Siyasət

“Belə bir addımın atılması Ermənistan üçün intihara bərabər olacaq” – Politoloq

“Rusiya Prezidenti Vladimir Putinin “Rossiya-24″ telekanalına müsahibəsi zaman Dağlıq Qarabağla bağlı sərgilədiyi mövqe vacib əhəmiyyət daşıyır və bir daha proseslərə aydınlıq gətirir”.

Savash.org xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

O qeyd edib ki, hazırda 10 noyabr razılaşmasından sonra Ermənistanda fikirlər parçalanıb:

“Baş nazir Nikol Paşinyan izah etməyə çalışır ki, “alternativ variantımız yox idi. Əgər bu sənəd imzalanmasaydı, bizi daha böyük fəlakət gözləyirdi və mən ordunun qalan hissəsini xilas etdim”. Ermənistandakı revanşist siyasi qüvvələr isə Paşinyanı xəyanətdə ittiham edir, onu istefaya çağırır və müvəqqəti hökumətin təşkili, erkən parlament seçkilərinin keçirilməsi və beləliklə 10 noyabr razılaşmasından imtina etmək xəttini ortaya qoyurlar. Bu reallıq fonunda Rusiya Prezidenti Vladimir Putinin hazırkı vəziyyətlə bağlı mövqeyi olduqca böyük əhəmiyyət kəsb edir və bizim üçün onun mövqeyində bir sıra vacib məqamlar var. Ən vacib məqamlardan biri odur ki, Putin açıq və birmənalı şəkildə bildirdi ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir, yəni Dağlıq Qarabağ ərazisi və ətraf 7 rayon. Bu, çox önəmli mesajdır”.

E.Nəsirovun sözlərinə görə, Rusiya Prezidentinin açıqlamasında diqqəti cəlb edən əsas məqamlardan biri Ermənistanın 10 noyabr razılaşmasından imtina etməsinin qeyri-mümkünlüyü ilə bağlıdır:

“Bilirsiniz ki, revanşist qüvvələr tez-tez bu razılaşmadan imtina edilməsi məsələsini qabardırlar. Putin isə bildirdi ki, belə bir addımın atılması Ermənistan üçün intihara bərabər olacaq. Bu çox dəqiq və prinsipial mövqedir. Yəni istər Paşinyan, istərsə də onun postuna keçməyə cəhd edənlər bilməlidirlər ki, bu sənədin əleyhinə çıxmaq nəticə etibarı ilə Yerevan üçün fəlakətə gətirib çıxara bilər. Yəni, bu sənəddən imtina yenidən hərbi əməliyyatların başlanması anlamına gəlir və hərbi əməliyyatların da Ermənistan üçün nə qədər fəlakətli olacağını anlamaq çətin deyil. Hesab edirəm ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən və yaxud da qalmasından asılı olmayaraq bu, rəsmi Moskvanın dəyişməz mövqeyi kimi qəbul olunur. Daha bir vacib məqam ondan ibarətdir ki, Putin Türkiyənin sülh prosesinə ciddi töhfə verdiyini, məhz Türkiyə ilə Rusiya əməkdaşlığının regionda təhlükəsizlik mənafeyinə xidmət göstərdiyini bəyan etdi”.

“Belə bir addımın atılması Ermənistan üçün intihara bərabər olacaq” -  Politoloq
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
iconv exists