Pənah Hüseyn: \”Əli Həsənova dedik ki, AXCP və Müsavat da gəlsin…\”
“Bu Azərbaycanda siyasi dəyişiklər üçün, hətta xırda uğurlar üçün demək olar ki, illüziya və reallığın sərhədində olan unikal bir şansdır”
Hazırda ölkə gündəminə daxil olan siyasi hadisələrdən biri – hakimiyyət təmsilçisi ilə müxalifət nümayəndələrinin görüşü mətbuatda ciddi müzakirə edilməkdədir. Bu görüşün ideya müəlliflərindən biri, AXP sədri Pənah Hüseyn mövzu ilə bağlı \”Yeni Müsavat\” qəzetinə müsahibə verib. Savash.org mövzunun aktuallığını nəzərə alaraq həmin müsahibəni təqdim edir:
– Pənah bəy, mətbuatdan məlum olduğu kimi 12 fevralda iqtidar müxalifət dialoqu baş tutdu. İlkin olaraq ümumi dəyərləndirmənizi eşitmək istərdik.
– Əvvəlcə qeyd edim ki, mən bu tədbirin adının hər halda, ölkədə fəaliyyət göstərən siyasi partiyalarla Prezident Administrasiyası rəsmilərinin görüşü kimi ifadə edilməsinə üstünlük verərəm. Hərçənd ki, görüşə iştirak edən partiyaların əksəriyyəti müxalifətdədir və ya siyasi kimliklərini müxalifət olaraq bəyan edirlər. Yeri gəlmişkən, deyilənə görə ötən dəfəki görüşdə olanlardan biri bu dəfə gəlməkdən imtina edib, o izahla ki, özünü müxalifətdə saymır. Mən hətta müxalifətçiliyi həqiqətən mübahisələndirilə bilən şəxslərin də qatıldığı belə görüşlərin iqtidar – müxalifət dialoqu kimi təqdim edilməsində də nə isə böyük bir fəlakət görmürəm, hətta buna dözməyi də mümkün hesab edirəm; bir şərtlə ki, hər halda ictimai rəydə müxalifət hesab olunan qüvvələrin hamısı olmasa da, əksəriyyəti orda iştirak etsin. Cəmiyyətdə hətta ilkin mərhələdə imitasyon xarakterli demokratik prosedurların, təsəvvürlərin qərarlaşması əlverişli situasiyalarda demokratikləşməyə doğru hərəkətin formalarından biri ola bilir. Qeyd edim ki, bu məsələ görüşdə xüsusi olaraq müzakirə mövzusu oldu. Təcrübə göstərir ki, bu tipli hadisələrdə prosesin real məzmunu qalır bir tərəfdə, diqqət bəziləri tərəfindən kim müxalifətdir, kim müxalifət deyil kimi axmaq və zərərli diskussiyalara cəlb edilir. Odur ki, təklif edildi, o cümlədən mən tərəfindən ki, formatın adı iqtidar –siyasi partiyaların görüşü kimi tanımlansın. Əli Həsənov da görüşdən sonra formatı bu şəkildə, daha dəqiqi hazırda siyasi səhnədə fəal olan siyasi partiyalarla görüş –dialoq kimi təqdim etdi. Eyni zamanda ekspertlərə, jurnalistlərə, şərhçilərə də tədbiri iqtidar -müxalifət dialoqu və ya başqa formada ifadə etməyə qadağa qoymaq olmaz. Xüsusən ona görə ki, bu ifadə də heç də kökündən yanlış deyil və onun doğruluğunu əsaslandırmaq üçün kifayət qədər dəlillər gətirmək olar. Yox, əgər kimlərsə , hesab edirlərsə ki, bunun dialoq adlandırılması üçün format, müzakirə predmeti əvvəlcədən birgə müzakirə edilib razılaşdırılmalıdır; elə axırıncı görüşün əsas məzmunu bundan ibarət idi və mətbuatdan məlum olduğu kimi bu istiqamətdə razılıqlar əldə olundu.
– Həmin razılıqları sadalayın xahiş edirik.
Birincisi, bu görüşlərin iki ay dövriliklə mütəmadi olaraq keçirilməsi. Eyni zamanda həmin görüşlər arası dövrdə siyasi partiyalar və Prezident Administrasiyası arasında görüşdə razılaşdırılmış məsələlərin reallaşdırılması, növbəti görüşlərin hazırlanması, o cümlədən qeyd elədiyim kimi, müzakirə predmetinin, mövzuların razılaşdırılması, təkliflər barədə qarşılıqlı məlumatlandırma və onlar üzərində birgə iş aparılması. Yəni, əgər baş tutsa idealda bir növ daimi fəaliyyət göstərən dialoq mexanizmi yaradılır. İkincisi, formatın konkret tərkibi. Razılaşdırıldı ki, dialoqda bir tərəfdən Prezident Administrasiyası digər tərəfdən siyasi partiyalar olsun. Bir məqamı mühüm sayaraq qeyd edim: Əli Həsənov bildirdi ki, o həm də hakim YAP və digər iqtidaryönlü partiyaları da təmsil edir. Bu istiqamətdə tövsiyə olundu ki, növbəti görüşdə iştirak edib – etməmələrindən asılı olmayaraq, Müsavat, AXCP, Ədalət partiyaları da dəvət edilsin. Onlarla birlikdə say edir 19 ya 20 siyasi partiya. Formatın fərdi tərkibi də belə razılaşdırıldı. Daha sonra növbəti görüşdə ictimai – siyasi baxımdan mühüm sayılan prioritet mövzular çərçivəsi müəyyənləşdirildi. Siyasi məhbuslar, Qarabağ, seçki islahatı, siyasi partiyaların fəaliyyətinə normal şərait yaradılması və s. xeyli problemlər səsləndirildi. “Azadlıq – 2015” seçki blokuna daxil olan 8 partiya adından təklif edildi ki, növbəti toplantının əsas mövzusu seçki islahatına həsr edilsin. Sonda razılaşdırıldı ki, təkliflər əsaslandırılmış şəkildə təşkilatçılıq edən PA ictimai siyasi şöbəsinə göndərilsin və yenə təklif müəllifləri ilə birlikdə apreldə keçirilməsi nəzərdə tutulan növbəti görüşə qədər ümumiləşdirilib , razılaşdırılıb hazırlansın. Və nəhayət, razılaşdırıldı ki, görüşdə müzakirə edilən məsələlərin şəffaf olması, ictimaiyyətə çatdırılması, ölkənin ictimai- siyasi həyatı üçün mühüm olan problemlər, onların həlli barədə fərqli baxışların, diskussiyaların təşkilində KİV- lərin, o cümlədən televiziyaların imkanlarından istifadə edilməsinə şərait yaradılsın. Mən açığını deyim ki, məsələn dünənki toplantıdakı müzakirə mühiti ictimailəşsə, cəmiyyətə ötürülə bilsə bu sahədə çox ciddi dəyişikliklər ola bilər.
– Ümumiyyətlə prosesin özünü necə dəyərləndirmək olar? Bəziləri bunu fundamental siyasi dəyişikliklərin başlanğıcı ola biləcəyini iddia edirlər.
– Bilirsiniz, nə bu prosesdən həddindən artıq eyforiyaya qapılıb, şişirdərək uzağa gedən nəticələr çıxarmağa, nə də hamının bildiyi şeyləri qabardıb bir rəngdə, özü də qara rəngdə təqdim etməyə lüzum yoxdur. Burda hər tərəfin, dilə gətirilən və gətirilməyən maraqları olduğu kimə aydın deyil ki? İqtidarın öz marağı var, prosesdə iştirak edən subyektlərin, hətta könüllü olaraq iqtidar taktikasının aləti rolunu qəbul edənlərin də öz marağı var. Bəzi dostlarımız haray- həşir salırlar ki, dava mandat davasıdır. Ya hansı bədbəxtinsə də marağı, nəfsi budur. Nə olsun! Məni cəlb edən odur ki, bu maraqlar toqquşmasından və uzlaşmasından nə isə tam fərqli bir nəticə alınması nə qədər aşağı ehtimal dərəcəsi olsa da qeyri mümkünsüz də deyil. Bu Azərbaycanda siyasi dəyişiklər üçün, hətta xırda uğurlar üçün demək olar ki, illuziya və reallığın sərhəddində olan unikal bir şansdır. Bir fürsətdir. Bir imkandır. Xəyal edək ki, nəticədə siyasi məhbus problemi birdəfəlik həlli oldu. Bir gündə Azərbaycanın siyasi rəngi dəyişər! Növbəti tədbir həqiqi iqtidar – müxalifət dialoqu, bütün real siyasi qüvvələrin iştirak etdiyi, predmetli dialoq ola bilər. İndi təklif olunan odur ki, ictimai – siyasi spektrin bütün sahələrinə dair fikirlərimizi bir – birimizin qarşısında ifadə edək, diskussiya aparaq. Bu günə olan budur. Və bu proses demokratik siyasi mübarizənin digər istiqamətlərini istisna etmir , onları tamamlayan bir vasitə kimi irəli sürülür. Tənqidçilərə isə deyirəm ki, tənqid etmək sizin hüququnuzdur. Ancaq insanları genidəyişdirilmiş kimi nalayiq ifadələrlə aşağılayıb ədəbsizlik etmək lazım deyil. Hər şeyin həddi var!
– Pənah bəy görüşdə çıxış etmisinizsə, çıxışınızın əsas tezisləri nədən ibarət oldu?
– Ölkədəki siyasi idarəçilik üsuluna prinsipial müxalifətdə olduğumuzu, hakimi siyasi rejimi avtoritar rejim kimi, ümumi siyasi vəziyyəti azad olmayan, demokratik olmayan siyasi situasiya kimi qəbul etdiyimizin altını cızaraq, eyni zamanda qarşı tərəfin siyasi iradəsi ortada olacaqsa dəyişikliklər, islahatlar naminə, ümummilli problemlər ətrafında iqtidarla əməkdaşlığa açıq olduğumuzu ifadə etdim. Bəzi KİV- lərdə başlanmış prosesin prezident İlham Əliyevin demokratikləşəm modelinin reallaşdırılması haqqında deyilənlərin jurnalist fantaziyasının, ekspert təxəyyülünün məhsulu olmadığına inanmaq istədiyimizi ifadə etdim. Siyasi məhbus probleminin bizim üçün ayrı –ayrı fərdlərin şəxsiyyəti, baxışları, fəaliyyətləri ilə bağlı olmadığını, bu məsələnin həllinin dəyişikliklər üçün iqtidarın hazır olmasının göstəricisi, simvolu olduğunu, eyni zamanda Azərbaycana dost olmayan, düşmən qüvvələrin bu məsələdən istifadə edərək Azərbaycan üzərinə səlib yürüşü açmağa imkan verdiyinə görə bir milli təhlükəsizlik məsələsi olduğunu dedim. “Ermənilərin Ağdamda nə işi var ki, orada öldürülsünlər”, kimi mesajları dəstəklədiyimizi, Qarabağ məsələsinin həlli istiqamətində siyasi partiyaların iqtidarla məsuliyyəti bölüşməyə hazır olduğunu bildirdim və bu və hakimiyyətin, hərbiçilərin, müxalifətin, ziyalıların, vətəndaş cəmiyyəti təşkilatlarının, Qarabağ müharibəsi veteranlarının iştirakı ilə bu məsələyə həsr olunmuş ümumxalq Qarabağ toplantısı keçirilməsini təklif etdim. Hazırda siyasi partiyalarla aparılan prosesin siyasi həyatımızda yeni bir mərhələnin başlanması üçün şans olduğunu və bunun reallaşması üçün bizdən asılı hərəkətlərə hazır olduğumuzu bəyan etdim.
– Pənah bəy, sonda bir məsələyə də aydınlıq gətirməyinizi istərdik. Mətbuatda toplantıdan qabaq sizin PA ictimai – siyasi şöbəsinin müdiri Əli Həsənovla təkbətək görüşünüz olması haqqında məlumat gedib. Bu barədə nə deyə bilərsiniz?
– Bütövlükdə proseslə , dünənki görüşün formatı, reqlamenti, predmeti və mövzuları ilə bağlı toplantıdan qabaq müzakirə istəyi ifadə olunmuşdu, razılıq əldə olunmuşdu və bu məqsədlə elə toplantının keçirilən Beynəlxalq Mətbuat mərkəzində həmin görüş reallaşdı.