəbərdarlıq olunub, müqaviləsi bitəndən sonra bu səbəbdən vaxtı da uzadılmadı.

– Bəs aprelin 17-si səhər saat 4-də siz xidmət etdiyi posta gəlib pərdələri bağlı görüb onunla dava eləmisiz?

– Mən indi yoldayam, sizinlə danışa bilmirəm. Hansı formada çıxarıldığını sizə dedim.

– Deyir ki, siz onu Hafiz Məmmədovun qohumu olduğu səbəbindən zavoddan uzaqlaşdırmısız.

– Xeyr, elə bir şey olmayıb. O, artıq şeylər danışır. İşində səhlənkarlıqları olub, barəsində xırda-para da təqdimatlar yazılıb, ondan sonra qanun çərçivəsində çıxarılıb.

– Təqdimatlar sizin tərəfinizdən yazılıb?

– Xeyr, rəhbərlik tərəfindən yazılıb.

– Yəni demək istəyirsiz ki, Hafiz Məmmədovla qohumluğunun onun çıxarılmasında rolu olmayıb?

– Xanım, o məsələləri bu məsələyə qatmayın.

– Mən qatmıram, keçmiş işçiniz Mahiyəddin Hüseynov redaksiyaya ünvanladığı məktubunda yazır və mənimlə söhbətində də bir daha vurğulayıb.

– O, çox şey yaza bilər.

– Bildirir ki, onunla əvvəllər heç vaxt əmək müqaviləsi bağlanmayıb və son müqaviləni də imzalamayıb.

– Bağlanıb, kadrlar şöbəsində onunla bağlanan müqavilə var. Lazım olsa baxa bilərsiz.

– 2005-ci ildən indiyə qədər onunla hər il müqavilə müntəzəm olaraq bağlanıb?

– Müqavilə bağlanıb, sonra işçi götürülür. Onunla da belə edilib. O sənədlər hamısı kadrlar şöbəsindədir, bizdə deyil.

– Bir də deyir ki, siz mühafizə xidmətinə bir neçə ildir təyin olunmusunuz, vəzifəyə gələndən sonra öz kadrlarınızı gətirirsiz. 50 nəfərdən sadəcə 7-si köhnə işçilərdir, qalanlarını siz dəyişmisiz.

– Onun dedikləri yalan məlumatlardır, ortada faktlar, sübutlar var.
Yazıda haqqında söhbət gedən nəzarət şöbəsinin rəisi C.Axundovun mənə verilən telefon nömrəsi isə \”təyin olunmamışdı\”. Deyilənə görə mobil nömrəsini tez-tez dəyişir.

H.HƏMİDOVA | Bizimyol.info

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button