Qubad İbadoğlu İsa Qəmbəri İstanbul aeroportunda qınadı
Ötən həftə Müsavat Partiyasından çıxarılan, başqanlığa keçmiş namizəd Qubad İbadoğlu ABŞ-a gedib. O, İstanbul aeroportunda “Azadlıq” radiosunun suallarını cavablandırıb.
Q.İbadoğlu bundan sonra hansı addımları atacağı, parlament seçkiləri öncəsi yeni partiya yaradıb-yaratmayacağı barədə suala belə cavab verib: “Fevralın 21-də Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təsis konfransı olacaq. Təsis konfransında ADR hərəkatının nizamnaməsi və proqramı, 2015-ci il üçün fəaliyyət planı və 2015-2018-ci il üçün strategiyası qəbul olunacaq. Toplantıda həmçinin ADR hərəkatının rəhbərliyinə seçkilər keçiriləcək. Onun mərkəzi idarəetmə strukturları formalaşacaq. Bu toplantıda ADR hərəkatının partiyaya çevrilməsi ilə bağlı müzakirələr gözlənilmir. Hərəkat ictimai birlik statusunda fəaliyyət göstərmək niyyətindədir. Təsis konfransından sonra hərəkatın sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim olunacaq”.
Q.İbadoğlu partiyadan çıxarılmasından sonra istefaların artmasına da münasibət bildirib. O, “buna son vermək üçün tərəfdarlarınıza “dur” deyəcəksinizmi” sualını cavablandırarkən deyib ki, Müsavat Partiyasında əks və tənqidi fikirli şəxslərə qarşı repressiyalar gedir: “Bir ailənin başçılığı ilə bir qrup partiyanı özəlləşdirmək istəyir. Amma biz buna yol verməyəcəyik. Bir də biz istefaların qarşısını almasaydıq, bəlkə də indiyədək yüzlərlə adam partiyadan getmişdi. Biz hər vəchlə istefaların qarşısını almağa çalışırıq. Bəzən buna nail oluruq, bəzən isə yox”.
Q.İbadoğlu hadisələrin bu həddə gəlməsində Müsavatın “real başqanı”nı, yəni İsa Qəmbəri qınadığını, “nominal başqan” deyə nəzərdə tutduğu Arif Hacılıya isə iradının olmadığını bəyan edib: “Baş verənlərə görə real başqanı qınayıram, nominal başqan sadəcə icraçıdır”.
Q.İbadoğlu bu gün bir qrup müsavatçının onun partiyadan uzaqlaşdırılması ilə bağlı rəhbərliyə müraciətinə də toxunub. Deyib ki, nəticəni gözləyir, istənilən nəticə əldə olunmasa, müvafiq qərarları olacaq.
O, “Müsavatdan uzaqlaşdırılmağınızla bağlı yaydığınız bəyanatda demisiniz ki, ilan ulduz görməsə ölməz, ulduzun görünməsinə – parlament seçkilərinə az qalıb. Nəyi nəzərdə tuturdunuz” sualına belə cavab verib: “Partiyanın indiki rəhbərliyinin nə yolla olursa-olsun parlamentə düşmək istəyini…”