Avropa Birliyi rəsmi Bakını Riqa sammitinə görə sıxır
Yunanıstan SOCAR-ın yarım milyonluq sövdələşməsində son sözün yenə də AB-nin olacağını bəyan edib; Azərbaycan hakimiyyətinin may ayınadək vaxtı var
Yunanıstanın yeni hökuməti bu ölkədə qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin üçdə ikisinin SOCAR-a satılmasına dair 2013-cü ilin yayında imzalanmış 450 milyon avroluq sövdələşməyə qarşı çıxmasından sonra yaranmış müəmma davam edir.
Yunanıstanın yeni hökumətində enerji və ətraf mühit naziri portfeli almış Panayiotis Lafazanis fevralın 4-də Azərbaycanın Afinadakı səfiri Rəhman Mustafayev və SOCAR-ın törəmə şirkəti olan “Socar Energy Greece”in baş icraçı direktoru Anar Məmmədovla görüşüb.
Yunan mənbələrinə istinadən verilən xəbərə görə, görüşdə “Şahdəniz” qazının Yunanıstan üzərindən Avropaya nəqli layihəsi və SOCAR-ın DESFA-nı almasına dair müqavilə ətrafında müzakirələr gedib.
P.Lafazanis deyib ki, (virtualaz.) yeni hökumət Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Transadriatik Qaz Kəməri (TAP) layihəsini dəstəkləyəcək, ancaq o şəkildə ki, Yunanıstanın bu layihədən əldə edəcəyi fayda maksimum artsın.
DESFA şirkətinin səhmlərinin SOCAR-a satılmasına gəldikdə isə Lafazanis bildirib ki, hökumət əvvəlki kimi bu sövdələşməyə dair Avropa Birliyinin Rəqabət Komissiyasının qərarını gözləyir və yalnız bundan sonra növbəti addımlarını müəyyən edəcək. Göründüyü kimi, Yunanıstan hökuməti müqaviləyə dair son sözün Avropa Birliyinin olacağını bildirib.
Yada salaq ki, Yunanıstan hökuməti ölkənin nəhəng məbləğdə xarici borclarını azaltmaq və defolt təhlükəsindən xilas olmaq üçün dövlət əmlakının özəlləşdirilməsi proqramı çərçivəsində DEPA şirkətini satışa çıxarmışdı. Bu şirkətin satışına dair tenderdə əvvəlcə Rusiyanın “Qazprom” şirkəti əsas iddiaçı idi, SOCAR da DEPA-nın səhmlərini almağa iddia edirdi. Lakin daha sonra SOCAR bu niyyətindən imtina edib Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətini almağa qərar verdi. SOCAR 2013-cü ildə DESFA şirkətinin səhmlərinin üçdə ikisini 450 milyon avroya almaq barədə sövdələşmə bağladı.
SOCAR-ın DESFA-nın səhmlərini alması ona Avropaya qaz nəqli və satışında əlavə üstünlüklər vəd edirdi. Lakin ötən il noyabrın əvvəlində Rəqabət Komissiyası bəyan edib ki, sövdələşmənin Avropa Birliyinin antiinhisar normalarına zidd olduğuna dair ciddi şübhələr var. Çünki SOCAR DESFA-nı alsa, Yunanıstan qaz bazarında inhisarçıya çevrilə bilər. Bununla da şirkət Yunanıstana nəql etdiyi qazı DESFA üzərindən sataraq bazarda rəqabəti əngəlləmək imkanı əldə edəcək.
Belə bir problem yaranmasını bəzi ekspertlər Azərbaycana qarşı sanksiya xəbərdarlığı kimi qiymətləndirmişdi. İddia olunurdu ki, bu ləngimə Avropa Birliyinin rəsmi Bakının siyasətindən narazı olmasına işarədir. O da vurğulanırdı ki, müqavilənin təsdiqlənməsi qarşıdakı aylarda Azərbaycan hakimiyyətinin xüsusilə insan haqları ilə bağlı tutduğu mövqedən də asılı olacaq.
Doğrudur, bəzi ekspertlər bu ləngimə məsələsində siyasi motivlərin olmadığını iddia edirlər. SOCAR prezidenti Rövnəq Abdullayev də Avropa Birliyinin Rəqabət Komissiyasının iradları və tərəddüdlərini şərh edərkən bildirmişdi ki, DESFA-nın səhmlərinin alınması daha çox Avropanın maraqlarına uyğun idi və əgər bu sövdələşmə təsdiqlənməsə Azərbaycan heç nə itirməyəcək.
Amma son qərarın yenə də Avropa Birliyinin Komissiyasının qərarına bağlanması bu məsələdə ciddi siyasi motivlərin olduğunu göstərir.
Bəzi mənbələrin xəbərinə görə, Avropa Birliyinin komissiyası sövdələşməyə dair qərarı qurumun bu ilin mayında Riqada keçiriləcək sammitinə qədər uzada bilər. Yanvar ayında Bakıda səfərdə olan Latviyanın dövlət katibi Adriys Pildeqoviç də hakimiyyətə mühüm mesajlar verib. Dövlət katibi Avropa İttifaqının bu ilin mayında keçiriləcək toplantısına toxunaraq bildirib ki, təşkilatçılar Azərbaycanın müzakirələrdə yüksək səviyyədə iştirakını gözləyirlər. Bununla artıq neçənci dəfədir Azərbaycana mesaj ünvanlanır ki, Avropa Birliyi Azərbaycanla münasibətlərdə daha geniş əməkdaşlığı istəyir. Amma rəsmi Bakı dəfələrlə bəyan edib ki, təşkilatla geniş əlaqələrə getmək niyyətində deyil. Azərbaycan Avropa İttifaqı ilə yalnız heç bir öhdəlik vəd etməyən “strateji əməkdaşlıq və modernləşdirmə” layihəsini təklif edir. Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin necə inkişaf edəcəyi böyük ölçüdə Riqa sammitində müəyyənləşəcək.
Azərbaycan hakimiyyəti də bu məsələdən ciddi siyasi motivləri olduğu qənaətindədir. İqtidarın nəzarətində olan media orqanlarının Yunanıstanın yeni hökumətinin bu addımını sərt tənqid etməsi də belə rəy yaradır. Hökumət mediası Yunanıstanın Avropa Birliyinin qərarını gözləməsini də təsadüfi saymır.
Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) ötən il noyabrın 29-da viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayıb. Vilnüsdə keçirilən III “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində sazişi Azərbaycan tərəfdən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, qarşı tərəfdən isə Avropa komissarı Ştefan Füle, Litvanın xarici işlər naziri Linas Linkyaviçyus imzalayıb. Sazış artıq qüvvəyə minib.
SOCAR “Petkim”dəki səhmlərinin bir qismini niyə satır?
Bu arada SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqinin hissələrinin 3,4%-nı satışa çıxarması ilə bağlı xəbərlər yayılıb. Bəzi mənbələr bunu şirkətin neftin qiymətinin düşdüyü bir vaxtda gerçəkləşməsini təsadüf hesab etmir. SOCAR fevralın 5-də bununla bağlı rəsmi açıqlama yayıb.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, satış əməliyyatı ABŞ-da yerləşən və beynəlxalq bazarlarda investisiya həyata keçirən xarici fondlara 4 türk lirəsi məbləğində vahid qiymətlə gerçəkləşdiriləcək. Əməliyyat Türkiyədə xarici hissə vasitəçiliyi sahəsində böyük nüfuz qazanmış “Ünlü&Co” şirkəti tərəfindən İstanbul Birjasının Topdansatış Bazarında icra olunacaq.
“SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru Kənan Yavuz satışla bağlı açıqlamasında bildirib ki, bu əməliyyat xarici investorların SOCAR və “Petkim”ə göstərdikləri yüksək etimad və etibarın göstəricisidir: “Bu hissələr 2009-2010-cu illərdə investisiya məqsədilə İstanbul Birjasından o zaman üçün çox ucuz hesab etdiyimiz 2.10 türk lirəsinə alınıb və buna görə də indiki satış əməliyyatından əhəmiyyətli bir ticari gəlir əldə olunacaq”.
İcraçı direktor satışın birja əməliyyatlarında yer alan hissələrdən edildiyini, SOCAR-ın “Petkim”dəki mövcud sahiblik statusunda hər hansı bir dəyişiklik yaratmadığını qeyd edib.
“Petkim”in hissələri ötən il İstanbul birjasında ən böyük 30 şirkət arasında ən yüksək dəyər artımına nail olması ilə diqqət çəkib. Xarici fondların “Petkim” hissələrini birjada son 7 ildəki ən yüksək qiymətə (4 türk lirəsinə) almaq istəyi bazarda holdinqin perspektivinə bəslənən etimadın bariz nümunəsi kimi dəyərləndirilir.(musavat.com)